İnsanlara hürriyət, millətlərə istiqlal!

Baydenin Əliyevə məktubundakı bir cümlə... – Paşinyanı imza atmağa qoymayan kim?

2465 20.05.2023 13:51 Yazarlar A A

ABŞ prezidenti Co Bayden 28 May Müstəqillik Günü münasibətilə azərbaycanlı həmkarı İlham Əliyevə məktub göndərib. Orada deyilir ki, Azərbaycanla Birləşmiş Ştatlar arasındakı tərəfdaşlıq regionda inkişafı təmin edib.

“Biz birlikdə terrorizmlə mübarizə aparır, narkotiklərin qanunsuz dövriyyəsinə qarşı tədbirlər görür və kütləvi qırğın silahlarının yayılmasının qarşısını alırıq. Xüsusən Rusiyanın Ukrayna xalqına qarşı qəddar müharibəsi dövründə Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində biz bir yerdə olmuşuq. Birləşmiş Ştatlar Cənubi Qafqazda gələcək nəsillər üçün təhlükəsizlik və inkişafı təşviq edəcək, Azərbaycanla Ermənistan arasında dayanıqlı və ədalətli sülhü dəstəkləmǝyǝ davam edəcək”, - deyə Ağ Ev rəhbəri vurğulayıb.

Doğrudur, Müstəqillik Gününə hələ 8 gün var. Ancaq tələskənlikdən daha önəmlisi məktubda “Dağlıq Qarabağ”, “Dağlıq Qarabağ konflikti”, “Dağlıq Qarabağ xalqı” ifadələrinin yer almamasıdır. Yadınıza gəlirsə, 44 günlük müharibədən az sonra Ağ Ev başçısı Azərbaycan-Ermənistan münasibətlərindən danışarkən “Dağlıq Qarabağ xalqı” ifadəsini işlətmişdi.

Nəzərə alsaq ki, cənab Bayden siyasi baxışları etibarilə ermənipərəst birisidir, Konqresdə erməni lobbi qrupunun üzvü olub və ABŞ-ın ilk prezidentidir ki, mifik “erməni soyqırımı” haqda qətnaməni imzalayaraq 24 apreldə “genosid” deyib, o zaman bunu yetərincə ciddi dönüş saymaq olar. Yəqin ki, Azərbaycana münasibətdə daha ədaləti mövqe tutmasında ona məsləhətçiləri, özəlliklə nizamlama prosesinin içində olan amerikalı siyasi fiqurlar və diplomatlar, o sırada dövlət katibi Entoni Blinken yardımçı olub.

Bütün hallarda, fərq eləməz. Əsas əlbəttə ki, nəticədir. Nəticə isə budur ki, Azərbaycanla Ermənistan arasında Baydenin təbirincə desək, “dayanıqlı və ədalətli sülh”ə nail olmaq üçün ABŞ Rusiyadan qat-qat səmimi görünür. Hər necə olmasa, status söhbətini daha ortaya atmır. Qarabağda qanunsuz erməni silahlı birləşmələrini indiyədək tərksilah eləməyən, əksinə, onlara var gücü ilə “krışalıq” edib Qarabağda suverenliyimizin tam bərqərar olmasını əngəlləyən, öz prezidenti Putinin imzasına tüpürən də Rusiyadır, ABŞ yox (10 noyabr 2020 kapitulyasiya sənədi, 22 fevral 2022 Moskva Bəyannaməsi və s.)!

Hələ Kremlin başı Ukraynaya qarışıb. Qarışmasaydı, gör Qarabağda hansı hoqqalardan və oyunlardan çıxardı. İnşallah, Ukrayna bataqlığından tezliklə çıxmaz. Ardınca da 500 illik “xalqlar həbsxanası” olan Rusiya “tikişlər üzrə” param-parça olar, dünyanın canı torpaq iştahası bitib-tükənməyən “velikorus şovinizmi”ndən qurtarar...

Qayıdaq bölgəmizə.

Heç şübhə yox ki, Bakı və İrəvan arasında Moskvanın son sülh çabaları imitasiyadan başqa bir şey deyil, Yəni enində-sonunda imperiya maraqlarını qorumağa, hətta onun ərazisinin böyütməyə hesablanıb. Aydın görünür ki, Rusiya düşdüyü acınacaqlı durumu nəzərə alaraq, konfliktin təzədən “dondurlması”na çalışır ki, nə vaxtsa yenidən alovlandırsın (“Status” məsələsini gələcəyə saxlamağın tək anlamı bu). Çünki bölgədə öz hərbi varlığını sürdürməyin ayrı yolunu görmür.

Birləşmiş Ştatlar üçün isə belə bir problem mövcud deyil. Ondan ötrü Azərbaycanın Qarabağda yaşayan erməni əhalinin hüquq və təhlükəsizliyinə zəmanət verməsi kifayət edir. Di gəl, ermənidən çox ermənilik edən rus buna qane olmur - hətta erməni bizimlə razılaşsa belə! O üzdən “Qafqaz qaraçıları”nı üstümüzə qızışdırır, onlara statusla bağlı şirnikləndirici vədlər verir. Qısası, münaqişənin bitməsini istəmir, vəssalam.

Azərbaycanın yaxın perspektiv üçün ən böyük problemi də elə bu olacaq: Ermənistanı yox, Rusiyanı razı salmaq, ram eləmək. Ermənistana sülh sənədini imzalatmağa nə var ki. Əsas Paşinyanın əlindən tutub imzalamağa qoymayan gücü – Rusiyanı neytrallşdırmaqdır...

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR