İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanın ikinci Münxen uğuru - Təhlil

968 21.02.2023 12:17 Media A A

Paşinyana master-klass, Ermənistana Münxen dərsi - Prezidentdən tarixi mesajlar, xəbərdarlıq və çağırışlar

Azərbaycan təbii ki, 3 il öncəki (2020, fevral) analoji tədbirdən fərqli olaraq, budəfəki konfransa qalib statusda, özünə daha əmin-arxayın şəkildə və daha güclü mövqe ilə qatılmışdı. Konfrans həm də son vaxtlar Ermənistan və havadarlarının ölkəmizə qarşı apardıqları informasiya savaşını zəiflətmək və önləmək baxımından mühüm önəm kəsb edirdi. Çünki söhbət həqiqətləri beynəlxalq ictimaiyyətə çatdırmaq baxımından olduqca vacib bir platformadan, tribunadan gedir.

Ermənistan rəhbəri Nikol Paşinyan da Münhendə idi. Lakin dünya okeanına çıxışı olmayan, qiymətli təbii qaynaqlardan məhrum, üstəlik, öz qonşularına qarşı hələ də əsassız ərazi iddiasından əl çəkməyən bu “izqoy” və dalan ölkə qlobal təhlükəsizliyə hansı töhfəni verə bilər(di) ki?

Elə də oldu. Kapitulyant ölkə və onun rəhbəri Azərbaycan və onun lideri fonunda görünməz oldu, arxa planda qaldı. Prezident İlham Əliyev Ermənistana layiqli yerini göstərdi, dünyanı yalanlarla aldatmağa çalışan Paşinyana və ölkəsinə növbəti dərs verdi, ona master-klass keçdi. Eyni zamanda dövlətimizin sülhpərvər olduğunu bir daha dünyaya nümayiş etdirdi. 

“Azərbaycan və Ermənistan arasında düşmənçilik başa çatmalıdır”.

İlham Əliyev bunu Münhen Təhlükəsizlik Konfransının “Dağları aşmaq? Cənubi Qafqazda təhlükəsizliyin qurulması” mövzusunda plenar iclasında çıxışı zamanı söylədi. Qeyd etdi ki, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması ciddi fikir ayrılıqlarına malik ölkələrin bir araya gələrək düşmənçilik səhifəsini bağlamasına yaxşı nümunə ola bilər.

“Ümumi geosiyasi vəziyyət tamamilə dəyişib və ehtimal ki, Rusiya-Ukrayna müharibəsindən əvvəlki vaxta qayıtmayacaq. Biz ənənəvi tərəfdaşlarla ticarət sahəsində əməkdaşlıqla bağlı bəzi mənfi cəhətlərini, eyni zamanda, xüsusilə də kommunikasiya layihələri ilə bağlı bəzi üstünlükləri görürük. Azərbaycan uzun illərdir ki, müasir nəqliyyat-logistika infrastrukturunun yaradılmasına investisiya yatırıb və indi Mərəzi Asiyadan karqo nəqlinin Azərbaycandan keçməklə Avropaya yönəldilməsi əlavə imkanlar yaradır. Amma bildiyiniz kimi, bizim özümüz də təxminən 2 il əvvəl 44 gün çəkən müharibədə olmuşuq və biz müharibənin nə olduğunu, xalqlar üçün necə dağıntıya və məşəqqətə səbəb olduğunu bilirik. Ona görə də biz Avrasiyada sülhün bərqərar olunmasını istəyirik. Mən düşünürəm ki, Azərbaycan və Ermənistan uzunmüddətli qarşılıqlı nifrət mövqeyinin dəyişməsini nümayiş etdirməlidir və düşmənçilik başa çatmalıdır. Biz hazırda Ermənistan və Azərbaycan arasında sülh sazişi üzərində işləyirik. Ümidvaram ki, biz onu tezliklə tamamlayacağıq və mən düşünürəm ki, bu ciddi tarixi fikir ayrılıqlarına malik ölkələrin bir araya gələrək düşmənçilik səhifəsini bağlamasına yaxşı nümunə ola bilər”, - dövlət başçısı vurğuladı.

Azərbaycan Prezidentinin debatlar zamanı səsləndirdiyi başqa bir mühüm məqamlardan biri: dövlət başçısı bildirdi ki, bir daha “Dağlıq Qarabağ” ifadəsi işlədilməməlidir. “Diqqətinizə çatdırım ki, "Dağlıq Qarabağ" ifadəsi daha etibarlı deyil. Ümumiyyətlə, bu, rus sözləridir. “Naqorno” sözünün mənası dağlıq deməkdir. Azərbaycanda “Dağlıq Qarabağ” adlı inzibati ərazi vahidi yoxdur. Erməni əhalinin olduğu Azərbaycanın Qarabağ bölgəsi var. Bu səbəbdən tərəfdaşlarımızdan xahiş etmək istərdim ki, Azərbaycanın suverenliyinə və Konstitusiyasına hörmətlə yanaşsınlar".

Paşinyan isə öz aləmində guya Əliyevə cavab olaraq dedi ki, “Dağlıq Qarabağ” ifadəsi Azərbaycan Prezidentinin imzası duran 10 noyabr üçtərəfli bəyanatında yer alıb. Bu, bir daha onu göstərir ki, Ermənistan hələ də Azərbaycana qarşı ərazi iddiasından əl çəkməyib və bu ifadəni sülh müqaviləsinə salmaq istəyir. Daxili işlərimizə qarışmaq ayrı necə olur ki? Demək, İrəvanın sülh ritorikası səmimi deyil. Çünki 10 noyabr sənədində “Dağlıq Qarabağ” ifadəsinin olması heç də o demək deyil ki, Azərbaycan suveren dövlət kimi özünün inzibati ərazi quruluşunda dəyişiklik edə bilməz və bunun üçün Ermənistandan, Paşinyandan icazə almalıdır?

Əslində bu fakt vaxtilə “Qarabağ Ermənistandır və nöqtə” deyən Nikolun beynəlxalq hüquqdan bixəbər olduğunu, ümumiyyətlə, hüquqi  bisavadlığını bir daha ortaya qoymuş oldu. 

59-cu Münhen Təhlükəsizlik Konfransında yüksək səviyyədə və uğurlu iştirak sözsüz ki, ölkəmizin beynəlxalq arenada haqlı mövqeyini daha da gücləndirəcək. Azərbaycan bununla öz ayağının altını bir qədər də möhkləmlətdi. Prezident belə bir ifadə də işlətdi ki, bölgədə gedən proseslər yeni yanaşmalar tələb edir.

Deputat Azər Badamov – “Buraxılış imtahanları yenidən keçirilsin”

Azər Badamov

Milli Məclisin deputatı Azər Badamov “Yeni Müsavat”a bildirdi ki, Münxen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyev ölkəmizin milli maraqlarından irəli gələn çox yüksək səviyyədə çıxış etdi və  bu hadisə Azərbaycanın ədalətli mövqeyinin dünya ictimaiyyətinə çatdırılması baxımından  çox  əhəmiyyətli  oldu: “Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ-ın Dövlət katibi Entoni Blinkenin iştirakı ilə keçirilən  üçtərəfli görüşdə ilk dəfə olaraq sülh müqaviləsinin imzalanması dəhlizlər razılığını yol  statusuna çevrilməsi məsələsini  rəsmi olaraq ilk dəfə  gündəmə gətirildi. Sərhədlərin delimitasiya və demarkasiya olunması üçün Azərbaycanla Ermənistan sərhədində həm Laçın rayonunda, həm də Zəngəzurda nəzarət-keçid postlarının qurulması təklif olundu. Azərbaycanın ədalətli mövqeyi beynəlxalq ictimaiyyət tərəfindən də dəstəklənir. Cənubi Qafqazda təhlükəsizlik məsələləri ilə bağlı keçirilən plenar iclasda dövlət başçımız Paşinyana kapitulyasiya sənədinə imza atdığını və Dağlıq Qarabağ adında bir inzibati ərazi olmadığını xatırladı. Laçın yolunun blokada olunması ilə bağlı Ermənistanın feyk məlumatları ifşa edildi. Azərbaycan Prezidentinin qaldırdığı bütün məsələlərə çox böyük diqqət və marağın olduğu açıq göründü. Münhen Konfransı Azərbaycanın yeni yaranmış reallıqda mövqeyinin dünyaya çatdırılması üçün böyük əhəmiyyət daşıdı. Azərbaycan Prezidenti növbəti dəfə Ermənistan baş nazirini tutarlı arqumentlərə əsaslanan fikirləri ilə məğlub etdi”.

Hikmət Babaoğlu: Azərbaycan mətbuatı böyük inkişaf yolu keçib - Yeni Gəncə

Hikmət Babaoğlu

Milli Məclisin deputatı Hikmət Babaoğlu isə bildirdi ki, Münxen Təhlükəsizlik Konfransı dünyanın yeni təhlükəsizlik arxitekturasına doğru gedən yolda mühüm bir mərhələ kimi səciyyəvi hesab edilir: "Azərbaycan artıq həm bu siyasi coğrafiyanın mühüm aktorlarından biri, həm də hərbi-siyasi və enerji təhlükəsizliyi baxımından mühüm ölkəsidir. Azərbaycan 2020-ci ildən sonra yaratdığı yeni reallıqla regionun strateji açarına sahib olub. Yəni təkcə geoiqtisadi baxımdan deyil, hərbi-strateji baxımdan da bu gün təhlükəsizliyi təmin edən əsas ölkəyə çevrilib. Eyni zamanda bütün bu üstünlüklərə baxmayaraq, Azərbaycan sülh və əməkdaşlıq gündəmi formalaşdırır. Ona görə də həm Avropanın, həm də Asiyanın təhlükəsizliyi üçün mühüm rol oynayan bir ölkənin lideri və bu yeni reallıqların strateji müəllifi olan siyasətçi kimi Prezident İlham Əliyevin Münhen Təhlükəsizlik Konfransında iştirakı və fikirləri demək olar ki, bütün iştirakçıların diqqət mərkəzində idi. Azərbaycan Prezidenti konfransda öz çıxış və təşəbbüslərini konseptual əsaslarda təqdim edərək ilk növbədə yol verilən hansı səhvlərdən sonra bugünkü təhlükəsizlik təhdidlərinin ortaya çıxdığını açıqladı. Tarixi xronoloji ardıcıllıqda aydın oldu ki, vaxtında işğalçılıq siyasəti dəstəklənməsəydi, yəni ilk növbədə ötən əsrin 90-cı illərindən başlayan Ermənistanın Azərbaycana təcavüzü qınansaydı, işğalçı ölkəyə sanksiyalar tətbiq edilsəydi, BMT Təhlükəsizlik Şurasının qətnamələri yerinə yetirilsəydi, ATƏT-in Minsk Qrupu öz missiyasını yerinə yetirsəydi, 2020-ci ildə baş verən müharibə də olmazdı. Yaxud daha sonra işğalçılığın dəstəklənməsinin motivasiya etdiyi Moldova, Gürcüstan hadisələri, hətta hazırkı Rusiya-Ukrayna müharibəsi üçün də tamamilə fərqli şərtlər ola bilərdi. Azərbaycan Prezidentinin irəli sürdüyü fikirlərin ümumi paradiqması ondan ibarət idi ki, daha təhlükəsiz dünya qurmaq istəyiriksə, bizi bugünkü təhlükələrə gətirən xətalara bir də yol verməməliyik. Ancaq real mənzərə ondan ibarətdir ki, gələcəkdə yeni müharibə ocağı yaratmaq üçün yeni səylər hələ də davam edir. Münhen Təhlükəsizlik Konfransında Prezident İlham Əliyevin iştirakını və Cənubi Qafqazda mümkün sülhlə bağlı mövqeyini regional təhlükəsizliyin yeni və dayanıqlı prinsipləri kimi qəbul etmək olar”.

 

 

 

 

 

 

 

 

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusunda hazırlanıb.

Hazırladı: Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR