İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda iqtisadi artım zəifləyir

912 15.07.2023 08:37 Media A A

Ekspert: “İlin ikinci yarısında hökumətin proqnozlaşdırdığı iqtisadi artıma nail olmaq imkanı var”

Azərbaycanda ümumi daxili məhsulun artım tempi getdikcə azalır. Dövlət Statistika Komitəsinin məlumatına əsasən 2023-cü ilin yanvar-iyun aylarında ölkədə 60 milyard 302,1 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 0,5 faiz çox ümumi daxili məhsul istehsal olunub.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 2,1 faiz azalıb, qeyri neft-qaz sektorunda isə 3,1 faiz artıb. ÜDM istehsalının 43,7 faizi sənaye, 9,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 5,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,6 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 4,7 faizi tikinti, 2,3 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,6 faizi informasiya və rabitə sahələrinin, 17,7 faizi digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3 faizini təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 5 946,9 manata bərabər olub.

Xatırladaq ki, yanvar ayında ÜDM-də 1,5 faizlik azalma, fevral və mart aylarında 0,4 faizlik, apreldə 0,1 faizlik, mayda 0,7 faizlik artım qeydə alınıb.

Azərbaycan hökuməti ilin yekununda 1,8 faizlik iqtisadi artıma nail olunacağını proqnozlaşdırır. Hesab olunur ki, dövlət büdcəsində edilən dəyişikliklərlə azad olunmuş ərazilərin bərpasına yönəldiləcək əlavə vəsaitlər hesabına həyata keçirilən bərpa prosesi bu artıma təkan verəcək.

Bəzi beynəlxalq agentliklər isə hökumətin bu optimizmini bölüşmürlər. Belə ki, Standard & Poors  Beynəlxalq Reytinq agentliyi 2023-cü il üzrə Azərbaycanın real ümumdaxili məhsulunda (ÜDM) artım olmayacağını, 2024-2026-cı illərdə isə artımın 1,4 faiz səviyyəsində olacağını proqnozlaşdırıb: “Biz Azərbaycanın real ÜDM-nin 2023-cü ildə durğunlaşacağını proqnozlaşdırırıq ki, bu da əvvəlki dekabr 2022-ci il proqnozumuza uyğundur. 2023-cü ildə qeyri-neft sektoru böyüməyə davam etsə və qaz hasilatında müəyyən artım olsa da, neft hasilatının aşağı salınması bir maneə olacaq. Neft hasilatının azalması ortamüddətli perspektivdə artıma təsir göstərməyə davam edəcək və biz 2024-2026-cı illər ərzində orta real artımın 1,4 faiz olacağını proqnozlaşdırırıq”.

Rəsmi statistikaya əsasən 2023-cü ilin birinci yarısında Azərbaycanda 15, 2 milyon ton neft hasil olunub ki, bu da əvvəlki illə müqayisədə 7,7 faiz azdır. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilat 3,9 milyon ton təşkil edib ki, bu da əvvəlki ilin göstəricisinə bərabərdir. Neft hasilatı üzrə əsas azalma “Azəri-Çıraq-Günəşli” yatağında qeydə alınıb. Burada ötən ilin birinci yarısında 11 milyon ton neft hasil edilmişdisə, cari ilin eyni dövründə bu göstərici 9,1 milyon tona düşüb. Bu, 1,9 milyon ton azalma deməkdir.

Bir çox ekspertlər dövlət büdcəsi hesabına qeyri-neft sektorunda həyata keçirilən investisiya qoyuluşlarının təsiri ilə ilin ikinci yarısında iqtisadi artım tempinin sürətlənəcəyini gözləyirlər. Lakin bu il qeyri-neft sektoruna kapital qoyuluşunun artım sürəti də zəifləyib. Rəsmi statistikaya əsasən 2023-cü ilin yanvar-iyun aylarında Azərbaycanda əsas kapitala 7 milyard 148,3 milyon manat məbləğində, yaxud 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə 10,4 faiz çox vəsait yönəldilib. Bu zaman neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 21,4 faiz, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 4,2 faiz artıb. Əsas kapitala yönəldilmiş vəsaitlərin 5 milyard 208,9 milyon manatını və ya 72,9 faizini daxili vəsaitlər təşkil edib.

Xatırladaq ki, 2022-ci ilin yanvar-iyun aylarında əsas kapitala 6 milyard 299,6 milyon manat məbləğində vəsait yönəldilmişdi ki, bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 0,7 faiz çox idi. Lakin ötən il neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 20,7 faiz azalıb, qeyri neft-qaz sektoruna yönəldilən vəsaitin həcmi isə 18,5 faiz artmışdı. Bu il isə biz qeyri-neft-qaz sektoruna yatırılan investisiyalarda artım sürətinin 4 dəfədən çox azaldığını görürük.

Mövcud şərtlər daxilində Azərbaycanda ÜDM artımının sürətlənməsi nə qədər realdır? İlin sonunadək hökumətin proqnozlaşdırdığı hədəf göstəriciyə - 1,8 faizlik artıma çatılması hansı halda mümkündür?

Rəşad Həsənov: "Problemli kreditlərin həlli bank sisteminin  sağlamlaşdırılması üçün əhəmiyyətlidir" - VİDEOMÜSAHİBƏ

Rəşad Həsənov

Sualları cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, hökumətin proqnozunun reallaşması mümkündür: “Bu, daha çox qeyri neft-qaz sektorunun hesabına baş verəcək. Bugünkü şərtlər daxilində iqtisadi artımı dəstəkləyən əsas amil turizm sektorundakı bərpa, informasiya-kommunikasiya texnologiyaları və tikinti sektorunda qeydə alınan genişlənmədir. Nəzərə almaq lazımdır ki, ilin ikinci yarısında bu istiqamətlərdə artım tempinin aşağı düşməsi baş verəcək.

Lakin tikinti sektorunda gözlənilən investisiya yatırımları bu azalmanı kompensasiya etməklə yanaşı, ümumilikdə ölkə üzrə iqtisadi artıma töhfə verəcək. Yəni ilin ikinci yarısı üçün təkcə azad olunmuş ərazilərə 2,5 milyard əlavə vəsait ayrılıb. Bu, kifayət qədər yüksək məbləğdir və çox mühüm hissəsi tikinti-yenidənqurma işlərinə sərf ediləcək".

Ekspert bildirir ki, Azərbaycan iqtisadiyyatı orta gəlir tələsinə düşmüş vəziyyətdədir: “Müxtəlif qiymətləndirmələrə görə, 10-14 il arasında müəyyən gəlir səviyyəsini keçə bilməyən ölkələr orta gəlir tələsinə düşmüş hesab olunur. Orta gəlir tələsi kifayət qədər təhlükəli vəziyyətdir. Bu vəziyyətdən çıxmaq üçün fundamental siyasi-iqtisadi idarəetmə islahatlarının aparılması lazım gəlir. Azərbaycanda belə islahatlar azad biznes və sağlam rəqabət mühitinin formalaşdırılmasını, inhisarçılığın aradan qaldırılmasını, liberal iqtisadi birliklərə üzlük və sairi nəzərdə tutur. Ölkə kifayət qədər təhlükəli sərhədə çatıb, inkişaf etmiş ölkələrlə aramızda fərq sürətlə artır. Düşünürəm ki, bu vəziyyətdən çıxmaq üçün zəruri siyasi iradə olmalıdır”.

Yazını hazırladı: Dünya SAKİT

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR