İnsanlara hürriyət, millətlərə istiqlal!

Balonlarda gizlədilən qızıllar – qanunsuz qazanılan milyonlara görə Xruşov 21 nəfəri güllələtdirib

1699 08.04.2024 13:57 Yaxın tarix A A

Sovet dövründə zəngin həyat tərzi ilə fərqlənmək, bir neçə mülkə və avtomobilə sahib olmaq böyük problemlər yaradıb. Hamının “bərabər” sayıldığı SSRİ-də varlı insanlar diqqət mərkəzinə tez düşüblər, onların gəlirlərinin mənbəyi müvafiq qurumlar tərəfindən araşdırılıb. Sözsüz ki, əmək haqqının təxminən 150-200 rubl olduğu dövrdə kimlərinsə zəngin yaşaması şübhə doğurub. Necə deyərlər, milyonları xərcləmək milyonları qazanmaqdan çətin olub.

SSRİ-də milyonçuların sayı heç də az olmayıb, böyük məbləğlər isə əsasən korrupsiya, rüşvət, mütəşəkkil cinayətkar qrupların kriminal planları, qeyri-qanuni ticarət, valyuta mübadiləsi və bu kimi qeyri-qanuni yollarla əldə olunub. Bu sırada gizli fəaliyyət göstərən istehsal müəssisələri xüsusi yer tutub. Belə ki, SSRİ-də həmişə əşya və ərzaq qıtlığı yaşanıb ki, əhali lazım olanları əldə etmək üçün alverçilərə, qara bazarlara üz tutub. Məhz bu sahənin təminatının bir hissəsi də qeyri-qanuni fəaliyyət göstərən istehsal müəssisələrindən gəlib.

Sovet-alman müharibəsindən sonrakı dövrdə, 1950-ci illərdə SSRİ-də ən adi gündəlik tələbat mallarının qıt olması qeyri-qanuni sexlərin yaranmasına səbəb olub ki, bundan istifadə edən işbazlar böyük gəlirlər əldə ediblər. Əslində bu cür işbazların bir çoxu dövlət əmlakını mənimsəmədən, hökumət büdcəsinə göz dikmədən pul qazanıblar. Həm özləri gəlir əldə ediblər, həm də əllərində pul olan sıravi vətəndaşların tələbatlarını ödəyiblər.

MONEY.jpg (65 KB)

Mövcud vəziyyətdən Qırğızıstanda yaşayan yəhudi əsilli Ziqfrid Qazenfrants və İsaak Zinger də səmərəli istifadə ediblər. Şəriklər ölkədə qadın, kişi və uşaq geyimlərinin defisit olduğunu nəzərə alaraq planlı şəkildə işə başlayıblar.

ZİQRİ.png (386 KB)

Onlar əvvəlcə Frunze şəhərindəki (indiki Bişkek) tikiş fabriklərinin birində sex rəisi işləyən köhnə tanışları Matvey Qoldmanla danışıqlar aparıblar. Qoldman istismar müddəti bitmiş və inventardan silinmiş köhnə avandanlıqları onlara satmağa razılıq verib. O, daha sonra fabrikin istifadəsiz anbarlarının birində onlar üçün yer ayırmağa da razılaşıb. Alınmış avadanlıqlar tam təmir edildikdən və işlək vəziyyətə gətirildikdən sonra həmin anbarda quraşdırılıb. Qazenfrantsın Rumıniyada yaşayan yaxın qohumu xammal məsələsini həll edib və o, xammalın Rumıniyadan SSRİ-yə keçirilməsini də öz boynuna götürüb. İşçilər Frunzedəki elə həmin tikiş fabrikindən seçilib. Onlar əsasən Frunzedə yaşayan yəhudi əsilli ustalar olublar. Fabrik iki növbəli iş rejimində işləyib. Gizli sexdə isə yalnız üçüncü növbədə iş gedib.

Məhsullar hazır olduqdan sonra şəriklər üçün ən böyük problem onların fabrikdən SSRİ-nin ayrı-ayrı şəhərlərinə daşınması olub. Bu məsələ də rüşvət hesabına öz həllini tapıb. Geyimlər ən yaxşı materiallardan və olduqca keyfiyyətli tikilib ki, bunun da sayəsində şəriklər üçün heç vaxt alıcı problemi yaranmayıb.

DUSER.jpg (81 KB)

Qısa müddətdən sonra Ziqfrid Qazenfrants və İsaak Zinger gəlirlərini hesablamaq üçün bir neçə mühasib saxlayıblar. Məbləğlər o qədər böyük olub ki, şəriklər köhnə anqarlarda yeni sexlər yaradıblar, Çexoslovakiyadan xüsusi avadanlıqlar gətizdiriblər.

Pul çoxaldıqca şəriklərin qorxusu azalıb, onlar milyonlarını xərcləməkdən çəkinməyiblər. Ziqfrid Qazenfrants Frunzedə özünə böyük saray tikdirib. Moskvada fəaliyyət göstərən xarici səfirliklərin birindən “Rolls-Royce” avtomobili alıb. Düzdür, bu avtomobil istismar müddəti sona çatmış maşın olub. Buna baxmayaraq, o, Frunze küçələrində hamının diqqətini cəlb edib. Ən yüksək ranqlı dövlət məmurlarının “Çayka” və “Volqa” avtomobillərində gəzdiyi halda Ziqfrid Qazenfrantsın “Rolls-Royce”də hərəkət etməsi diqqətdən yayınmayıb.

İsaak Zinger də şərikindən geri qalmayıb. Bir neçə evə və xarici avtomobilə sahib olan Zinger Frunze restoranlarının kralı sayılıb. Hər gün ayrı-ayrı qadınlarla restoranlarda kef məclisləri quran iş adamı az qala özünü şəhərin sahibi sayıb. Zingerin həyat yoldaşının istifadə etdiyi zinət əşyaları isə ətrafdakıların gözünü qamaşdırıb.

Sözsüz ki, respublika rəhbərliyi, yerli hüquq-mühafizə orqanları şəriklərin hansı işlə məşğul olduqlarından xəbərsiz olmayıblar. Amma böyük rüşvətlər, qiymətli hədiyyələr onların gözünü bağlayıb.

Şəriklərin hər birinin ayrı-ayrılıqda illik qazancları təxminən 500-600 min rubla qədər olub. Mövcud dövr üçün bu, ağlasığmaz məbləğ sayılıb. Müqayisə üçün qeyd edək ki, həmin dövrdə ən bahalı maşının qiyməti 5-10 min sovet rublu arasında dəyişib.

Mərkəzdən uzaq olsalar da, şəriklərin qanunsuz fəaliyyəti haqqında nəhayət, Moskva da xəbər tutub və onların həm fəaliyyətinə, həm də həyatlarına son qoyulub.

1962-ci ilin yanvar ayında Frunzeyə bir qrup DTK və SSRİ Daxili İşlər Nazirliyinin əməkdaşları təşrif buyurub. Heç kimə, hətta Frunzedəki həmkarlarına gəlişlərinin səbəbini bildirməyən bu dəstə dörd gün ərzində 153 nəfəri həbs edib, cinayət işi açılıb və istintaq başlayıb.

ZİQRİ SON.png (449 KB)

Milyonçuların evlərində axtarış aparılan zaman üç litrlik balonlarda pul, qızıl və zinət əşyaları aşkar edilib.

Məhkəmə Ziqfrid Qazenfrants, İsaak Zinger və daha 21 nəfər haqqında ən ağır hökmü, güllələnmə hökmünü çıxarıb. 138 nəfər isə ayrı-ayrı müddətlərdə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Məhkəmənin hökmü ilə razılaşmayan milyonçu şəriklər apellyasiya şikayətində dövlət əmlakının mənimsənilməsi ittihamını qəbul etmədiklərini bildiriblər. Ancaq bu şikayət də onları xilas edə bilməyib.

Nikita Xruşov məsələyə bir sözlə yekun vurub: “Güllələnmə…”

Məhkəmənin hökmü icra edilib.

1963-cü ildə Mərkəzi Komitənin plenumunda Xruşov bu hadisə ilə bağlı fikirlərini aşağıdakı kimi bölüşüb:

“Biz kommunizmə doğru gedirik və bu yolda uğurla, inamla addımlayırıq. Stalinin hakimiyyəti dövründən qalmış korrupsiya ünsürlərini də sona qədər məhv edəcəyik. Qırğızıstanda olduğu kimi…”

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR