İnsanlara hürriyət, millətlərə istiqlal!

Bakı və İrəvan Qərblə bağlı əsl reallığı elan etdilər: ABŞ, Avropa Birliyi və Fransa masada yoxdursa, sülh qaçılmazdır

4520 20.04.2024 18:35 Analitika A A

Azərbaycan və Ermənistan arasında dörd kənd razılaşması, Cənubi Qafqazda sülh prosesi üçün regiondan kənar vasitəçilərə qətiyyən ehtiyacın olmadığı barədə çox önəmli reallığı birmənalı şəkildə təsdiqlədi... Çünki onlar regionda sülh yaratmaq əvəzinə, bu prosesi öz geopolitik maraqlarının girovuna çevirməyə cəhd edirlər, sülhə dəstək manipulyasiyaları ilə bu prosesi əngəlləyərək, pozmağa çalışırlar...

Cənubi Qafqazda geopolitik proseslər intensivlik qazanmağa başlayıb. İndi bu regionda hadisələr bir-birini daha sürətlə əvəzləyir. Üstəlik, bütün baş verən hadisələrin bir-birinə birbaşa və ya dolayısı ilə təsir göstərdiyi də inkaredilməz reallıqdır. Və bu baxımdan, hazırda Cənubi Qafqazda zəncirvari proseslərin cərəyan etdiyini də düşünmək olar.

Onu da qeyd etmək lazımdır ki, aprelin əvvəllərində Ermənistan cəmiyyəti yeni ümid qaynağı tapmışdı. Belə ki, erməni toplumu böyük səbirsizliklə ABŞ, Avropa Birliyi və Ermənistan arasında Brüssel ortaq konfransını gözləyirdi. Baş nazir Nikol Paşinyanın bu ortaq konfransın Ermənistanın gələcək taleyində həlledici səviyyədə önəmli rol oynayacağını vurğulaması da erməni toplumunda "Brüssel gözləntiləri"ni artırmışdı. Və indi ortaq konfransın nəticələri məlum olduğundan Ermənistan cəmiyyətində daha çox mübahisələr mövcuddur.

3d107a676f63b4b95b2c610cfc9a996f.jpg (196 KB)

Məsələ ondadır ki, radikal-revanşist erməni müxalifəti Paşinyan hakimiyyətini Brüsseldən biabırçı fiasko ilə qayıtmaqda suçlayır. Bu radikal düşərgə hesab edir ki, Brüssel ortaq konfransının nəticələri ABŞ və Avropa Birliyinin Ermənistanı öz geopolitik maraqlarının girovuna çevirməyə çalışdığını təsdiqləyir. Və Qərbdən verilən təlimatları icra edərək, Rusiya ilə açıq qarşıdurmaya girən Paşinyan hakimiyyəti də bu məsələdə alət rolunu oynayır.

Ancaq Paşinyan hakimiyyətinin rəsmi təmsilçiləri tamamilə fərqli mövqedədir. Onlar iddia edirlər ki, Brüssel ortaq konfransının rəsmən elan edilən nəticələri "aysberqin yalnız görünən tərəfi"dir. Və bu məsələ ilə bağlı daha konkret arqumentlər səsləndirmək üçün baş nazir Nikol Paşinyanın Brüssel ortaq konfransı barədə geniş hesabat verməsini gözləyirdilər.

Xarici işlər naziri Ararat Mirzoyan isə Qərbyönümlü mövqeyini açıq şəkildə ön plana keçirərək, ABŞ və Avropa Birliyinin Ermənistan üçün əsas tərəfdaşları olduğunu bəyanlayıb. Onun fikrincə, hazırda Ermənistan ABŞ və Avropa Birliyi ilə yeni inteqrasiya mərhələsinə start verib. Halbuki, erməni nazir bu mərhələnin Ermənistanı hara aparacağını izahına hələlik çətinlik çəkdiyini də etiraf edib. Və o, bütün bunların məhz Rusiya -Ermənistan münasibətlərində yaşanan məyusluq ucbatından baş verdiyini vurğulamaqla, kifayətlənib.

Bütün bunlara baxmayaraq, erməni nəşri "Hraparak" baş nazir Nikol Paşinyanın Brüssel ortaq konfransının nəticələri barədə Ararat Mirzoyan qədər optimist olmadığını iddia edir. Həmin iddiaya görə, erməni baş nazir Brüssel ortaq konfransı barədə qapalı toplantı keçirib və hakim partiya təmsilçilərinə müəyyən məlumatlar verib. Ancaq erməni baş nazir iki saat davam edən qapalı toplantıda bu mövzuda cəmisi üç dəqiqəlik çıxışla kifayətlənib. Bəziləri bunu erməni baş nazirin gizli məqamlar barədə danışmaq istəməməsi kimi izah etməyə çalışırlar.

3b47a074ff1b8a4a0cf87b0024096585.jpg (77 KB)

Ancaq daha məlumatlı mənbələr iddia edirlər ki, baş nazir Nikol Paşinyan Brüssel ortaq konfransının nəticələrindən o qədər də məmnun deyil. Çünki erməni baş nazir ABŞ və Avropa Birliyindən Ermənistanın üzləşə biləcəyi əngəllərin açılmasında hər hansı ciddi təminat ala bilmədiyinə də eyham vurub. Və bu səbəbdən də, son vaxtlar Paşinyan hakimiyyəti daha çox Ermənistanın yalnız öz imkanları, mövcud potensialı çərçivəsində davranmasının vacibliyini ön plana çıxarır.

Maraqlıdır ki, bəzi erməni ekspertlər rəsmi İrəvanın Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya prosesində daha realist mövqeyə geri dönmək məcburiyyətində qalmasını da Brüssel fiaskosu ilə izah etməyə çalışırlar. Onların fikrincə, xarici dəstək təminatından məhrum qalan Paşinyan hakimiyyəti Azərbaycan ilə müharibə təhlükəsindən yayınmaq üçün rəsmi Bakının dörd kəndi dərhal geri qaytarmaq tələbinə müsbət reaksiya vermək məcburiyyətində qalıb. Və bu, rəsmi İrəvan üçün sülh masası arxasında da yeni situasiya, xüsusilə də indiyə qədər əldə olunmuş anlaşmalara riayət etmək məcburiyyəti yaradır.

Onu da qeyd etmək lazımdır ki, baş nazir Nikol Paşinyan Azərbaycan və Ermənistan arasında Qazaxın dörd kəndinin qaytarılması barədə rəsmi anlaşmaya münasibət bildirərkən, bunu önəmli tarixi hadisə kimi dəyərləndirib. Erməni baş nazir vurğulayıb ki, Azərbaycan və Ermənistan ilk dəfə olaraq, problemi məhz danışıqlar masası arxasında həll ediblər. Onun fikrincə, sərhəd delimitasiya prosesinin ilk mərhələsinin nəticələrinə realist yanaşmaq olduqca vacibdir. Və erməni baş nazir həmin bölgədən rus sərhədçilərin çıxarılacaq olmasının da Ermənistan üçün tarixi əhəmiyyətli hadisə olduğuna eyham vurmağı da qətiyyən unutmayıb.

Digər maraqlı məqam isə ondan ibarətdir ki, Ermənistanın Qərbdəki yeni tərəfdaşları delimitasiya anlaşması dəstəklədiklərini bəyan etmək məcburiyyətində qalıblar. Belə ki, ABŞ-ın dövlət katibi Entoni Blinken bu anlaşmanı sülh prosesinin də uğur qazanması istiqamətində atılmış önəmli addım kimi dəyərləndirib. Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toyvo Klaar isə sərhəd komissiyasının uğurunu böyük nailiyyət hesab etməklə yanaşı, təmsilçisi olduğu beynəlxalq qurumun iki ölkə arasında sülh prosesini dəstəklədiyini də qabardıb. Və bütün bunlar bir qədər ziddiyyətli mövqe təsiri də bağışlayır.

c9db7be4-7f86-4101-aac1-2d49cbba3189.jpg (24 KB)

Məsələ ondadır ki, cəmisi bir neçə həftə əvvəl həm ABŞ, həm də Avropa Birliyi Cənubi Qafqazda geopolitik prosesləri gərginləşdirə biləcək manevrlərə başlamışdı. Hətta bu iki qurum ortaq şəkildə Brüssel təxribatını törətməklə, regionda yeni savaşa münbit şərait yaratmışdı. Bu baxımdan, Azərbaycan və Ermənistan arasında sərhəd delimitasiya anlaşmasından həm ABŞ, həm Avropa Birliyinin məmnun olduğuna yalnız sadəlövhlər inana bilər.

Üstəlik, bu tarixi hadisə onu da birmənalı şəkildə təsdiqlədi ki, Cənubi Qafqazda sülh prosesi üçün regiondan kənar vasitəçilərə qətiyyən ehtiyac yoxdur. Əksinə, regiondan kənar vasitəçilər Cənubi Qafqazda sülh yaratmaq əvəzinə bu prosesi öz geopolitik maraqlarının girovuna çevirməyə cəhd göstərirlər. Yəni, sülhə dəstək manipulyasiyaları altında bu prosesi əngəlləyərək, pozmağa çalışırlar.

Azərbaycan və Ermənistan arasında əldə olunmuş razılaşma regional proseslər baxımından, çox önəmli reallığı ortaya çıxartdı. Əgər, danışıqlar masası arxasında ABŞ, Avropa Birliyi və ya Rusiya yoxdursa, müsbət nəticəli anlaşmaya tam təminat var. Yəni, əgər, bu regiondan kənar beynəlxalq güc mərkəzləri Cənubi Qafqazda sülhü və sabitliyi doğrudan da dəstəkləyirlərsə, onda, edəcəkləri tək bir şey var, bu da heç nəyə qarışmamaq, müdaxilə etməkdən ibarətdir. Və bu, onların ən böyük dəstəyi ola bilər.

Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR