İnsanlara hürriyət, millətlərə istiqlal!

Berlində 75 min yəhudini evsiz qoyan nazir – Ömrünün sonuna qədər Hitlerlə...

3310 08.10.2023 12:50 Yaxın tarix A A

“Sən Moskvanı yenidən tikəcəksən. Böyük Almaniyanın tərkibində olan SSRİ ərazilərində sənin yeni layihələrin reallaşacaq. Yaxın gələcəkdə biz SSRİ-ni tam təslim etdikdən sonra mən bu ölkəni sənə tikinti meydanı kimi təhvil verəcəyəm. Bizim qarşıda görüləsi işlərimiz çoxdur və bu işlərin icrasında sənin gücün, bacarığın, istedadın Böyük Almaniyanın gələcəyi üçün vacibdir...”

Bu ifadələri 1941-ci ilin dekabrın 30-da Adolf Hitler nasist rəhbərləri ilə görüşündə Albert Şpeerin ünvanına səsləndirib. Fürer bu ifadələri ilə həm də 3-cü Reyx rəhbərləri qarşısında Şpeerə olan etimadını, güvənini, inamını nümayiş etdirib.

Hitlerin sevimlisinə çevrilən Albert Şpeer kim olub, o, hansı xidmətlərinə və göstəricilərinə görə fürerin etimadını qazanıb?

1905-ci ildə Almaniyanın Manqeym şəhərində anadan olan Şpeer orta təhsilini başa vurduqdan sonra əvvəlcə Berlində mühəndis ixtisasına yiyələnib. Daha sonra o, Münhen Universitetinin memarlıq fakültəsini bitirib. Şpeer tələbəlik illərindən ictimai fəallığı ilə fərqlənib və o, 1931-ci ildə siyasi baxışlarını müəyyənləşdirərək nasist partiyasına üzv olub. İlk əmək fəaliyyətinə doğma şəhərində başlayan Şpeer Manqeymdə öz şəxsi memarlıq bürosunu yaradıb. Bu kiçik büroda Şpeer əsasən nasist partiyasının sifarişlərini icra edib. Əyalətlərdə partiyanın qərargah binalarının inşası ilə məşğul olub.

2YlK2SlqKkA.jpg (136 KB)

Kifayət qədər çevik, ünsiyyətcil və özünü tanıtmağı bacaran Şpeer 1933-cü ildə ilk böyük sifarişini qəbul edib. Hitlerin ən yaxın silahdaşlarından biri olan Yozef Göbbels rəhbərlik etdiyi Təbliğat Nazirliyinin yeni inzibati binasının tikintisini məhz Şpeerə həvalə edib. Bu binanın inşası Şpeerin gələcək karyerasında yeni mərhələ açıb. Belə ki, inzibati binanın rəsmi açılışında Hitler də iştirak edib. Bu fürsəti əldən verməyən Şpeer tədbir zamanı fürerlə yaxından tanış olmağa imkan tapıb. Qısa görüş və söhbət zamanı Şpeer Hitlerdə müsbət təəssürat yaratmağı bacarıb. Elə həmin görüş zamanı Hitler Şpeerin işi haqqında müsbət fikirlərini bildirib və onu özünün şəxsi memarı Paul Troosta müavin təyin edib. 1934-cü ildə Troost vəfat etdikdən sonra Şpeer fürerin şəxsi memarı kimi fəaliyyətini davam etdirib. 1937-ci ildə isə Hitler Şpeeri Berlinin tikinti üzrə baş inspektoru təyin edərək paytaxtın yenidən qurulması işini ona tapşırıb.

İlk baxışdan mədəni və ziyalı təəssüratı yaradan Şpeer Berlinin yenidən qurulması prosesində özünün əsl iç üzünü biruzə verib. Maddi zənginliyə meylliliyi onun cəllad xislətini də açıb. Belə ki, o, Berlindən 24 min mənzilə sahib olan 75 min yəhudinin qovulmasına nail olub. Boşalan mənzillər və onların içərisindəki qiymətli əşyalar, o cümlədən rəsm əsərləri Şpeeri bir neçə ay ərzində milyonçuya çevirib.

Şpeer eyni vaxtda bir neçə vəzifəni icra edib. 1942-ci ildə Hitler ona daha bir yüksək vəzifəni həvalə edib. Şpeer silahlandırma və sursat naziri təyin edilib. O, bu vəzifədə müdafiə sənayesi sahəsində kifayət qədər ciddi göstəricilərə nail olub.

362083_23_i_002.jpg (76 KB)

İşinin gərginliyinə baxmayaraq, Şpeer Hitlerin təşəbbüsü ilə daha bir işə cəlb edilib. Əsir düşərgələrinin yaradılmasına və tikintisinə Şpeer rəhbərlik edib. O bu işdə mümkün olan bütün işgəncələrin həyata keçirilməsi üçün düşərgələrdə lazım olan bütün “şəraiti” yaradıb.

Şpeer Hitlerin ətrafındakı nadir şəxslərdən biri olub ki, onun istənilən vaxt fürerlə görüşmək səlahiyyəti olub. Bu səlahiyyəti ona şəxsən Hitler özü verib. Ümumiyyətlə, Hitler Şpeerlə təkcə onun sahəsinə aid olan məsələləri deyil, digər mövzuları da müzakirə edib.

Hitlerin Şpeer haqqında planları böyük olub. O, gələcəkdə SSRİ ərazilərində tikinti, yenidənqurma və bərpa işlərinin aparılmasını da Şpeerə həvalə edəcəyini düşünüb. Amma müharibənin gedişi həm Hitlerin, həm də Şpeerin arzularını yarımçıq qoyub.

Almaniyanın məğlubiyyətindən sonra Albert Şpeer də digər nasist rəhbərləri kimi həbs olunub. Hərbi və insanlığa qarşı cinayətlərdə günahlandırılan Şpeerlə bağlı Nürnberq məhkəməsində qərar çıxarılması səkkiz hakimə həvalə olunub. Onlardan 3 nəfər Şpeerin ölüm hökmünə, 1 nəfər ömürlük azadlıqdan məhrumetmə cəzasına, 4 nəfər isə uzunmüddətli azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsinin tərəfdarı olub. Son hökmlə Albert Şpeer 20 il müddətinə azadlıqdan məhrum edilib.

LABcoqcjNDs.jpg (67 KB)

Cəza çəkdiyi müddətdə Şpeer dəfələrlə cəza müddətinin azaldılması ilə bağlı müxtəlif instansiyalara müraciət etsə də, bu müraciətlərin heç birinin nəticəsi olmayıb. O, yalnız günə gün 20 təqvim ilindən sonra azadlığa buraxılıb.

20 illik məhbus həyatından sonra Şpeer özünü və həyatını çox qəsa bir müddətdə bərpa etməyi bacarıb. O, əvvəlcə Berlində yəhudilərdən əldə etdiyi və gizlətdiyi qiymətli rəsm əsərlərini anonim yolla satışa çıxararaq milyonlara sahib olub. Daha sonra Şpeer öz şəxsi vəsaiti hesabına müəllifi olduğu “Xatirələr” və “Gizli gündəlik” kitablarını çap etdirib. Kitablar kütləvi tirajla çap olunub və böyük oxucu auditoriyası qazanıb. Kitablardan əldə olunan gəlir Şpeerin büdcəsini daha da zənginləşdirib.

Ömrünün sonuna qədər zəngin həyat tərzi sürən Şpeer heç vaxt özünü ictimaiyyətdən və kütləvi informasiya vasitələrindən gizlətməyib. O, Hitlerlə yaxın dostluğundan həmişə həvəslə danışıb və bununla qürur duyduğunu bildirib.

Albert Şpeer 1981-ci ildə, 77 yaşında vəfat edib.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR