İnsanlara hürriyət, millətlərə istiqlal!

“Bank of America”: “Neftin qiyməti 130 dollar ola bilər"

579 20.04.2024 08:01 Ölkə A A

Əksər analitik mərkəzlər İsrail və İran arasında müharibə ehtimalının neft bazarına təsirlərini proqnozlaşdırır

Yaxın Şərqdə münaqişələrin getdikcə daha təhlükəli məcraya yönəlməsinin dünya iqtisadiyyatına təsirləri beynəlxalq medianın əsas müzakirə mövzularından birinə çevrilib. Əksər analitik mərkəzlər İsrail və İran arasında müharibə ehtimalının xüsusilə neft bazarına təsirlərini qiymətləndirməklə hadisələrin müxtəlif inkişaf variantlarını proqnozlaşdırırlar. 

Bu baxımdan, “Bank of America”nın proqnozları ciddi maraq doğurur.  Bank analitiklərinin fikrincə, İsraillə İran arasında böhran açıq müharibəyə keçər və bir neçə ay davam edərsə, dünya neft bazarında böyük volatilliyə səbəb olar: neftin qiymətini 130 dollara qədər yüksəldə bilər. 

CNBC xəbər verir ki, “Bank of America”nın proqnozuna görə, hərbi əməliyyatlar uzun müddət davam edərsə və enerji infrastrukturuna təsir edərsə, biz “qara qızıl”ın bir barelinin qiymətinin 30-40 dollar artmasını gözləyə bilərik. Bu zaman “Brent” markalı neftin qiyməti ikinci rübdə 130 dollara, Amerika neftinin qiyməti isə 123 dollara yüksələ bilər. Bu ssenari İranın neft hasilatının müharibə səbəbindən gündə 1,5 milyon barel azalacağını nəzərdə tutur.

OPEC+ razılaşması yalnız bu şərtlə bağlana bilər

İrandan ixracın dayanması şəraitində OPEC+ razılaşmasının iştirakçıları hasilatı və ixracı artıracaqlar. Bu isə dünyada neftə olan tələbatın artması fonunda ehtiyat hasilat güclərinin kəskin azalmasına gətirib çıxaracaq. Nəticədə 2025-ci ildə “Brent” markalı neftin qiyməti 100 dollar səviyyəsində qərarlaşacaq, ABŞ nefti isə 93 dollara satılacaq.

Qeyd edək ki, ötən şənbə İranın İsrailə hava zərbələri endirməsi nəticəsində dünya neft bazarında qiymətlər 96 dollara qədər yüksəldi. Lakin son günlərdə genişmiqyaslı müharibə ehtimalının azalması fonunda neft qiymətləri yenidən 86 dollar ətrafına qayıtdı. Aprelin 19-na keçən gecə İranın İsfahan şəhəri yaxınlığında yerləşən hərbi bazasının vurulması qısa müddətdə neft qiymətlərinin 3 dollara qədər bahalaşmasına səbəb olsa da, gərginliyin artmaması fonunda yenidən azalmağa başlayıb. 

Bir sıra ekspertlərə görə, hətta Yaxın Şərqdə və Rusiyadakı hadisələr olmasa belə, neft qiymətləri tələbin artması nəticəsində yüksələcəkdi. Belə ki, OPEK+ razılaşmasının iştirakçıları neft hasilatında azalmaya dair qərarın müddətini uzadıblar. Razılaşmaya qoşulan bir sıra ölkələr ikinci rüb ərzində könüllü olaraq neft hasilatını ümumilikdə gündəlik təxminən 2,2 milyon barel azaltmağa davam edəcək. 

OPEC+ razılaşması olmadan neftin mümkün bazar qiyməti açıqlanıb | marja.az

Bu azalma fonunda fevral ayında qlobal neft tələbatı yanvar ayı ilə müqayisədə gündəlik 1,2 milyon barel artaraq son beş ilin ən yüksək səviyyəsinə çatıb. Birgə Təşkilatların Məlumat Təşəbbüsünə (JODI) görə, bu, benzinə tələbatın artması və Hindistanda rekord yüksək neft istehlakı sayəsində mümkün olub.

JODI-yə məlumat verən 38 ölkədə qara qızıla tələb fevral ayında gündəlik 1,1 milyon barel artıb. Neft istehlakındakı sıçrayış əsasən benzin və aviasiya yanacağına tələbatın artması ilə əlaqədardır.

Qlobal neft tələbatının artmasında digər mühüm amil Hindistanda bu yanacağın istehlakının çoxalmasıdır. JODI-nin məlumatına görə, fevral ayında bu rəqəm gündəlik rekord 5,59 milyon barelə yüksəlib. Ölkədən neft məhsullarının ixracı son 5 ilin ən yüksək səviyyəsinə çatıb.

Fevral ayındakı hesabatda 2024-cü ildə neftə olan gündəlik qlobal tələbatın 1,22 milyon barel artımını proqnozlaşdıran Beynəlxalq Enerji Agentliyi bir ay sonra rəyini dəyişib. Mart ayında BEA birinci rübdə qeyri-OPEC ölkələrindən neft təklifi proqnozunu sutkada 100 min barel artıraraq 102 milyon barelə çatdırıb, 2024-cü ilin sonu üçünsə 900 min barel azaldıb - 102,9 milyon barelə salıb.

Əvvəlki proqnozunda agentlik cari ilin sonunda bazarda gündəlik neft təklifinin tələbdən 0,8 milyon barel çox olacağını gözləyirdisə, indi OPEK+ razılaşması çərçivəsində hasilatın indiki templəri saxlanacağı təqdirdə, tələbin təklifdən 300 min barel yüksək olacağı qənaətindədir.

BEA-nın hesablamalarına görə, kommersiya neft ehtiyatları fevralda 47,1 milyon barel və ya sutkada 1,6 milyon barel artaraq, yanvardakı kəskin azalmanı (48 milyon barel) kompensasiya edib. Qırmızı dəniz vasitəsilə daşımaların dayandırılması nəticəsində ilkin məlumatlar göstərir ki, dənizdə tankerlərdə saxlanan neft ehtiyatları 84,7 milyon bareldən çox artıb. Bunun əksinə olaraq, quruda ehtiyatlar ardıcıl yeddinci aydır ki, azalıb.

OPEK-də isə hesab edirlər ki, bu il neftə tələbat daha çox artacaq. OPEC 2024-cü ildə dünyada neftə tələbatın artım tempi ilə bağlı proqnozunu sutkada 2,2 milyon barel, 2025-ci ildə isə 1,85 milyon barel olmaqla sabit saxlayıb.

Təşkilat analitiklərinin aylıq hesabatda yer alan rəyinə görə, bu il gündəlik neft istehlakı 2,25 milyon barel artacaq və 104,46 milyon barel təşkil edəcək:  “2024-cü ilin birinci rübündə Yaponiya və Cənubi Koreyanın sənaye və neft-kimya sektorlarında gözlənilən zəiflik səbəbindən Asiya-Sakit Okean regionunda istehlak proqnozunda bir qədər aşağıya doğru düzəliş edilib. Bununla belə, bu azalma Hindistanda və digər Asiya ölkələrində istehlak artımı ilə kompensasiya edilir”.

OPEC hesab edir ki, İƏİT ölkələrində neft tələbatı ötən ilin eyni dövrü ilə müqayisədə sutkada təxminən 0,3 milyon barel artacaq. İƏİT üzvü olmayan ölkələrdə Çin və Yaxın Şərq, digər Asiya ölkələri, Hindistan və Latın Amerikasının dəstəyi ilə neftə tələbatın illik 2 milyon barel artacağı gözlənilir.

Analitiklər deyir ki, 2024-cü ildə tələb hava səyahətləri və yük daşımalarına güclü tələbat, eləcə də güclü sənaye, tikinti və kənd təsərrüfatı fəaliyyəti, xüsusən də İƏİT-ə daxil olmayan ölkələrdə dəstəklənəcək. Əsasən Çin və Yaxın Şərqdə neft-kimya sektorundan da neftə tələbatın artacağı proqnozlaşdırılır.

2025-ci ildə qlobal neft tələbatı cari ilin eyni dövrü ilə müqayisədə gündə 1,85 milyon barel artaraq 106,3 milyon barelə çatacaq. İƏİT ölkələrində artımın 0,1 milyon barel olacağı, İƏİT üzvü olmayan ölkələrdə isə tələbatın 1,7 milyon barel artacağı gözlənilir.

OPEC-in proqnozlarına görə, 2045-ci ilə qədər qlobal neft tələbatı baza ssenarisi üzrə sutkada 116 milyon barelə, alternativ ssenarilərdən biri üzrə isə 120 milyon barelə çatacaq:  “Zəruri neft tədarükünü təmin etmək üçün 2045-ci ilə qədər biz neft sənayesinin müxtəlif sektorlarına təxminən 14 trilyon dollar sərmayə qoymalıyıq”.

Hazırda neft bazarına daha bir qiymətartırıcı faktor kimi ABŞ-ın Venesuela xammalının ixracı ilə bağlı yumşaldılmış şərtlərinin ləğvi çıxış edir. ABŞ müəyyən edilmiş razılaşmalara əməl etmədiyi üçün Cənubi Amerika dövlətinə qarşı əvvəlki məhdudiyyətləri bərpa edib.

OPEC-in digər üzvü İran da ABŞ-ın yeni sanksiyalarına məruz qalıb. Lakin Amerikanın tətbiq etdiyi məhdudiyyətlər ölkənin enerji sektoruna birbaşa təsir etməyib. Vaşinqton İrandan icazəverilən həcmdən artıq ixracın qarşısını almağa çalışır. 

Qeyd edək ki, neft qiymətlərinin yüksək olması əsas gəlirləri bu xammalın ixracından formalaşan Azərbaycan üçün mühüm müsbət faktordur. Belə ki, son illərdə Azərbaycanın neft hasilatının 70 faizdən çoxunu təmin edən Azəri-Çıraq-Günəşli yatağında hasilat çox sürətlə düşür. Energetika Nazirliyinin məlumatına əsasən, 2024-cü ilin yanvar-mart aylarında ölkədə ötən ilin eyni dövrü ilə müqayisədə 5,2 faiz az -  7,3 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Neft hasilatının 4,2 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (azalma 10,6 faiz), 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in (dəyişməyib), 0,14 milyon tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton təşkil edib (dəyişməyib).

Xatırladaq ki, 2023-cü ilin birinci rübündə Azərbaycanda 7,7 milyon ton neft (kondensatla birlikdə) hasil edilib (azalma 7,2 faiz). Həmçinin neft hasilatının 4,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin (azalma 11,3 faiz), 1,1 milyon tonu (kondensat) “Şahdəniz”in (2022-ci il yanvar-mart aylarının səviyyəsində) payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,9 milyon ton (bütün meft hasilatının 24,7 faizi, 2022-ci ilin yanvar-mart aylarının səviyyəsində) təşkil edib.

Bir neçə gün öncə AÇG yataqlar blokunda yeni platformadan neft hasilatına başlanıb. Yatağın işlənməsi üzrə layihənin operatoru bp şirkətinin verdiyi məlumata görə, ACE platforması və qurğuları gündəlik 100 000 barelədək neft hasilatı gücündə layihələndirilib. Layihənin istismar müddəti ərzində ümumilikdə 300 milyon barelədək neft hasil ediləcəyi proqnozlaşdırılır.

ACE platformasından ilk neft ötən ilin sonunda platformadan qazılmağa başlanmış birinci quyudan əldə edilib. 2024-cü il ərzində platformadan daha iki quyunun qazılıb istismara verilməsi planlaşdırılır. Bununla da ACE-dən hasilatın tədricən artaraq ilin sonuna gündə təxminən 24 000 barelə çatacağı gözlənilir. 

Yeni platformadan hasilatın başlanması yataqda hasilatın azalması tempini xeyli dərəcədə zəiflədəcək. Belə ki, indiyədək yataqda gündəlik hasilat ildə 35-40 min barel azalırdı. ACE-dən hasilat bu tempin 50 faizdən çox azalmasına səbəb olacaq. Platformadan gündəlik hasilat layihə gücündə 100 min barel nəzərdə tutulub. Yeni quyular qazıldıqca hasilat artacaq və 2026-cı ildə layihə gücünə -  gündəlik 100 min barelə çatacaq. Bu, ildə 5 milyon ton deməkdir. ACE platformasından hasilatın başlanması ən azı 2030-cu ilədək hasilatın sabit qalmasını təmin edəcək. AÇG-də ildə 18 milyon ton civarında neft hasil olunurdu. Bu həcm ildə 1 milyon ton azalırdı, indi bu azalmanın sürətində ciddi yavaşlama baş verəcək. Bu şəraitdə yüksək qiymətlər Azərbaycanın neft ixracından əldə edilən gəlirlərində azalmanın minimuma düşməsinə səbəb olacaq. 

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR