İnsanlara hürriyət, millətlərə istiqlal!

Bir ildə üç anti-Azərbaycan bəyanatı

1450 11.08.2023 08:00 Media A A

Kilsələr Şurası ölkəmizdən nə istəyir?

Ötən həftəsonu Azərbaycandakı dini konfensiya rəhbərləri bəyanat yayaraq, Ümumdünya Kilsələr Şurasını ermənilərin təxribatçı təbliğatına uymamağa çağırıb. Onlar Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış suveren ərazisi olan Laçın-Xankəndi yolunda son günlərdə Ermənistanın süni şəkildə yaratdığı növbəti təxribatçı tamaşa - “TIR şousu” ətrafında gedən qərəzli bəyanatlara etiraz bildiriblər.

“Həqiqət ondan ibarətdir ki, Ermənistan tərəfindən ”humanitar yardım" adı ilə TIR yük maşınlarının Laçın nəzarət-buraxılış postuna yönəldilməsi öncədən düşünülmüş və beynəlxalq ictimaiyyətin diqqətini cəlb etmək məqsədilə törədilmiş anti-Azərbaycan təxribat kampaniyasının tərkib hissəsidir... TIR-ların qəsdən Azərbaycanın Laçın sərhəd postu istiqamətində problem yaratması, hadisənin “etnik təmizləmə siyasəti” və “humanitar böhran” kimi qələmə verilməsi erməni tərəfinin müntəzəm olaraq həqiqətləri təhrif etmək xislətinin növbəti təzahürüdür", - birgə bəyanatda vurğulanır.

Sənəddə həmçinin 30 illik işğal dövründə törədilmiş erməni vandallıqları, o sırada xalqımıza qarşı aparılmış etnik təmizləmə siyasəti, soyqırımı faktları bir daha yada salınır, təəssüflə qeyd olunur ki, erməni revanşistləri müxtəlif beynəlxalq təşkilatların tribunalarından ölkəmiz əleyhinə yenə iftira kampaniyaları aparır, hətta dini platformadan - xüsusilə Ümumdünya Kilsələr Şurasından öz məkrli siyasi məqsədləri üçün sui-istifadə edirlər: “Bir il ərzində Ümumdünya Kilsələr Şurasının Azərbaycan əleyhinə 3 bəyanatla çıxış etməsi ən azından ondan xəbər verir ki, bu silsilə təhdid kampaniyalarının təşkilində baş ideoloq kimi Ümumdünya Kilsələr Şurasının prezidentlərindən biri - Kilikiya erməni kilsəsinin başçısı I Aram, müəllif-icraçılardan isə - Mərkəzi Komitə sədrinin (moderator) müavini Aykazyan əsas rol oynayırlar. Bu xüsusda Ümumdünya Kilsələr Şurasının son zamanlar mütəmadi olaraq birtərəfli və qərəzli şəkildə ermənipərəst mövqedən çıxış etməsi ciddi təəssüf doğurur. Kilsə adını daşıyan təşkilatın barışdırıcı, sülhün təmin olunmasına töhfə verən və birgəyaşayışı təbliğ edən çağırışlarla çıxış etmək əvəzinə, mövcud vəziyyəti dinlərarası müstəviyə çıxararaq ”xristian təəssübkeşliyi" adı altında xristian-müsəlman qarşıdurmasına təhrik edən destruktiv mövqeyi və anti-Azərbaycan təbliğatı sülhə xidmət etmək istəyən dini təsisatın məram və məqsədinə uyğun gəlmir, həmçinin dinlərin ədalət prinsiplərinə ziddir... Bu proseslərdə Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) regiondakı fəaliyyəti xüsusi narahatlıq doğurur. Biz, Azərbaycanda fəaliyyət göstərən dini konfensiya rəhbərləri, bu Bəyanatımızla dünya ictimaiyyətini, xüsusilə Ümumdünya Kilsələr Şurasını bölgəmizdə sülhə və əmin-amanlığa maneə olan erməni təxribatçı təbliğatına uymamağa və həqiqətlərə söykənən məlumatlara diqqət yetirməyə çağırırıq".

Bəyanatı QMİ sədri, Azərbaycandakı Dağ Yəhudiləri İcmasının rəhbəri, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının katibi, Bakıdakı Avropa Yəhudiləri İcmasının rəhbəri və Alban-udi Xristian Dini İcmasının sədrləri imzalayıblar.

Qeyd etmək yerinə düşər ki, Ümumdünya Kilsələr Şurasının artıq bir ildə üç dəfə Azərbaycan əleyhinə bəyanat verməsi hansı anlama gəlir? Onlara kim cavab verməlidir?

Azər Hüseynov: “Savadlı və hikmətli ruhanilər yetişməlidir”

Azər Hüseynov

Siyasi şərhçi Azər Hüseynov mövzu ilə bağlı “Yeni Müsavat”a fikirlərini açıqladı. “Kilsələr Şurası. Bu ad özü bizi istiqamətləndirməlidir. Ölkəmizdə istənilən dini konfensiya rahat yaşayır” deyən ekspert əlavə etdi ki, bu bizim milli ənənəmiz və İslami prinsipimizdir: “Dinimizə və dəyərlərimizə düşmən olmayan hər kəsə, buyur, yaşa deyirik. Ona görə biz insani bir mədəniyyətik. Onu da qorumalıyıq. Qarşımızda iki mədəniyyət tipi var. Ultra sekulyar Qərb. Onun dili maraqlardır. Maraqları təmin edildiyi miqdarda ölçüsünü götürür. Hətta özünə dəyər elan etdiyi məqamları da gözardı edə bilir. İndi də Rusiya xofu var.  İkincisi isə, xaçlı zehniyyətidir. Bu zehniyyətin qalaları da bu cür qurumlardır. Kilsələr Şurası və ya digərləri. Ona görə bu qurumlardan xeyrimizə nə isə gözləməyə dəyməz. Bunlara bizim xristian vətəndaşlar cavab verməlidirlər. Sağ olsunlar, veriblər. İndi nə etmək lazımdır. Biz xristian icmaları olan vətəndaşlarımızdan heyət hazırlamalıyıq və onlar bu quruma getməlidirlər. Deməlidirlər ki, Azərbaycanda dininə, irqinə görə heç bir xristiana, yəhudiyə diskriminasiya yoxdur. Mən buradan təklif edirəm ki, Azərbaycan qeyri-müsəlman icmalarının beynəlxalq missiyası formalaşdırılsın. Çünki biz müsəlmanları göndərsək, neoxaçlılara xeyri olmayacaq. Bunu da edəndən sonra yenə nə isə bəyanat filan versəcəklər. Bunların kimliyini ”iqnora" qoymaq lazımdır. Biz heç bir zaman heç kimi dininə görə incitmədik. Biz Səlcuq, Osmanlı, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvi, Əfşar, Qacar mədəniyyətinin övladlarıyıq. Onlar isə inkvizisiya mədəniyyətinin. Biz irqçiliyin fəlsəfəsini yazmadıq. Sosial darvinizm və faşizm bizdə doğmadı. Seqreqasiya və aparteid də bizdən çıxmadı. Biz tolerant toplumuq. Görünür, bunlar onu anlamaz".

Yazını hazırladı: Afaq MİRAYİQ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR