İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda boşanmalarda yeni artım

1869 02.04.2022 08:30 KİVDF layihələri A A

Mediatorlar nə dərəcədə tərəflərin barışmasına nail olurlar? Psixoloq: “Son vaxtlar bəzi fərdlər sərvət, mülk üçün evlənirlər...”

Dövlət Statistika Komitəsinin yaydığı son məlumata görə, bu ilin yanvar ayında 10197 doğulan körpə qeydə alınıb, 6009 ölüm, 5475 nikah, 1248 boşanma rəsmiləşib. Bununla da məlum olur ki, 2021-ci ilin yanvar ayı ilə müqayisədə doğum 5,5 faiz, ölüm 25,5 faiz azalıb, nikahlar 2 dəfə,  boşanmalar isə 7,1 faiz artıb.

Bu bir faktdır ki, həm dünya ölkələrində, həm də Azərbaycanda ildən-ilə boşananların sayı artan tendensiyadadır. Mütəxəssislər boşanma səbəbləri kimi əsasən sosial-iqtisadi problemlər, qloballaşan dünyada aqressiyanın artması, bundan irəli gələn psixoloji gərginlikləri göstərir.

Mövzu ilə bağlı tanınmış psixoloq Vəfa Rəşidova qəzetimizə bildirdi ki, son vaxtlar bəzi fərdlər sərvət, mülk üçün evlənməyə çalışır. Əlbəttə ki, bu halda boşanmaların sayı çoxalacaq. Əgər tendensiya bu şəkildə qalarsa, insanların yanaşması bu cür olmaqda davam edərsə, gələcəkdə boşanmalarda dəfələrlə arta bilər. Çox təəssüf, indi əksər gənclər öz dünya görüşlərini, yanaşma tərzlərini yeniləməyə çalışmırlar. Hər zaman maariflənmək, yenilənmək lazımdır. Bəzən bunun edən şəxslər cəmiyyətdə iqnor edilir. Daha bir məsələ: kişilər qadınla necə rəftar etməyi, düzgün münasibət qurmağı özlərində formalaşdırsalar, təbii ki, boşanmaların sayı müəyyən qədər azalar".

Vəfa Rəşidova: “Öyrəşdiyimiz həyatın sağlamlığımız üçün fəsadları var”

Vəfa Rəşidova

Çox təəssüf ki, bəzən boşanan tərəflər arasında davam edən mübahisələr sonradan münaqişəyə, faciəyə gətirib çıxarır. Bu problemin qarşısını almaq üçün ölkəmizdə 2020-ci ilin fevralından etibarən Azərbaycanda Mediasiya Şurası fəaliyyət göstərir. “Mediasiya haqqında” Qanuna görə Kommersiya mübahisələri, həmçinin ailə və əmək münasibətlərindən irəli gələn mübahisələr üzrə bu Qanunun 28-ci və 29-cu maddələrinə uyğun olaraq, məhkəməyə müraciət etməmişdən əvvəl ilkin mediasiya sessiyasında iştirak tələb olunur. Yəni boşanma üçün müraciət edən şəxsin ilkin mediasiya sessiyasında iştirakı məcburidir.

Bəs mediatorlar tərəfləri nə qədər barışdıra bilir? Ümumiyyətlə, mediatorun bu məsələdə rolu nədən ibarətdir?

The most sexy car in the city” -FƏRHAD MEHDİYEV ONU REKLAM EDƏN MAŞINI BELƏ  TƏQDİM ETDİ/ FOTO - Günün Səsi

Fərhad Mehdiyev

Beynəlxalq hüquqşünas, mediator Fərhad Mehdiyev mövzu ilə bağlı “Yeni Müsavat”a bunları dedi: “2021-ci ilin iyul ayından tətbiqinə başlanan mediasiya prosesinin məqsədi, peşəkar danışıqlar aparma qabiliyyətinə sahib olan mediatorun vasitəsilə, aralarında hüquqi münaqişə olan tərəfləri bir masanın ətrafında əyləşdirməklə, onların arasındakı mübahisəni məhkəmədən kənar qaydada həll etməkdir. Mediator hər iki tərəflə ayrılıqda birgə danışıqlar aparır, tərəflərin maraqlarını öyrənir və onları uzlaşdırmağa çalışır. Mediasiyaya 3 növ mübahisədə məhkəmədən əvvəl qaydada müraciət etmək məcburidir - ailə, əmək və kommersiya mübahisələrində”.

Fərhad Mehdiyev qeyd etdi ki, mediatorlara daha çox gələn məhz ailə mübahisələri, yəni boşanma işləri ilə bağlı müraciətlər olur: “Burda mediatorun məqsədi nədir? Mümkün olduğu və məqsədə uyğun olduğu hallarda, mediator tərəfləri barışdırması mümkündür. Amma praktika onu göstərir ki, boşanma mərhələsinə gəlmiş ər-arvadı davamlı şəkildə barışdırmaq çox vaxt mümkün olmur. Bunun mümkün olmadığı hallarda, mediator tərəflərə mədəni formada ayrılmağa, aralarında daha sonra düşmənçiliyin qalmaması üçün qalıcı bir sülhün bağlanmasına nail olmağa çalışır. Mediator tərəfləri mədəni formada boşanması üçün  əsasən aşağıdakı məsələlər üzrə razılığın əldə olunmasına çalışır:

Uşaqların kimin yanında qalması məsələsi;

Digər tərəfin uşaqlarla görüşməsi - yəni, həftədə neçə gün, neçə saat, harada görüş ola bilər;

Aliment məsələsi;

Mediator başqa məsələləri də həll edir və həll etməsi də yaxşıdır. Məsələn, uşaqların xarici ölkəyə çıxarılması məsələsini. Adətən məhkəmə boşanma işlərində uşaqların kimin yanında qalması, aliment məsələsini həll edir. Amma məhkəmə bir çox hallarda ünsiyyət, uşaqların xarici ölkəyə çıxarılması, bayram günlərində uşaqların kimin yanında qalması, ad günlərinin necə keçiriləcəyi və sairə məsələləri həll etmir. Mediator birbaşa bu məsələləri həll etmək imkanına malikdir. Mediator qarşısına çıxan bütün ailə mübahisələrində barışığa nail ola bilmir. Yəni, barışıq sazişi dedikdə burada tərəflərin barışması nəzərdə tutulmur. Burada söhbət tərəflərin məhz mədəni formada ayrılmasından gedir. Praktika onu göstərir ki, görülən işlərin dörddə biri barışıq sazişi ilə nəticələnir. Yəni, tərəflər məhkəmənin həll edəcəyi məsələləri özləri öz aralarında razılaşırlar, hansı ki, bunlar əsasən uşaqlar üzərində qəyyumluq, aliment məsələləridir. Əgər tərəflər arasında əmlak bölgüsü ilə bağlı mübahisə varsa, tərəflər bu məsələdə bir-birinə düşmənçilik münasibəti bəsləyirsə, mediator köməklik göstərə bilər. Əfsuslar olsun ki, bir çox hallarda tərəflər razılığa gələ bilmirlər. Daha çox bu məsələlər ilə bağlı qarşımıza çətinliklər çıxır.

Bəs məhkəmə qərarı ilə mediatorun vasitəçiliyi ilə bağlanan barışıq sazişinin fərqi nədir? Hakim qanuna əsasən qərar qəbul edir. Tərəflər öz istək və xahişlərini bildirsələr də, hakim qanuna dayanaraq qərar çıxarır. Mediator vasitəçiliyində isə əgər tərəflər razılığa gəlirlərsə, saziş bağlanır. Daha bir fərq ondadır ki, barışıq sazişi bağlananda onun icra edilməsində problem yaranmır, çünki tərəflər könüllü olaraq bu sazişə razılıq verirlər. Mediator ilə vəkilin fərqi isə budur ki, vəkil öz müştərisinin hüquqlarını müdafiə edir. Mediatorun isə müştərisi olmur, onun qarşısında sadəcə iki tərəf dayanır. Daha bir məsələ, mediator heç bir tərəfin tərəfini saxlamır, yəni, müstəqil olur".

Hazırladı: Xalidə GƏRAY

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR