İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda şagirdlərin məktəb sevgisizliyi -  səbəb...

1411 12.01.2023 14:10 Media A A

Kimlər və niyə dərsə getmir; dünyada buna görə cəzalar var, bizdə isə...

Bu gün ölkəmizdə təhsildən yayınan uşaqların sayı çoxluq təşkil edir. Məktəblilərin bəhanəsi bitib-tükənmək bilmir. Aşağı siniflərdə oxuyanlar havanın soyuq olduğunu əsas gətirərək, sinif otaqlarında oturmağın mümkünsüzlüyünü əsas gətirirlər. 9-cu sinifdən etibarən isə uşaqlar daha çox hazırlıq kurslarına, özəl məşğələlərə getdikləri üçün məktəbi ikinci plana atırlar. Xüsusən yuxarı siniflərdə valideynlərlə məktəb rəhbərliyi arasında “anlaşma”nın olması da heç kimə sirr deyil. Bəlli məbləğ ödənilir və şagird ancaq yoxlamadan-yoxlamaya, summativ testlər keçirilən zaman məktəbə gəlir. Ona görə də adi günlərdə məktəb siniflərinə gedib, yuxarı sinif şagirdlərinin dərs keçdiyi otaqların monitorinqini aparmaq lazımdır. Ümumiyyətlə, bəzi məktəblilər dərsə niyə getmirlər? Bununla bağlı məktəbin və valideynlərin məsuliyyəti nə qədərdir?

“Təhsil haqqında” Qanununun 32-ci bəndinə əsasən valideynlər təhsil müəssisəsini, təhsilin istiqamətini, ixtisasını, təhsilin formasını və təlimin dilini seçməkdə azad hüquqlara malikdirlər.

Azərbaycan Respublikasının qanunvericiliyinə görə, təhsil müəssisələrini seçməklə bağlı valideynlərə seçim azadlığı verir, buna görə də Elm və Təhsil Nazirliyi və ona tabe olan qurumlar təklikdə məktəbə gəlməyən şagirdləri müəyyən edə bilmirlər. Bu qurumların bunun üçün lazımi səlahiyyətləri yoxdur.  Aydın məsələdir ki, ölkədaxili miqrasiya ilə bağlı problemlər əsasən də iqtisadi səbəblərlə bağlıdır, buna görə də valideynlər işədüzəlmə ilə bağlı yaşayış yerlərini tərk edirlər. Lakin bu hallarda daha çox uşaqlar əziyyət çəkir.

Qeydiyyat ünvanı üzrə işləməyən valideynlərin çox vaxt daimi yaşayış yeri olmur, bu da həmin valideynlərin övladlarının məktəbə davamiyyətinə nəzarətdə özünü büruzə verir. Bu cür hallarda məsuliyyətin böyük hissəsi təbii olaraq valideynlərin üzərinə düşür. Bununla belə, qeyd etmək lazımdır ki, müvafiq dövlət qurumlarının da bu prosesə nəzarət etməsinin rolu vacibdir.

Təhsil Xidmətləri Araşdırma və Təhlil Mərkəzi 2019-cu ilin oktyabr və noyabr aylarında Bakı küçələrində “Ümumtəhsil məktəblərində davamiyyət səviyyəsi haqqında” seçmə statistik monitorinq aparıb. Monitorinq zamanı 6-17 yaşlı 309 nəfər uşaq sorğu olunub, onların 55 faizini oğlanlar, 45 faizini qızlar təşkil edib. Orta məktəblərin önündə aparılan monitorinqlər nəticəsində ümumtəhsil məktəblərində oxuyan və repetitor yanına getmə səbəbindən məktəbdən yayınanlar əsasən 15-17 yaşlı uşaqlardır. Repetitor yanına getmə səbəbindən həmin yaşda məktəbdən yayınan uşaqlar 77,7 faiz təşkil edib və onların əksəriyyəti, 80,5 faizi qızlardır. Məktəbdən yayınma halları əsasən yuxarı yaşlı uşaqlar arasında qeydə alınıb və onların 55,3 faizi 15-17 yaşda, 24,6 faizi 12-14 yaşda olanlardır. Apardığımız monitorinq nəticəsində ortaya çıxdı ki, ümumtəhsil məktəblərində oxuyan uşaqların 49,8 faizi 1 ayadək, 10,4 faizi 1 aydan 3 ayadək, 11 faizi 3 aydan 6 ayadək, 14,7 faizi 6 aydan 1 ilədək, 14,1 faizi isə 1 il və yuxarı müddətdə məktəbə getməyib.

Maraqlıdır ki, bizdə dərsə gəlməyən uşaqla bağlı “dədə-baba qaydası”nda cəzalar tətbiq olunsa da, bir çox ölkələrdə cəza sistemi tamamilə fərqlidir. Məsələn, qonşu Türkiyədə bu cəza sistemi çoxdan tətbiq olunur. Şanlıurfada hər hansı səbəb olmadığı halda məktəbə gəlmədiyi müəyyənləşən, böyük əksəriyyəti qız olan məktəblilərin valideynlərinə 2 milyon 462 min 790 TL pul cəzası verilib. Məktəbə gəlinməyən hər gün üçün 15 lira (7 AZN) məbləğində pul cəzası müəyyənləşdiyi üçün toplam cəza məbləği bu qədər yüksək olub.  Sözügedən şəhərdə uşaqların məktəbə göndərilməməsi halları çox geniş yayılıb və bu səbəbdən də valideynləri bu formada cəzalandırma mexanizmi tapılıb. Orada 3 min 541 şagirdin heç bir səbəb olmadan 1-3 ay arasında dərslərə girmədiyi müəyyənləşib.

İngiltərədə isə vəziyyət nisbətən fərqlidir. İngilis qanunlarına görə, şagirdlər ailələrinin icazəsi ilə məktəbə ən çoxu 2 həftə ərzində getməyə bilər. Amma vacib dərsləri və imtahanları olduğu zamanı dərsdən yayınma yolverilməzdir. Xüsusən də GCSE imtahanını ötürmək kimi bir səhvə əsla düşmək olmaz. GCSE imtahanın ödənişi daha öncədən edildiyi üçün imtahana girməyən şagirdin ödədiyi məbləğ də avtomatik olaraq yanır. Və növbəti il GCSE imtahanına girə bilmək üçün də yenidən müvafiq məbləğ ödənməlidir. GCSE imtahanı may ayının sonu, iyunun əvvəlində baş tutur.

Fransa liseylərində icazəsiz 10 gün dərsə getməyən şagirdin qiyməti neçə olursa-olsun, uğur qazanmamış sayılır. 1 və ya 2 gün müddətində dərsə gəlməyən şagirdin valideyni tərəfindən yazılan ərizə vacib sənəddir. Amma bu müddət 1 həftə və ondan artıqdırsa, bu zaman həkim arayışı tələb olunur.

2012-ci ildən Almaniyada da dərsə gəlməyən şagirdin valideyninin cəzalandırılması qüvvəyə minib. Cəzanı kifayət qədər sərt adlandırmaq olar. Belə ki, 20 dəfə ardıcıl əsassız səbəbdən dərs buraxan şagirdin valideyni daha uşağının təhsilinə müdaxilə və ya nəzarət edə bilməz. Yeni qanun onları sadəcə bu hüquqdan məhrum edir. Qanunun işləməsinə birbaşa yeniyetmələrlə iş üzrə məhkəmənin hakimləri nəzarət edir. Əgər şagird 20 gün dalbadal dərs buraxırsa, hakim dərhal həmin uşağın valideynlərini uşağın təhsili ilə bağlı bütün hüquqlardan məhrum edir. Bundan sonra uşağın davamiyyəti, təhsili yalnız təhsil ocağının nəzarətində olur. Məktəb hətta səbəbsiz dərs buraxan şagirdi ilkin olaraq cəzalandırmaq məqsədilə onu məcburi əməyə cəlb edə və ya ailəni cərimə ödəməyə məcbur edə bilər. Bu, yalnız xəbərdarlıq məqsədli ilk cəzadır. İkincidə isə məktəb məhkəmənin dəstəyi ilə şagird üzərində nəzarəti tam əlinə alır və valideyn avtomatik olaraq hər hansı təsir edə bilmək imkanını itirir.

Statistikaya görə, hazırda Almaniyada şagirdlərin 8 faizi təhsilini başa vurmadan məktəbi atır. 8 faiz isə rəqəmlə yarım milyondan çox yeniyetmə deməkdir. İndi dövlət yeni qanunun köməyi ilə bu rəqəmi 2015-ci ilə qədər yarıbayarı azaltmağı planlaşdırır.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Uşaq və gənclərin fiziki mə mənəvi inkişafı" mövzusunda hazırlanıb.

Hazırladı: Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR