İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanı xəritədə tapa bilməyən konqresmenlərin 1 sentə dəyməyən "vicdanı"

1690 02.05.2024 16:53 Siyasət A A


Azərbaycan-ABŞ münasibətləri öz tarixində növbəti sınaqdan keçir. Əfsus ki, bu münasibətlər yenə də öz potensialına tərs mütənasib olaraq, hamar və problemsiz deyil. Ən çox da qarşı tərəfin reallaşması qeyri-mümkün konyuktur maraqları və yanlışlıqları ucbatından.

Təkcə bu faktı yada salmaq kifayətdir ki, 44 günlük müharibədən sonra səfiri Şuşaya hələ də ayaq basmayan iki ölkədən biri məhz ABŞ-dır (Digəri də məlum - Fransa)...

Bu günlərdə isə məlum oldu ki, ABŞ Konqresinin ikipartiyalı qrupu insan haqları bəhanəsi altında Azərbaycanın yüksək vəzifəli məmurlarına qarşı sanksiyaların tətbiqini nəzərdə tutan qanun layihəsini təqdim edib. Təxribatçı təşəbbüsün müəllifləri erməni lobbisinə bağlı konqresmenlər Dina Titus və Qas Bilirakisdir.

Gözlənilən idi. Çoxdan bilirdik ki, xüsusən də Qərbdəki erməni lobbisi və onun satın aldığı yerli parlamentarilər, Azərbaycanı xəritədə göstərə bilməyən şarlatan Qərb siyasətçiləri Qarabağ üzərində öz suverenliyini bərpa etdiyi, erməni separatizminin kökünü kəsdiyi üçün ölkəmizi cəzalandırmaq üçün fürsət axtarırlar, ciddi cəhdlə çalışırlar.

Bu da həmin “xanədən”, eyni zamanda, Azərbaycana qarşı sanksiyalar ehtiva edən ilk qanun layihəsidir. Məgər buna da təəccüblənməyə lüzum varmı ki, sənədə qoşulan Konqres üzvlərinin, demək olar, hamısı antitürk, islamafob və ermənipərəstdir?..

Bu azmış kimi, Nümayəndələr Palatasının Təxsisatlar Komitəsinin 66 konqresmeni “Dağlıq Qarabağdan məcburi köçkünlər üçün 200 milyon dollar ayrılmasına”, ABŞ-ın Ermənistana hərbi yardımının artırılmasına, Azərbaycan üçün bütün hərbi təhlükəsizlik fondlarının dayandırılmasına və “azərbaycanlı hərbi cinayətkarlara qarşı sanksiyaların araşdırılmasına” çağırıb. Rəsmi Bakını utanıb-qızarmadan erməni əhaliyə qarşı soyqırımında ittiham ediblər.

İşə bax, separatçıların Qarabağda basdırdığı milyonlarla minanı təmizləmək üçün Azərbaycan dövlətinə 1 dollar ayırmayan Konqresdən həmin separatçı əhali üçün 200 milyon dollar (!) istənilir. Amerika ədaləti bumu? Yəni yenə tipik erməni leksikonu, erməni “ağzı”...

Hərgah, bu da var ki, erməni lobbisinin dəridən-qabıqdan çıxmasına və böyük pullar xərcləməsinə rəğmən, 44 günlük müharibədən sonra keçən 3 il yarımda haylar öz istəyinə böyük ölçüdə çatmayıblar. Qoparılan bunca hay-küyə baxmayaraq, belə avantürist təklif və təşəbbüslər, çağırışlar hələ ki, Konqresdə çoxluğun təqdirini və təsdiqini qazanmayıb. Qanun və ya qətnamə şəklini almayıb.

Ümid edirik, bu dəfə də belə olacaq. Erməni lobbisi yekunda məyus olacaq. Azərbaycanı, onun Müzəffər Ordusunu, Müzəffər Ali Baş Komandanı və baş tacımız Milli Qəhrəmanlarımızı, qazilərimizi şərləmək mümkün olmayacaq. Hər halda, biz “istənilən düz əyrini kəsər” məntiqinə, əlahəzrət gerçəyə inanmağa davam edirik...

Doğrudan da, YALAN nə qədər üfürülüb əcaib şəklə salınsa da, nə yaxşı ki, onun ayaqları həmişə zəif, cılız olur. O səbəbə yürüyə, qaça bilmir. Ayaqlanmaq istəyən kimi yıxılır...

Sırtıqlığın şiddətinə bax. Azərbaycan Qarabağda erməni əhalini “soyqırımı”na məruz qoyubmuş. Genosid olmuşdusa, Ermənistana könüllü şəkildə, rahatca köç edən və bu zaman burnu da qanmayan 100 min nəfər hansı millətdən idi? Yad planetlilərmi?

Genosid ya var, ya yoxdur. Ən önəmlisi, hüquq elminə görə, onun baş verməsi, qeydə alınması üçün iki mühüm şərt gərəkir: motiv (niyyət) və soyqırımı faktının özü.

Azərbaycan dövləti və onun rəhbərliyinin belə bir niyyətinin olmadığını beynəlxalq ictimaiyyət, dünyadakı bütün vicdanlı insanlar, ictimai və siyasi xadimlər yaxşı bilir. Əks halda, Bakı Qarabağdakı erməni əhaliyə humanitar yardım üçün Ağdam yolunu açıq saxlamaz, üstəlik, özü Xankəndiyə ərzaq məhsulları göndərməzdi – hansından ki, xunta rejimi imtina etdi. Genosid beləmi olur?..

İkinci şərt – soyqırımı faktı da əlbəttə, yerli-dibli yoxdur. Bu boyda iftiranı necə dilə gətirmək olar? Söhbət 100-150 il öncəki olaylardan getmir ki. Dünyanın gözü önündə cəmi 7 ay qabaq yaşanmış və yetərincə sənədləşdirilmiş hadisələrdən gedir! Hansı hadisələrdə ki, təkrar edirik, dinc erməninin - uşağın, qocanın, qadının burnu belə qanamayıb. Eləcə də bir günlük antiterror tədbirləri zamanı. Yerdə nə qaldı?

Əlbəttə ki, Qərbdə erməni maşasına çevrilmiş birilərinin olmayan şərəfi, sızıldamayan vicdanı...

Siyasət şöbəsi,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR