İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlının tikdiyi, ermənilərin rahatlıq tapmadığı bina – Xankəndinin məşhur “obkom”u...  

5847 14.09.2023 14:11 Yaxın tarix A A

 

Xankəndi şəhərinin mərkəzində zəngin memarlıq üslubu, xarici görünüşü ilə diqqəti çəkən bir bina var – keçmiş Dağlıq Qarabağ Muxtar vilayəti Partiya Komitəsinin inzibati binası. Daha çox “obkomun binası” adı ilə məşhur olan bu tikilidə hazırda qondarma “Artsax”ın “prezident” administrasiyası yerləşir.

“Obkomun binası” 1960-cı ildə tanınmış memar Həsən Məcidovun rəhbərliyi ilə inşa edilib. İnzibati binanın qarşısında Leninin adını daşıyan  Xankəndinin  baş meydanı da salınıb.

Mənim Xankəndi şəhərindəki yaşadığım mənzilin eyvanı və otaqların pəncərələri məhz bu binaya açılırdı. Ünvanı da dəqiq xatırlayıram: Atarbekov küçəsi 68, mənzil 35. Mən hər gün bu binanı dəfələrlə seyr edirdim, daha doğrusu buna məcbur idim, pəncərəm bu mənzərəyə açılırdı. Hətta onun dəhlizlərindən keçən qara kostyumlu, ağ köynəkli adamları da rahatlıqla müşahidə edə bilirdim.

Qeyd edim ki, memar Həsən Məcidovun bu “əsər”i həqiqətən də olduqca gözəl və gözoxşayan idi. Amma yalnız çöl tərəfdən. Çünki bu binada və bu binadan əvvəlki köhnə tikilidə əyləşən vilayət partiya komitəsinə rəhbərlik edən birinci katiblər Xankəndi şəhərində rahatlıq  tapa bilməyiblər.

1923-cü ildən, Azərbaycanın daxilində Dağlıq Qarabağ Muxtar vilayəti yaradılan gündən 1990-cı ilə qədər vilayət partiya komitəsinə 21 nəfər və hamısı da milliyətcə ermənilər rəhbərlik edib.

Məşhur “obkomun binası” tikilənə qədər vilayət partiya komitəsi və vilayət icraiyyə komitəsi Lenin küçəsindəki üçmərtəbəli binada yerləşib. Sonradan həmin bina vilayət Həmkarlar Komitəsinə verilib.

Vilayətin birinci katiblərindən (1925-1929-cu illər) Aratavazd Saakyan 1939-cu ildə vətənə xəyanət maddəsi ilə ittiham olunaraq güllələnib. Onun sonuncu iş yeri Ermənistanın torpaq komissarı (naziri) olub.

Karamyan Aşot 1929-cu ildən 1930-cu ilə qədər Dağlıq Qarabağın birinci katibi vəzifəsini daşıyıb. O, 1937-ci ildə Tacikistan Torpaq Komissarlığında idarə rəisi vəzifəsində işləyərkən həbs olunub və vətənə xəyanət maddəsi ilə ittiham olunaraq güllələnib.

Qriqoryan Karo da vəzifə kürsüsündə rahatlıq tapa bilməyib. 1931-1933-cü illərdə Dağlıq Qarabağın birinci katibi vəzifəsində işləyən Qriqoryan da 1938-ci ildə güllələnib.

Çox qısa müddətdə Dağlıq Qarabağın birinci kürsüsündə əyləşən Sero Mamuntyantsın, Hayk Silanyanın, Xoren Varuntsun,  Baqrat Baqityanın sonrakı taleləri ümumiyyətlə məlum olmayıb.

Dağlıq Qarabağ Muxtar vilayətinin birinci katiblərinin nisbətən sabit vəzifə karyerası 1952-ci ildən başlayıb. Yeğişe Qriqoryan bu vəzifədə 1952-ci ildən 1958-ci ilə qədər qərarlaşa bilib. Onun bu vəzifədən getməsinə ermənilər özləri “şərait” yaradıblar. Belə ki, milli məsələlərdə Qriqoryan mütilik nümayiş etdirdiyinə görə o, ermənilər üçün arzuolunmaz şəxs sayılıb.

1958-ci ildə birinci katib vəzifəsində Qriqoryanı Nikolay Şahnazorov əvəz edib. Məşhur “obkomun binası”nın ilk “sakin”i də məhz o, olub. Şahnazorov birinci katib vəzifəsində özünü doğrulda bilməyib və 1962-ci ildə o, tutduğu vəzifədən kənarlaşdırılıb.

Bütün birinci katiblər arasında 1962-ci ildə Dağlıq Qarabağ Muxtar vilayəti Partiya Komitəsinə birinci katib seçilən Qurgen Melkumyan ermənilər üçün ən uğurlu və “milli ruhlu” kadr sayılıb. Onun dövründə,1960-cı illərin sonlarında, 1970-ci illərin əvvələrində erməni millətçilərinin fəallığı artaraq qabarıq şəkildə özünü büruzə verib. Məhz elə 1967-ci ildə Xankəndi şəhərinin mərkəzində üç nəfər azərbaycanlının diri-diri yandırılması kimi dəhşətli bir hadisə də Melkumyanın vilayətdə birinci katib olduğu dövrə təsadüf edib. Təbii ki, Qurgen Melkumyanın millətçi fəaliyyəti Azərbaycan rəhbərliyinin diqqətindən kənarda qalmayıb. 1967-ci ilin yayında yuxarıda qeyd etdiyimiz məlum Xankəndi hadisələrində, həmin dövrdə Azərbaycan DTK-nın sədri olan Heydər Əliyev Xankəndi şəhərində olaraq, baş vermiş cinayət hadisəsini araşdırıb. O zaman rəsmi Bakı gərgin mübarizədən sonra sübut və dəlillərlə 39 nəfər erməni canini həbs etdirməyə nail olub. Daha sonra vilayət mərkəzində keçirilən yekun müşavirədə törədilmiş hadisələrə görə vilayətin partiya rəhbərləri də tənqid olunub. Heydər Əliyev həmin toplantıdakı tənqidi çıxışında məhz Qurgen Melkumyanı əsas hədəf seçib. Nəhayət, 1969-cu ildə Azərbaycan KP MK-nın birinci katibi vəzifəsinə gələn Heydər Əliyev Dağlıq Qarabağ Muxtar vilayətindəki xoşagəlməz ab-havaya bələd olan bir şəxs kimi Melkumyanı vilayətdən uzaqlaşdırmağı vacib sayıb. Beləliklə, Moskva ilə aparılan danışıqlardan və əldə olunan razılıqdan sonra 1973-cü ildə Qurgen Melkumyan vəzifəsindən kənarlaşdırılıb. O, cümlədən onun yaxın ətrafında olan millətçilər də vəzifələrini itiriblər.

Dağlıq Qarabağın ən uzunömürlü birinci katibi Boris Gevorkov olub ki, o 1973-cü ildən 1988-ci ilə qədər vilayətə rəhbərlik edib. Gevorkov daha çox ikibaşlı siyasi oyunları ilə yadda qalıb. O, Azərbaycan rəhbərliyini özündən narazı salmaq istəməyib. 1988-ci ilin fevral ayında Xankəndi şəhərində Dağlıq Qarabağ hadisələri başlananda Boris Gevorkov vilayətin Azərbaycanın tərkibindən çıxarılıb Ermənistana verilməsini real saymayıb. Amma sözsüz ki, bir erməni olaraq Gevorkov da bu məsələnin baş tutmasını ürəkdən arzulayıb. Vilayətdə yaranmış gərgin vəziyyətdə Gevorkov vəzifəsini itirməmək üçün fərqli mövqe sərgiləyib. Digər bir tərəfdən uzun illər partiya orqanlarında, o cümlədən, Bakıda işləyən Gevorkovda Bakı qorxusu da olub. Gevorkov daha çox Moskvaya güvənib. Amma Moskva onun ümidlərini doğrulda bilməyib. Birinci katib 1988-ci ilin fevralın 24-də Xankəndi şəhərindən qovulub.

Sonuncu birinci katib Henrix Poqosyan seçilib ki, o, bu vəzifədə separatçı erməniləri rəsmi şəkildə dəstəkləyib və məhz onun dövründə Qarabağ münaqişəsi müharibə müstəvisinə keçib. Poqosyan da əvvəlkilər kimi məşhur “obkomun binası”nda rahatlıq tapa bilməyib. Bütün birinci katiblərin narahatlığının əsas səbəbi isə yersiz torpaq iddiası ilə bağlı olub. Heç bir birinci katib anlamayıb, yaxud anlamaq istəməyib ki, QARABAĞ AZƏRBAYCANDIR...

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR