İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanlı rejissorun “Sonuncu şam yeməyi” filmi etiraz doğurdu

4482 14.01.2022 08:10 Mədəniyyət A A

Məşhur isimlərin çəkildiyi ekran işi dini adət-ənənələrimizi aşağılayır

Rejissor və aktyor Əlixan Rəcəbovun ideya müəllifi olduğu “Sonuncu şam yeməyi” filmi dindarlar tərəfindən etirazla qarşılanıb. Xüsusilə də sosial şəbəkələr üzərindən narazılıq edən vətəndaşlar filmdə milli-mənəvi dəyərlərin aşağılandığını bildiriblər. Qeyd edək ki, filmdə yer alan simalar kifayət qədər populyar və kino arenasında sözünü demiş şəxslərdir. Onlar arasında Şamil Süleymanov, Taleh Yüzbəyov, Bəhram Bağırzadə, Azər Aydəmir və digər tanınmışlar var. 

“Azərbaycanda kimin ölüsünü tapdalayıb keçiblər? Kimin ölüsünü tabuta tikiblər? Kimin yas mərasimində meyxana deyilib? Kimin ölüsü barədə ”altı yanmaq" ifadəsi işlənib? Hansı molla ölüyə söyüş söyüb?" deyə Mahir adlı sosial şəbəkə istifadəçisi bildirib. O qeyd edib ki, filmdə valideynlər təhqir edilib: “Hansı övlad razı olar ki, onun atasının üzərindən kimsə belə keçə? Bizim ölkədə heç dindar olmayan da bunu özünə rəva bilmir. Bu, bizim milli və mənəvi dəyərimizə qarşı təhqirdir. Onları müdafiə edən, ”sarkazm", “yumor”, “tənqid” deyib haqq qazandıranlar da onlar qədər günahkardır".

“Bilərəkdən, ya bilməyərəkdən siz burada müqəddəs dinimizi məsxərəyə qoyub, Quran ayələrinə qarşı hörmətsizlik etmisiniz. Bu, tərbiyədən kənar hərəkətdir. Əmin olun ki, ”trend"ə düşdüyünüz kimi inanclı şəxslərin də gözündən düşdünüz", - deyə Nicat adlı istifadəçi bildirib.

Rahim adlı istifadəçi isə bildirib ki, bu filmin yayımı dayandırılsa, düzgün olar: “Biz qəbiristanlığın yanından keçəndə hörmət əlaməti olaraq musiqinin səsini azaldan millətik. Film nə məqsədlə çəkilib? Əgər desəniz ki, din xadimini qınamaq məqsədilə etmisiniz,  birmənalı şəkildə yanlış cavabdır. Çünki burada tək din xadimi yox, dini rituallar da tənqid, hətta təhqir olunur”.

Digər sosial şəbəkə istifadəçisi Rövşən də fikrini belə açıqlayıb: “Əlixan Rəcəbovu ona görə tənqid edirik ki, şəriət məsələsini xurafat kimi təqdim edir. Filmdə bir neçə yerdə Qurana hörmətsizlik var. Həm sünni, həm də şiə təriqətindən olanlar təhqir olunur. Buna kimsə haqq qazandıra bilməz”.

Yaslarda mərsiyyə deyilməlidirmi? -

Mirhəmid Məmmədov 

Mövzu ilə bağlı Bakıxanov qəsəbəsi “İmam Rza” məscidinin imamı Mirhəmid Məmmədov da “Yeni Müsavat”a şərh verib: “Hər bir xalqın özünün milli-mənəvi, dini dəyərləri var. Xalqlar çalışırlar ki, ata-babalarından gələn o dəyərlərə hörmətlə yanaşsınlar. Ola bilər, bir xalqın adətləri başqasına gülünc gələ bilir. Amma hörmətlə yanaşmaq insani keyfiyyətdir. Zaman-zaman milli dəyərlərimiz məsxərəyə qoyulur. Amma bu adət-ənənələr, dini qaydalar bizə ulu babalarımızdan qalıb, bu böyük bir xəzinədir, süzgəcdən keçib bizim zamanımıza qədər gəlib. Buna həssasla yanaşmaq lazımdır, başqalarının dini etiqadına hörmətlə yanaşmaq lazımdır, bu bizim qanunvericiliyimizdə də öz əksini tapır. Ola bilər, bu film yaxşı çəkilsin, baxıcı kütləsi çox olsun, amma bu o demək deyil ki, nailiyyət əldə edilib. Mən də baxdım, dəfn mərasimi hər kəsin ailəsində baş verə bilər. Mən arzu edərdim, o filmi çəkənlərin valideynlərinin ömrü uzun olsun. Amma istər-istəməz onlar cavandırlar, amma onların valideynlərinin dəfn mərasiminə gələn insanlar bu tamaşaya baxıblarsa, istər-istəməz onun qəminə şərik olmayacaqlar. Əksinə, güləcəklər, rişxənd edəcəklər. Bu da dəyərli adətimizi ayaq altına salmış olacaq. Dindarlar narazılığını bildiriblər, yerində olan etiraz idi. Çalışaq ki, dini-milli məsələlərə həssas yanaşaq. Xalqımızın milli dəyərlərinə hörmətlə yanaşaq”.

Qeyd edək ki, mövzu ilə bağlı filmin rejissor və aktyoru Əlixan Rəcəbova zəng vurub mövqeyini almağa cəhd etsək də, o cavab vermədi. Filmdə rol alan aktyor Taleh Yüzbəyov da məsələ ilə bağlı danışmaq istəmədiyini bildirib. Qarşı tərəfin mövqeyini yayımlamağa hazırıq.

Afaq MİRAYİQ,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR