İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlıları Türkiyəyə yatırım etməyə həvəsləndirən amillər

883 06.11.2018 08:35 İqtisadiyyat A A

Ekspert: “Beynəlxalq Rəqabət qabiliyyətliliyi ilə bağlı ”Doing Business" hesabatlarında Azərbaycanın yeri ildən-ilə yaxşılaşır, amma..."

Azərbaycanlı iş adamı Rauf İsmayılov Türkiyədə futbol klubunu satın alıb. “Darica Gənclərbirliyi” adlı futbol klubu ikinci liqada mübarizə aparır. Klubun satılması ilə bağlı imzalanma mərasimi keçirilib. Yaxın günlərdə R. İsmayılov klubun fəxri prezidenti Şükrü Karabacakla birlikdə mətbuat konfransı keçirərək, komandanın satılması proseduru və gələcək hədəfləri barədə açıqlama verəcək.

Qeyd edək ki, 1934-cü ildən fəaliyyət göstərən “Darıca Gənclərbirliyi”  ikinci liqada 13 xalla 11-ci pillədədir.

Bu, azərbaycanlıların Türkiyədəki minlərlə yatırımından biridir. Son onillikdə Azərbaycandan qonşu ölkədə biznes quran, bu biznesində də böyük uğurlar əldə edənlərin sayı onlarladır. Hətta Azərbaycanda vəzifədə olan bir çox məmurlar da Türkiyə iqtisadiyyatına töhfə verməkdədilər: onlar öz yaxın adamları vasitəsilə şirkətlər qururlar. Bu şirkətlər daşımaçılıq, tekstil, ticarət, tikinti və digər sahələrdə aktiv fəaliyyət göstərirlər. Nəinki aktiv biznes, hətta passiv biznes hesab edilən daşınmaz əmlak bazarında da azərbaycanlılar getdikcə artır. Belə ki, 2018-ci ilin yanvar-iyul aylarında azərbaycanlılar Türkiyədə 487 mənzil alıblar. Türkiyə Statistika Qurumunun məlumatına görə, 2017-ci ilin 7 ayında bu say 394 mənzil idi. Həmvətənlərimiz Türkiyədə 2016-da 610, 2017-ci ildə isə 942 mənzil alıblar. Azərbaycanlılar Türkiyədən ən çox mənzil alan xaricilər arasında 10-cu sıradadır.

Azərbaycanlıların Türkiyə iqtisadiyyatına marağının belə böyük olmasının səbəbi nədir? Qardaş ölkədə hansı şərtlər vətəndaşlarımızı belə cəlb edir?

Sualları cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənov deyir ki, normal halda Azərbaycan vətəndaşlarının xarici ölkələrə investisiya yatırması təbii qarşılanmalıdır: “Hətta ölkə iqtisadiyyatının inkişaf etməsi, yaxud tam liberal olması o deməkdir ki, vətəndaşlar digər ölkələrə investisiya etməyəcəklər. Bütün inkişaf etmiş ölkələrin vətəndaşları xarici ölkələrdə bisnes qurur, investisiya yatırırlar. Yəni bu, bir normal haldır ki, azərbaycanlılar xarici ölkələrə - Rusiyaya, Türkiyəyə, Gürcüstana investisiya yatırırlar”.

Ekspertin fikrincə, problem ondadır ki, bu gün azərbaycanlılar öz ölkəmizə sərmayə yatırmağa meylli deyillər: “Problem məhz bu məqamda ortaya çıxır ki, niyə bizimkilər öz ölkəmizdə biznes fəaliyyətində maraqlı deyillər?

Bunun əsas səbəblərindən biri budur ki, iqtisadiyyat liberal deyil. İqtisadiyyatın liberallaşdırılması üçün ciddi addımlar atılmalıdır. Hüququn aliliyinin təmin olunması ilə bağlı narahatlıqlar var. Qanunların tətbiqi ilə bağlı çətinliklər var. Təşviq mexanizmləri formalaşmayıb. Dövlət tərəfindən yaradılan təşviq mexanizmləri bir sıra hallarda biznesi nəinki təşviq etmir, hətta onun inkişafı qarşısında maneəyə çevrilir. Bu kimi hallar Azərbaycanda investisiya qoyuluşunu məhdudlaşdıran amillərdir”.

Ekspertin sözlərinə görə, Azərbaycanda investisiya mühiti ilə bağlı bir sıra müsbət dəyişikliklər var: “Beynəlxalq Rəqabət qabiliyyətliliyi ilə bağlı ”Doing Business" hesabatlarında Azərbaycanın yeri ildən-ilə yaxşılaşır. Azərbaycan biznes mühiti ilə bağlı qanunvericiliyə görə “Doing Business” hesabatında dünyada 25-ci yerə layiq görülüb. Biznesə başlamaya görə dünyada 9-cu yeri tutmuşuq. Bütün bunlar ölkəyə xarici sərmayənin axınını, ölkədaxili iqtisadiyyata investisiyanı təmin etməlidir. Amma reallıqda biz bunu görürükmü? İnvestisiya qoyuluşları gözlənilən səviyyədə deyil. Xüsusilə də qeyri-neft sektoruna investisiyaları çox çətinliklə cəlb etmək mümkün olur. Bu da onun göstəricisidir ki, Azərbaycanda qanunvericilik normal olsa da, onun tətbiqi sahəsində ciddi problemlər var. Müəyyən qruplar qanunların icrasını sabotaj edir, maneələr yaradırlar. Yəni əslində reallıq hesabatlardakı kimi deyil. Buna görə də vətəndaşlarımız Türkiyəyə, digər ölkələrə axışırlar".

Müsahibimiz bildirir ki, son 15 ildə Türkiyədə xarici investisiyaları cəlb etmək üçün mühüm islahatlar həyata keçirilib: “Əlverişli hüquqi mexanizmlər formalaşdırılıb. Məsələn, vətəndaşlığın daha asan əldə edilməsi, əmlakın xarici vətəndaşlara satılması ilə bağlı məhdudiyyətlərin aradan qaldırılması, investisiyaların təşviqi ilə bağlı təkmil institutların olması və sair. Daha bir əsas məqam ondan ibarətdir ki, Türkiyə Azərbaycanla müqayisədə çox böyük bazardır - təxminən 7-8 dəfə. İnvestor da hər zaman böyük bazarlara çıxış axtarır və daha çox onların içində fəaliyyətə üstünlük verir. Bu baxımdan da Türkiyə azərbaycanlı investorlar üçün əlverişlidir. Bütün bu faktorlar son nəticədə vətəndaşlarımızın qonşu ölkə iqtisadiyyatına üz tutmasına gətirib çıxarır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR