İnsanlara hürriyət, millətlərə istiqlal!

Banklardan pul çıxarmağın çətinləşməsinin pərdəarxası

3546 06.04.2017 08:20 İqtisadiyyat A A

Əkrəm Həsənov: “Dövriyyədə pulun azalması ödəniş sistemini iflic edib”


Son vaxtlar banklardan nağd pul çıxarışlarında problem yaşanır. Bunun səbəbi bəzi banklarda likvitliyin aşağı olmasıdır. Səbəbin nə olmasından asılı olmayaraq, yaşanan durum iş adamlarına problem yaradır. Digər tərəfdən, nağdlaşdırma zamanı 1 faizlik verginin tutulması da əhalini narazı salıb.


Təkcə şəxsi hesablardakı vəsaitin deyil, maaş və təqaüdlərin də hesabdan çıxarılmasında problem var.
Bu məsələdə bankların işinə yarayan digər bir yenilik isə ölkədə nağd şəkildə maaş verilməsinə məhdudiyyət qoyulmasıdır. Məlumat var ki, aprelin 1-dən etibarən ödəmələr tamamilə nağdsız yolla həyata keçiriləcək. Bu qanunlar Cinayət Məcəlləsinə əlavə edilən yeni dəyişikliklərdə nəzərdə tutulub.


Qanuna əsasən, Azərbaycan Respublikası ərazisində mülki dövriyyənin iştirakçıları arasında aparılan əməliyyatların və hesablaşmaların şəffaflığını, istehlakçıların hüquqlarının müdafiəsini təmin etmək, nağd pul hesablaşmalarının nağdsız hesablaşmalarla əvəzlənməsini stimullaşdırmaq, bank sisteminin inkişafını sürətləndirmək məqsədilə “Nağdsız hesablaşmalar haqqında” 23 dekabr 2016-cı ildə qanun qəbul edildi. Qanunun nağdsız hesablaşmaların həyata keçirilməsi ilə bağlı müddəası ƏDV ödəyicilərinə münasibətdə 2017-ci il yanvarın 1-dən, digər vergi ödəyicilərinə münasibətdə isə 2017-ci il aprelin 1-dən qüvvəyə minir. Qanuna əsasən nağdsız hesablaşma dedikdə bir şəxsin bank hesabından digər şəxsin bank hesabına köçürülməklə, eləcə də ödəniş vasitələri, ödəniş terminalları və birbaşa nağd qaydada satıcının bank hesabına köçürülməklə həyata keçirilən hesablaşmalar nəzərdə tutulur.


“Yeni Müsavat”a açıqlamasında bütün bunları izah edən iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, ümumilikdə ötən 2 ildə ölkənin pul bazası 4 dəfə azalıb: “Mərkəzi Bank manat kütləsini sıxır ki, devalvasiya və inflyasiyanın qarşısını alsın. Dövriyyədə pulun azalması ödəniş sistemini iflic edib. Bankların da əmanət həcmi azalır, problemli kreditləri isə artır. Belə şəraitdə, təbii, heç kəs əlində olan pulu vermək istəmir. Xüsusən də banklar. Ötən ilin sonunda ”Nağdız hesablaşmalar haqqında" Qanunun qəbulu və nağdlaşdırmaya görə sahibkarlardan və hüquqi şəxslərdən 1 faizlik əcaib verginin tutulması da banklara kömək məqsədini daşıyır. Amma reallıqda banklar bu qanunlardan sui-istifadə edir. Bəli, qanuna görə, hazırda hüquqi şəxslər başqasına ayda maksimum 15000 (bəzi hüquqi şəxslər 30000) manat nağd ödəniş edə bilər. Amma bu heç də o demək deyil ki, hesabından bundan artıq pul çıxara bilməz. Düzdür, bu halda onsuz da 1% vergi ödəyəcək. Amma bu şəxsin öz puludur, çıxarıb çıxarmayacağına özü qərar verir. Əsas odur ki, çıxardığı pulu başqasına ödəyəndə limiti pozmasın".


İqtisadçının sözlərinə görə, banklar yalandan müştərilərə deyir ki, guya ayda limitdən çox pul çıxarmaq olmaz: “Sadəcə, əllərində pul qalsın deyə yalan deyirlər. Palata da onlara susmaqla dəstək verir, çünki Palata da banklardan maliyyələşir, büdcədən pul almır. Bir sözlə, özbaşınalıq baş alıb gedir. Təbii, nəticədə ona nail olacaqlar ki, hamı pulunun bank sisteminə daxil olmasına mane olacaq. Bu minvalla ölkəmiz natural təsərrüfata, barter dövriyyəsinə kimi geriləyə bilər”.


Ə.Həsənov hesab edir ki, təqaüd və maaşların bankomatlardan çıxarılması problemi də bunun davamıdır: “Sadəcə, pul çatmır. Təbii, bu, qanun pozuntusudur, banklar müştərilərini pulla təmin etməlidir. Amma Mərkəzi Bank pul vermirsə, müştərilər də pulu geri çəkirsə, banklar nə etsin? Əmək haqlarının da nağdsız ödənilməsi tələbi banklara kömək məqsədini daşıyır və ”Nağdsız hesablaşmalar haqqında" Qanunun tələbidir. Amma əmək haqlarının nağdsız verilməsi hamıya aid deyil. Belə ki, illik dövriyyəsi 200000 manatı ötməyən pərakəndə ticarət, iaşə və xidmət subyektləri əvvəlki kimi nağd da ödəyə bilər əmək haqqını. Amma nəzərə alsaq ki, ölkədə əmək haqlarının xeyli hissəsi qeyri-rəsmi verilir (vergidən yayınmaq üçün) problem onsuz da tam həll olunmur. Bankomatlardan pulun çıxarılması problemi də yarandığı üçün çoxu yayınmağa davam da edəcək".


Ekspertin fikrincə, bu sərt inzibati addımlar əks nəticələr verə bilər: “Nağdsız hesablaşmaları stimullaşdırma yolu ilə aparmaq lazım idi. Məsələn, nağdsız ödənişlər üzrə vergi güzəştləri və s. Cari vəziyyət isə ödəniş sisteminin ardınca iqtisadiyyatın da bütövlükdə iflicinə gətirə bilər”.


Nərgiz LİFTİYEVA

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR