İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın neft sektorunda yerli özəl şirkət: risk-xidmət sazişi nəyi nəzərdə tutur?

3161 09.04.2022 09:30 KİVDF layihələri A A

İlham Şaban: “Arzu edək ki, nə “Nobel Oil"ə oxşasınlar, nə də “Global Energy”yə...”

Bu günlərdə Milli Məclis Azərbaycanda yeni bir neft müqaviləsini ratifikasiya etdi. “Azərbaycan Respublikasında Buzovna-Maştağa, Qala və Zirə neft yataqlarının daxil olduğu blokun bərpası və işlənməsi ilə əlaqədar Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə ”GL İnternational LTD" MMC arasında Risk Xidmət Sazişinin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə" qanun layihəsi aprelin 5-də Milli Məclisdə müzakirə olunaraq təsdiqlənib.

Müqavilə 2021-ci ilin dekabrında imzalanıb. Onun əhatə etdiyi Buzovna-Maştağa yatağı Abşeron yarımadasının şimal-şərqində, Şərqi Abşeron neftli-qazlı rayonunda, Maştağa və Buzovna kəndlərinin arasında yerləşir. Yataq 588 hektar (7 km x 2 km) ərazini əhatə edir. Sənaye əhəmiyyətli işlənməyə 1941-ci ildən başlanılıb. Yataq SOCAR-ın “Azneft” İstehsalat Birliyinin H.Z.Tağıyev adına Neft və Qazçıxarma İdarəsi tərəfindən istismardadır.

Yatağın işlənməsinə başlanandan 2021-ci ilin yanvarın 1-dək 1 326 quyu qazılıb. Həmin quyulardan indiyədək 29,74 milyon tona yaxın neft, 5,4 milyard kubmetrə yaxın qaz hasil olunub. Yataq üzrə maksimum hasilat - 1950-ci ildə 1 milyon 927 min ton təşkil edib. Yatağın qalıq çıxarılabilən neft ehtiyatları 6,74-dir.

“Qala” (Köhnə Qala) neft yatağı Abşeron yarımadasının şərq hissəsində Binə, Mərdəkan və Qala kəndlərinin arasında yerləşir. Yatağın işlənməsinə başlanandan 2021-ci il yanvarın 1-i tarixinədək 1 517 quyu qazılıb, hazırda onlardan 73-ü istismar fondundadır. Yataqdan 58,41 milyon ton neft, 9,7 milyard kubmetr qaz hasil olunub. Hazırda yataq işlənmənin sonuncu - IV mərhələsindədir və sulaşması- 95,5 faiz, cari neftvermə əmsalı 0,47-dir. “Qala” yatağı da SOCAR-ın “Azneft” İB-in H.Z.Tağıyev adına NQÇİ tərəfindən istismar olunur.

GL Website

Xatırladaq ki, SOCAR-ın perspektivli quru yataqlarının yenidən işlənilməsi son illərdə aktiv müzakirə olunurdu. 2016-cı ildə SOCAR geoloqları “Buzovna-Maştağa” neft yatağında təkrar elmi-tədqiqat işlərinin aparılmasının vacibliyini, yeni qazıma işləri həyata keçirməklə daha böyük səmərə əldə olunacağını açıqılamışdılar.

Milli Məclisdə açəqlanan məlumata görə, yeni sazişin icrası üzrə aralıq dövr (ilk 24 ay) və hasilat dövrü (aralıq dövründən sonrakı 25 il) müəyyənləşib. Ölkə mətbuatının yazdığına görə, Sazişdə SOCAR-ın tərəfdaşı olan  yerli şirkət  müqavilənin imzalanmasından cəmi 2 ay əvvəl - 19 oktyabr 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. “GL İnternational LTD” MMC-nin 2019-cu ildə təsis olunan “GL LTD” MMC adlı şirkətin törəmə müəssisəsidir.  “GL LTD” MMC-nin daha bir törəmə müəssisəsi olan “GL İnvestment” MMC şirkəti Azərbaycanın quruda ən iri neft yataqlarından biri olan “Kürsəngi” və “Qarabağlı” neft yataqlarının daxil olduğu blokun reabilitasiyası, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Sazişdə (“HPBS”) və “Salyan Oyl Limited” əməliyyat şirkətində 50 faiz iştirak payına sahibdir.

SOCAR-ın kadr, rejim və informasiya texnologiyaları üzrə vitse-prezidentinin müavini, şirkətin mətbuat katibi İbrahim Əhmədovun mətbuata verdiyi açıqlamada qeyd olunur ki, Risk Xidmət Sazişləri və Hasilatın Pay Bölgüsü Sazişlərində iştirak edən şirkətlər tərəfindən adətən saziş üzrə müvafiq funksiyaları icra edəcək yeni törəmə şirkət təsis olunur: “Bu, yayılmış praktikadır və neft-qaz sənayesində digər şirkətlər, o cümlədən tanınmış aparıcı şirkətlər tərəfindən tətbiq olunur. Ana şirkət olaraq, GL şirkəti isə daha uzun müddət fəaliyyət göstərir. ”Salyan Oil" şirkəti ilə hasilatın pay bölgüsü sazişi hələ 1998-ci ildə imzalanıb və bugünədək qüvvədədir. GL şirkəti ötən il “Salyan Oil” şirkətində pay sahibi olub".

Oxu.az - İlham Şaban: Azərbaycan təkcə xam qazın satışı ilə  kifayətlənməyəcək

İlham Şaban

Enerji məsələləri üzrə ekspert, “Neft” Araşdırmalar Mərkəzinin rəhbəri İlham Şabanın “Yeni Müsavat”a dediyinə görə, Azərbaycanda özəl şirkətin neft sektorunda fəaliyyətə başlaması özlüyündə müsbət hadisədir: “Nəhayət ki, müstəqilliyimizin 30 ilində neft sektorunda yerli özəl şirkətin iştirakını görürük. Dəfələrlə xaricilər məndən soruşurdular ki, Azərbaycanda yerli şirkətlərdən neft sektoruna yatırım niyə yoxdur. Şirkətdə çalışanların bir çoxunu tanıyıram, bp şirkətində zəngin təcrübə toplayan mütəxəssislərdir. Mənfi xüsusiyyətlərini də deyim. Baxmayaraq ki, bp-nin şinelindən çıxıblar, amma görürsən ki, KİV və cəmiyyətlə işləmək təcrübələri hələ yoxdu. Arzu edək ki, nə ”Nobel Oil"ə oxşasınlar, nə də “Global Energy”yə".

Ekspert bildirir ki, risk-xidmət müqaviləsi hasilatın pay-bölgüsü sazişlərindən fərqlənir: “Hasilatın pay bölgüsü sazişlərində yataq və yataqdakı karbohidrogenlər müqavilə müddətində payçı şirkətlərin balansında olur. Risk-xidmət müqaviləsinə əsasən isə yataq onun sahibi olan şirkətin - yəni bu halda SOCAR-ın balansında qalacaq. Özəl tərəfdaşın işi müqavilənin əhatə etdiyi yataqlarda hasilatın artırılmasını təmin etməkdir. Bunun üçün hansı üsullardan istifadə edə bilər? Quyuların təmiri, neft verimliliyinin artırılması, yeni texnologiyaların tətbiqi və sair. Şirkətin buna çəkdiyi xərclər ödənilir, artıq hasil olunan neftin pulu bölünür. Əgər hasilat artırılmırsa, şirkətə mənfəət ödənmir”.

Dünya SAKİT

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR