İnsanlara hürriyət, millətlərə istiqlal!

Basqıya və basqına məruz qalan basklar – Fransa bu xalqın hüquqlarını tapdayır

1871 08.03.2024 12:45 Analitika A A

Avropa qitəsinin qərb qurtaracağında, Fransa və İspaniyanın qovşağında, Pireney yarımadasının qərbində və Biskay körfəzinin sahilində bir xalq yaşayır. Onları basklar adlandırırlar.

İspaniyanın şimalında kompakt yaşayan baskların sayı 2008-ci il siyahıyaalmasına görə, 2.359.400 nəfər olub. O vaxtdan bəri, yəni 14 ildə artıb 3 milyona çatmış olarlar.

İspaniyada yaşayan basklarla Fransada yaşayan basklar qonşudurlar. Onların da sayı 230.200 nəfərdir. Bu, o deməkdir ki, İspaniya və Fransa basklar ölkəsini – Baskoniyanı iki hissəyə (böyük və kiçik tikələrə) ayırıb, öz aralarında pay-bölüş ediblər. Bundan əlavə, təxminən 15 milyon bask dünyanın müxtəlif ölkələrində (əsasən də Latın Amerikasında) yaşayır. İspaniya və Fransada yaşayan baskların yalnız üçdə biri bask dilində danışır. Çünki bu xalq tədrici assimlyasiyaya məruz qalıb və qalmaqdadır.

Təsəvvür edin, 82 min əhalisi olan Andorra, 39 min sakinə malik Lixtenşteyn, 515 min vətəndaşın evi olan Malta, 38 min adamdan ibarət Monako, yerli icması güc-bəla 34 minə çatan San-Marino, bunlardan çox da böyük olmayan Cəbəllütariq, Lüksemburq, Vatikan və başqaları müstəqil dövlətdirlər, amma 18 milyonluq baskların və 10 milyonluq katalonların, eləcə də korsikalıların milli dövləti yoxdur və onlar bölünmüş, parçalanmış halda yaşayırlar.

Bu, ona görə belədir ki, İspaniya və Fransa bu xalqların öz müqəddəratını təyin etmək hüququnu tanımır. Onlar üçün “Baskoniya” yalnız məşhur basketbol komandasının adıdır.

Düzdür, İspaniyada yaşayan baskların geniş muxtariyyatı var, amma müstəqil dövlət deyil. Bask ölkəsinin paytaxtı Vitoriya-Qasteizdir. Bundan başqa, ölkənin iki böyük şəhəri də var: Bilbao, Donostiya-San Sebastyan. Bask ölkəsinin turizmdən qazandığı pullar İspaniya büdcəsinə köçürülmür, muxtariyyatın özündə xərclənir.

İspaniya basklarıyla Fransada yaşayan baskların hüquqları arasında fərq çox böyükdür. Fransa basklarının ana dilində məktəbləri yoxdur və heç bir muxtariyyata malik deyillər. Fransa hökuməti çalışır ki, ümumiyyətlə, bu xalqı öz içində tam əritsin, nə bask xalqı olsun, nə də bask dili.

Fransada yaşayan basklar bu siyasətdən narazıdırlar və vaxtaşırı etiraz aksiyası keçirirlər. Belə hallarda Fransa hökuməti milli qvardiyanı, jandarmları, təhlükəsizlik xidmətini və sair əli silah tutan hökumət güclərini əyalətə tökür, insanları silah və qandal gücünə ram edirlər.

DA611EE4-618B-45A6-8CE7-53531D9B3C10_cx0_cy4_cw0_w1023_r1_s.jpg (118 KB)

      Fransada həbs olunmuş bask separatçısı, ETA üzvü Urrutikoeçea Bengoeçea

Basklar qədim Avropa xalqlarından biri olsa da, etnogenezlərinə aid mübahisə var. Onlar tarixən digər Avropa xalqlar ilə qaynayıb-qarışıblar, bask dili isə təcrid olunmuş dil hesab edilir. Baskların Qafqaz xalqları ilə qohum olduqları versiyası da var. İddia olunur ki, onlar gürcülərlə və ermənilərlə qohum xalqlardır. Son illərdə özlərini necəsə Avropaya yamamaq istəyən ermənilər üçün basklarla əlaqəli olmaq sərfəli variantdır.

Amma belə olanda ortaya sual çıxır. Son 110 ildə (hətta ondan da əvvəl) ermənilərlə ciddi müttəfiqlik əlaqəsi yaradan, I dünya müharibəsinin axırında Anadoluda (Kahramanmarş, Qaziantep və Şanlıurfada) türklərə birlikdə məğlub olan, 1988-ci ildən sonra bu dostluğu yenidən bərpa edən, son üç il yarımda isə Ermənistanla öz Şampan əyaləti arasında fərq qoymayan Fransa nə əcəb “ermənilərlə qohum olan” baskların halal haqqını tanımır, onlara siyasi basqı və fiziki basqın edir, amma Avropanın bu biri qurtaracağındakı ermənilər üçün ərazi və suverenitet davası aparır?

Yoxsa öz ölkəsindəki separatizm hərəkatını jandarmla boğduran fransızlar bizi əfəl və ya üzüyumşaq hesab edir? Bu, artıq ikili standart da deyil, öz gözündə tiri görməmək xəstəliyidir. Öz ərazində yaşayan 230 min baska heç bir muxtariyyat vermə, 120 min qarabağlı erməninin bir kiçik regionda ikinci dövlətə malik olmasını tələb et - əcəbdir.

etttta.jpg (7 KB)

                                                   ETA üzvləri

Bask separatizmi isə məcburiyyət üzündən yaranıb. Elə bask millətçiliyi də xalqın özünüqoruma instinktindən doğub. İspaniyada Fransisko Franko diktaturasının sonunda ETA abbreviaturası ilə tanınan gizli bask təşkilatı (Euskadi Ta Askatasuna) yaranıb. Təşkilatın məqsədi diktaturadan qurtulmaq və müstəqil Bask dövlətinin yaradılması idi. Bunun üçün ETA bütün İspaniyada məqsədyönlü şəkildə terror hücumları həyata keçirib. ETA maliyyələşdirmə üsullarından biri kimi sahibkarları şantaj edərək onları qondarma “inqilab vergisi” ödəməyə məcbur edib, bank quldurluğu və adam oğurluğu ilə məşğul olub.

Son illərdə isə basklar həm İspaniyada, həm də Fransada yalnız dinc, siyasi mübarizə üsullarından istifadə edirlər, amma hər iki dövlət baskların milli dövlətçiliyinə qarşıdır və dövlətə qarşı çıxanları ağır cəzalara məhkum edirş

Araz Altaylı, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR