İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda biznes kreditləri üçün müraciətlər azalıb - səbəb

1208 26.08.2023 08:29 Media A A

Əkrəm Həsənov: “Biznes həmişə böyümək istəyir”...

Azərbaycanda biznesin kredit üçün müraciətlərində kəskin azalma var. Bununla bağlı “Yeni Müsavat”a bank mənbələrindən verilən məlumata görə, son bir neçə ayda banklara kredit üçün müraciət edən sahibkarların sayı əvvəlki dövrlərlə müqayisədə 30 faizdən çox azalıb. Üstəlik, edilən müraciətlərdə kredit şərtlərinə uyğun gələnlərin də sayı yetərincə düşüb. Nəticədə bir çox banklarda ipoteka, istehlak kreditləri üzrə planlara artıqlaması ilə əməl olunduğu halda, biznes kreditləri üzrə plan aylarla kəsir nümayiş etdirir.

Azərbaycan Mərkəzi Bankının məlumatına əsasən ölkədə 2023-cü il avqustun 1-nə biznes kreditlərinin həcmi 11 milyard 622.7 milyon manat təşkil edib. Bu isə o deməkdir ki, biznes kreditlərinin həcmi cari ilin iyul ayının 1-i ilə müqayisədə 0,2 faiz və ya 27,8 milyon manat azalıb. 2022-ci ilin müvafiq dövrü ilə müqayisədə isə biznes kreditlərinin həcmi 10.7 faiz və ya 1 milyard 125,7 milyon manat artıb.

Mərkəzi Bank biznes portfelinin sahibkarlıq subyektləri üzrə bölgüsü barədə məlumatı da açıqlayıb. Məlumata görə, bu ilin yeddi ayında biznes kreditlərinin 5 milyard 308 milyon manatı iri sahibkarlığa, 2 milyard 444.3 milyon manatı orta sahibkarlığa, 1 milyard 662.8 milyon manatı kiçik sahibkarlığa, 2 milyard 207.5 milyon manatı mikro sahibkarlığa verilib. Beləliklə, biznes kredilərinin 4 milyard 107.1 milyon manatı kiçik və orta sahibkarların banklara olan borcudur

“Azərbaycan Banklar Assosiyasiyası” (ABA) İctimai Birliyinin prezidenti Zakir Nuriyevin dediyinə görə isə bu il iyulun 1-nə Azərbaycanda biznes kreditlərinin 26  faizi girovsuz verilib: “Ötən ilin eyni dövrü ilə müqayisədə girovsuz verilən biznes kreditlərinin məbləğində 1 faiz artım var. Biznes kreditlərinin bir növü olan mikro kreditlərin 36 faizi girovsuz verilib. Bu kreditlər isə son 1 ildə 31 faiz artıb”.

Qeyd edək ki, yeddi ayda verilmiş biznes kreditlərinin cəmi 64,8 milyon manatı güzəştli kreditlərdir. İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondundan “Yeni Müsavat”a verilən məlumata əsasən qurumun ayırdığı 64,8 milyon manat 1295 layihənin maliyyələşdirilməsinə xidmət edir: “Verilmiş kreditlərin məbləğ üzrə 50,7 faizi kənd təsərrüfatı, 32 faizi sənaye, o cümlədən kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, 9,4 faizi turizm, 6,5 faizi xidmət sahələrinin inkişafı, 1,4 faizi isə balıqçılıq və akvakulturanın inkişafına yönəldilib. Həmçinin bildiririk ki, müvafiq dövrdə güzəştli kreditdən yararlanmış layihələrin 99,9 faizi mikro, kiçik və orta sahibkarlıq subyektlərinə aiddir. Bu ilin yanvar-iyul ayları ərzində verilmiş kreditlərdə Bakı şəhəri və Abşeron iqtisadi rayonu istisna olmaqla, regionların payı 75 faiz (48,5 milyon manat) olub”.

Əkrəm Həsənov: “Ziddiyyətli məhkəmə qərarlarını nəzərə alaraq süni  intellektli məhkəmə “error” verəcək” - pia.az

Əkrəm Həsənov

Onu da qeyd edək ki, son illərdə Azərbaycanda biznes kreditləşməsi şərtlərində xeyli yumşalmalar olub. Bu halda biznesin kredit müraciətlərinin azalması nəylə bağlı ola bilər?Bank sahəsi üzrə ekspert Əkrəm Həsənovun “Yeni Müsavat” dediyinə görə, biznes həmişə daha da böyümək istəyir: “Bu isə o halda mümkün olur ki, biznesin fundamental hüquqları qorunsun. Bu baxımdan, Azərbaycanda biznesin böyüməsi imkanları getdikcə məhdudlaşır. Biznes nəylə böyüyür: ya kreditlə, ya da öz vəsaiti hesabına. Krediti banklardan alır, aydındır. Öz vəsaitlərini isə əsasən səhmdar cəmiyyətlər formasında birləşərək inkişafa yatırırlar. Azərbaycanda səhmdar cəmiyyətlərinin inkişafı üçün zəruri olan hüquqi baza yoxdur. Korporativ qanunvericilik bərbaddır. Üstəlik, mövcud qanunvericiliyin tətbiqi vəziyyəti də acınacaqlıdır. 2014-2016-cı illərdə Vergilər Nazirliyinin təşəbbüsü ilə Almaniyadan gələn mütəxəssislər və mən də daxil olmaqla yerli mütəxəssis qrupu korporativ hüquq sahəsində qanunvericiliyin təkmilləşməsi hazırladıq. Çox böyük bir layihə idi, lakin  hələ də o layihə qəbul edilməyib. Buna görə də Azərbaycanda biznesin böyümək üçün əsas ümid yeri kreditlərdir”. 

Ekspert bildirir ki, Azərbaycanda biznesin kreditə daha çox müraciət etməsi üçün bir sıra şərtlər təmin olunmalıdır: “Bazar iqtisadiyyatının 3 əsas sütunu var: mülkiyyətin müdafiəsi, öhdəliklərin icrası və sağlam rəqabət mühiti. Azərbaycanda bu sahələrdə problemlər var və onların aradan qaldırılması son dərəcə vacibdir. Mülkiyyət hüququnun müdafiəsi, öhdəliklərin icrası sahəsində ən mühüm addım kimi dərin məhkəmə islahatlarının həyata keçirilməsi vacibdir. Çünki məhkəmə hakimiyyətinin müstəqilliyi olmasa, biznes öz hüquqlarını müdafiə etmək imkanı əldə edə bilməz. Digər məsələ sağlam rəqabət mühitidir. Azərbaycanda bu sahədə də fundamental problemlər var. Məmurların biznes fəaliyyəti ölkədə inhisarlaşmanı dərinləşdirib. Azərbaycanda 17 ildir Rəqabət Məcəlləsinin qəbuluna imkan verilmir. Ötən il deyilirdi ki, Milli Məclisin bu ilki yaz sessiyasında məcəllə müzakirəyə çıxarılacaq, amma yaz sessiyası da bitdi, əlavə yay sessiyası da,  bu, baş vermədi. İnhisarçı məmur biznesinin olması kiçik və orta sahibkarlığın inkişafına imkan vermir. Dövlət nə qədər dəstək versə də, inhisarlaşma bu sahənin inkişafının qarşısını alır”.

Ə.Həsənov bildirir ki, biznesin kreditə az müraciət etməsi banklar üçün də problem yaradır: “Banklar özləri orta və iri sahibkarlıq subyektləridir. Onların da böyüməsi kreditlərin, o cümlədən biznes kreditlərinin artımından asılıdır. Yəni demək istədiyim odur ki, biznesin inkişafı hər sahədə inkişaf deməkdir”.

HAZIRLADI: Dünya SAKİT

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR