İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycanda aqrar məhsulları köçürmə yolu ilə almaq olmur - səbəb

1407 02.07.2022 08:40 KİVDF layihələri A A

Rəşad Həsənov: “Kənd təsərrüfatı məhsullarının alışı üçün nağdlaşdırma limiti artırılmalıdır...”

Azərbaycanda kölgə iqtisadiyyatın payının azaldılması məqsədilə həyata keçirilən tədbirlərin bir istiqamətini nağdsız hesablaşmaların həcminin artırılması təşkil edir. Buna nail olmaq üçün dövlət qurumlarının göstərdikləri bütün xidmətlərin dəyərinin banklar vasitəsilə ödənilməsi tələbi qoyulub.

Eyni zamanda, ölkədə nağdsız əməliyyatların həcmini artırmaq üçün fiziki və hüquqi şəxslərin nağd əməliyyatlarına limit tətbiq olunub. Onlar qoyulan limitdən artıq vəsaiti nağdlaşdıra, nağd xərcləyə bilmirlər. Bakı və Abşeronda əldə edilən mal və xidmətlər üçün sahibkarlar hesablaşmaların qeyri-nağd aparılması tələbinə əməl edə bilsələr də, regionlarda bunu etmək çox çətindir. Çünki regionlarda, xüsusilə də kənd təsərrüfatı istehsalı ilə məşğul olan fərdi şəxslər, eləcə də fermerlər məhsullarını bank köçürməsi yolu ilə satmaqdan imtina edirlər.

Hazırda bu vəziyyət ölkənin quşçuluq təsərrüfatlarına ciddi problemlər yaradır. Belə ki, qlobal səviyyədə baş verən proseslər üzündən ölkəyə yem və yem xammalının idxalında ciddi çətinliklər var. Eyni zamanda idxal olunan məhsulların qiyməti kəskin bahalaşıb. Bu şəraitdə quşçuluq müəssisələri yerli yem məhsullarına keçməyə çalışırlar. Lakin iri istehsal müəssisələri quşçuluq təsərrüfatları zəruri həcmdə yem ehtiyatı yarada bilmirlər, çünki taxıl istehsalçıları məhsulu yalnız nağd qaydada satmağa çalışırlar.

“Hacıqabul Broyler” MMC-nin rəhbəri Nemət Babaşovun sözlərinə görə, bir yumurta verən toyuğu yetişdirmək 10 aylıq sikl tələb edir: “Buna görə də yumurta istehsalçısı olan müəssisələrin 10 aylıq yem ehtiyatı yaratmadan istehsalı artırmağa başlaması riskli sayılır. Biz yumurta istehsalı ilə məşğul oluruq və fəaliyyətimizi bu riski nəzərə alaraq qururuq. Hazırda bildiyiniz kimi, taxıl biçinidir, qiymətlərin nisbətən aşağı olan dövrdür. Bu dövrdən istifadə edərək yem ehtiyatı yaratmağa çalışırıq. Lakin bir neçə xırda istehsalçını çıxmaq şərtilə, heç kimdən bank hesabına köçürmə yolu ilə taxıl ala bilmirik, hamı ödənişi nağd istəyir. Hətta 5-10 min hektar taxıl əkən iri istehsalçılar da nağd ödəniş tələb edirlər. Bizim isə hüquqi şəxs olaraq ayda cəmi 30 min AZN nağd hesablaşma limitimiz var. Bu, lazım olan taxıl ethiyatımızın 10 faizinə belə çatmır”.

Çap versiya > "Hacıqabul Broyler" işçilərinə etinasızlıq göstərir

Rəsmi rəqəmlərə baxdıqda, son illərdə Azərbaycanda nağdsız əməliyyatların həcminin artdığını görmək olur. Belə ki, əgər 2019-cu ildə Azərbaycanda aparılan nağdsız əməliyyatların həcmi 4,5 milyard manat təşkil edirdisə, artıq cari ilin 4 ayında bu rəqəm 6 milyard manata çatıb. Mərkəzi Bankın açıqladığı statistikadan aydın olur ki, 2022-ci il may ayının sonunda ölkədaxili nağdsız əməliyyatların həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə artıb. Lakin bu artımda əsas rolu kartlar vasitəsilə elektron ticarət oynayıb. Yəni nağdsız əməliyyatların tərkibində elektron ticarətin çox ciddi payı var.

Sahibkarların xüsusilə kənd təsərrüfatı məhsullarının alınması zamanı üzləşdiyi problemləri aradan qaldırmaq, bütün ölkə ərazisində nağdsız əməliyyatların reallaşmasını təmin etmək üçün hansı addımlar atılmalıdır?

Rəşad Həsənov: "Problemli kreditlərin həlli bank sisteminin  sağlamlaşdırılması üçün əhəmiyyətlidir" - YouTube

 Rəşad Həsənov

İqtisadçı-ekspert Rəşad Həsənovun sözlərinə görə, yalnız nağdsız hesablaşmalarla bağlı deyil, bütün istiqamətlərdə hüquqi çərçivə hazırlanarkən mövcud infrastrukturun nəzərə alınması çox vacibdir: “Çünki belə olmasa, qəbul edilmiş normalar, müəyyən edilmiş qaydalar biznesin inkişafına, fəaliyyətinə müsbət deyil, mənfi təsir göstərir. O cümlədən nağdsız hesablaşmalarla bağlı normalar da belə problemlər yaradır və bu, yeni deyil. Artıq yalnız kənd təsərrüfatı məhsullarının əldə olunmasında deyil, digər bir sıra sahələrdə də sahibkarlar problemlərlə üzləşirlər. Məsələ burasındadır ki, fiziki şəxslərə ay ərzində cəmi 15 min manat, hüquqi şəxslərə isə 30 min manat həcmində vəsaitin hesabdan nağdlaşdırılması norması ədalətlilik prinsipinə əsaslanan normalar deyil. Çünki bu norma ucdantutma bütün fiziki və hüquqi şəxslərə şamil olunur, yəni müəssisələrin ölçüsü, dövriyyəsi nəzərə alınmır. Bu o deməkdir ki, ayda cəmi 15 min manat dövriyyəsi olan sahibkar rahatlıqla onun hamısını nağdlaşdıra bilir, ayda 1,5 milyon manatlıq dövriyyəsi olan sahibkar isə yalnız 1 faizini nağdlaşdıra bilir. Bu, hazırkı Azərbaycan reallığında sahibkarlıq  subyektlərinin öz fəaliyyətlərini tənzimləməsi, zəruri alqı-satqıları həyata keçirməsi imkanlarını məhdudlaşdırır, onları tələbdən yayınmaq üçün müxtəlif  variantlardan istifadəyə məcbur edir. Bu vəziyyəti nəzərə alaraq, nağdlaşdırma tələbində diferesiallaşmaya gedilməsi daha məqsədəuyğun olardı.Yəni konkret məbləğ deyil, müəssisələrin dövriyyəsinin həcminin müəyyən hissəsi - tutalım hüquqi şəxslərdə 20 faizi, fiziki şəxslərdə 30 faizi həcmində məbləğin nağd xərclənməsinə icazə verilə bilər. Bu, yoxdur və artıq arada nağdlaşdırma xidməti göstərən şirkətlərin meydana çıxmasını müşahidə edirik. Bu şirktətlərin xidmətindən istifadə isə sahibkarlıq subyektlərinə əlavə xərclər yaradır”.

Ekspertin fikrincə, kənd təsərrüfatı sahəsində çalışan sahibkarlar üçün nağdlaşdırma həcmi daha yüksək götürülə bilər: “Kənd təsərrüfatı istehsalçıları əksər vergilərdən azaddırlar, ona görə də onların dövriyyəsinin uçota alınmasına diqqət yetirən yoxdur. Buna görə də kənd təsərrüfatı məhsulları istehlakına çəkilən xərclərin 70 faizə qədərinin nağdlaşdırılmasına icazə verilə bilər. Bu, imkan verər ki, kənd təsərrüfatı istehsalçılarından alınan məhsulların dəyərini fiziki və huquqi şəxslər nağd qaydada ödəsinlər”.

Dünya SAKİT

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR