İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda bəzi qəzetlər bahalaşdı - səbəb

972 13.01.2024 12:53 Media A A

Ölkədə bəzi qəzetlərin qiymətlərində ortalama 20 qəpik artım olub. Belə ki, “Azərbaycan”, “Bakinskiy raboçi”, “İki sahil”, “Respublika”, “Xalq qəzeti”, “Yeni Azərbaycan” qəzetləri 20 qəpik bahalaşaraq 60 qəpiyə satılır.

“Yejednevnıye Novosti” qəzetinin qiyməti isə 30 qəpik bahalaşaraq 80 qəpik olub. “Xalq Cəbhəsi” qəzeti isə 10 qəpik bahalaşaraq 40 qəpiyə satılır. (Trend)

Hazırda Azərbaycanda gündəlik çap olunan qəzetlərin sayı -11 dir. Tirajlara nəzər salsaq, “Yeni Müsavat” qəzeti 1500, “525-ci qəzet” 3525, “Səs” qəzeti  5000 nüsxə ilə çap olunur. Ən çox tirajı olan qəzet “İki sahil” qəzetidir-8282. Həftəlik qəzetlərin sayı isə 16-dır. 

“Yeni Müsavat” Media Qrupunun baş direktoru Ələsgər Süleymanov qeyd etdi ki, “Yeni Müsavat” qəzetinin  qiyməti dəyişməz qalıb: “Uzun illərdir qəzetimizin bir nüsxəsinin qiyməti 0,60 AZN-dir. Bəzi qəzetlərin qiyməti 0,40-0,50 AZN idi. Artımdan sonra isə həmin nəşrlərin qiyməti 0,60 AZN olub. Qiymətlərin artması təbiidir. Son illər ərzində hər şeyin  qiyməti bir neçə dəfə artıb. Qiymətin artımını şərtləndirən əsas amillərdən biri də əksər qəzetlərin nəşr olunduğu ”Azərbaycan Nəşriyyatı"nda çap qiymətlərinin artmasıdır. Biz qiyməti olduğu kimi  saxlamaqla özəl mətbəədə daha ucuz çap xidməti əldə etmək yolunu tutduq. Keyfiyyət baxımından müəyyən dərəcədə fərq olsa da, qiymət artımındansa, bu variantı seçdik".

Qarabağa səfərlərdə tanınmış imzalar unudulur - reaksiyalar

Ələsgər Süleymanov 

Ə. Süleymanov qeyd etdi ki, “Yeni Müsavat” qəzetinin qiyməti bahalaşmayacaq: “Qəzetimizin qiyməti bahalaşmayacaq. Nəzərə almaq lazımdır ki, qəzetlərin satışı ilə bağlı ümumi vəziyyət o qədər də ürəkaçan deyil. Dövlət qəzetlərinin müəyyən abunələri var. Həmin qəzetlər abunənin hesabına müəyyən gəlir əldə edə bilirlər. ”Yeni Müsavat" qəzeti kimi özəl qəzetlərin gəliri yalnız satışa hesablanıb. Satışla bağlı vəziyyət isə göz önündədir - səyyar satış yox, marketlərdə metrolarda qəzet satışı üçün nəzərdə tutulan stendlər yox. Satış ürəkaçan olmadığı üçün qiymət artımını da məqsədəuyğun hesab etmirəm".

Xatırladaq ki, 2022-ci ilin noyabr ayında Medianın İnkişafı Agentliyinin təşkilatçılığı və Media Təhlil Mərkəzinin tərəfdaşlığı ilə “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platforması ictimaiyyətə təqdim olunub. “E-köşk” qəzet və jurnalların rəqəmsal yayım platforması yazılı medianın inkişafına dəstək məqsədilə yaradılıb. 

Nigar HƏSƏNLİ,
“Yeni Müsavat”



Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR