İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycançılıq ideologiyasının ideala çevrilməsi üçün nə etməli - deputatın mövqeyi

783 05.04.2022 10:10 KİVDF layihələri A A

“Ali təhsil alan gənclər arasında milli ideologiyanın sistemli təbliğ olunması dövlət üçün faydalıdır”

Azərbaycan dövlətinin bütövlüyündə, xalqın birliyində, dövlətin möhkəmlənməsində və dayanıqlı əsaslara söykənərək inkişaf etməsində azərbaycançılıq ideologiyasının çox mühüm faktorlardan biri olduğu bəllidir. Çünki azərbaycançılıq ideologiyası həm də birləşdirici missiyanı həyata keçirir. Bir dövlətin və xalqın sarsılmazılığının təməl prinsiplərindən birinin məhz vətəndaş birliyi, milli həmrəylik olduğunu nəzərə alsaq o zaman azərbaycançılıq ideologiyasının əhəmiyyətinin, təsir gücünün miqyası barədə aydın təsəvvür yaranır.

Azərbaycançılıq ideyası ətrafında, etnik mənsubiyyətindən asılı olmayaraq, ölkədəki bütün insanlar birləşib. Bu da ondan irəli gəlir ki, Azərbaycanda yaşayan bütün xalqlar azərbaycançılıq ideyasını birləşdirici, vəhdət yaradıcı bir ideya kimi qəbul etməklə yanaşı, həm də bunu dərindən dərk edir. Azərbaycançılıq ideyasının fundamental əsaslarından birini də məhz bu faktor təşkil edir. Bu baxımdan azərbaycançılıq ideyası, demək olar ki, əhalinin bütün spektrini əhatə edir. Ümumiyyətlə, Azərbaycanda xalqların tarixi, adət-ənənələri, dil və mədəniyyətləri də qorunub inkişaf etdirilir. Eyni zamanda bu ideologiya siyasi, dövlətçilik ideologiyasıdır. Həmçinin, sözügedən ideologiya Azərbaycan xalqının və dövlətinin güclü olmasına yönəlib. Bununla belə, bu ideologiyanın hər bir azərbaycanlıya hakim olmasından ötrü daha geniş tədbirlər həyata keçirilməlidir. Habelə, güclü maarifləndirmə işi aparılmalıdır. Azərbaycan tarixi, coğrafiyası, iqtisadiyyatı, mədəniyyəti, hərb sənətilə bağlı sadə və konkret biliklər verilməlidir. Azərbaycanın regionda və dünyada tutduğu mövqe izah edilməlidir. İdeologiya ideala çevriləndə nəticə verir. Azərbaycançılıq ideologiyası çox taleyüklü bir məsələdir. Ona görə də azərbaycançılıq ideologiyasının təbliğinin gənc nəsilə hədəflənərək aparılması zəruridir. Bu ideologiya orta məktəblərdən başlamış, ali məktəblərə qədər bütün tədris ocaqlarında daha geniş formada təbliğ olunmalıdır. Bununla bağlı ölkədəki bütün ali məktəblərdə məşğələlərin keçirilməsinə ehtiyac var.

İƏT Azərbaycanı qələbə münasibəti ilə təbrik etdi, Ermənistana göz dağı  verdi

 Aydın Hüseynov 

Bu barədə “Yeni Müsavat”a şərhində Milli Məclisin üzvü Aydın Hüseynov bildirdi ki, tələbələrin hansı ixtisasa yiyələnməsindən asılı olmayaraq, ali təhsil alan gənclər arasında milli ideologiyanın sistemli təbliğ olunması dövlət üçün faydalıdır. Ona görə ki, çağdaş dünyada təhsilli gənclərin aparıcı qüvvəyə çevrilməsi get-gedə sürətlənir: “Azərbaycançılıqla orta ümumtəhsil məktəblərinin yuxarı siniflərində, xüsusilə də ali məktəblərdə hətta seminarların da keçirilməsi, məncə, gərəklidir. Ona görə ki, biz gənclərimizə bütün təhsil ocaqlarında, o cümlədən universitetlərdə azərbaycançılığı aşılamalıyıq. Hər hansı bir sosial sistemdə ideya konkret olmayanda, bu, müəyyən fəsadlara gətirib çıxarır. Ona görə də inkişaf üçün hökmən ideyanın aydın olması vacibdir. Bütün məqamlar nəzərə alınmaqla, düşünürəm ki, azərbaycançılıqla bağlı ali məktəblərdə təbliğat, seminarlar keçilməlidir. Ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan dövlətinə və xalqına miras qoyduğu bu möhtəşəm ideologiya daha geniş şəkildə, daha mahiyyətli formada gənc nəslə çatdırılmalıdır. Gənc nəsil bilməlidir ki, Azərbaycan dövlətinin mövcudluğunda, inkişaf etməsində, bütövlüyündə bu ideologiyaya bağlılığın müstəsna rolu var. Bu ideologiya bizim xalq, dövlət olaraq çox mühüm immunitetimizdir.

Azərbaycançılıq ideologiyası kompleks şəkildə təbliğ olunmalıdır. Çünki bu elə bir məsələdir ki, bunun siyasi, sosioloji yönümü var. İdeologiya ortalıqda olan praktik işlərin nümunəsində meydana çıxır. Eyni zamanda bu ideologiyanın mahiyyəti, əsasları, metodologiyası öyrədilir. Bu baxımdan buna geniş prizmadan yanaşıram. İstər ali məktəblərdə, istərsə də orta ümumtəhsil məktəblərində, harda olursa-olsun, ümumi şəkildə azərbaycançılıq haqda söhbətlər daha geniş şəkildə getməlidir. Bütün tədbirlərdə, mühazirələrdə, hətta ekskursiyaların özündə belə azərbaycançılığı qabartmaq lazımdır. Ailədən başlayaraq, təhsilin son pilləsinə qədər ümumi azərbaycançılıq mövqeyi aşılanmalıdır. Eyni zamanda pedaqoji baxımdan azərbaycançılıq bütün fənlərin timsalında aşılanmalıdır. Təkcə humanitar fənlər vasitəsilə bu ideologiyanı təbliğ etmək kifayət deyil. Hətta texniki fənlər vasitəsilə də təbliğ olunmalıdır. Ən başlıcası, tələbələrə dərs deyən müəllim azərbaycançılıq ideyasının daşıyıcısı olmalıdır. Orta məktəblərdə humanitar fənlərin timsalında azərbaycançılıq tədris olunur. Ancaq ali məktəblərdə ayrı-ayrı fənlər var. Bu fənlərə fəlsəfə, sosiologiya daxildir. Bu fənlərdə ayrıca mövzular götürülməlidir".

Deputatın sözlərinə görə, tərbiyə işlərində, hərbi vətənpərvərlik tərbiyəsinin kökündə azərbaycançılıq dayanmalıdır: "Bu minvalla, azərbaycançılıq ideologiyası böyüyən nəslin canına, ideyalarına, baxışlarına, əməllərinə hopmalıdır. Bu həm də o zaman təsirli olur ki, bu ideologiya onu tədris edənin əməlində olsun. Yəni praktik fəaliyyətlə, şəxsi nümunələrlə nəzəri baxışlar, fikirlər vəhdətdə olmalıdır. Belə qurularsa, gənclərimiz azərbaycançılıq ideyasının mahiyyətinə vararaq ölkənin layiqli vətəndaşı ola bilər".

Hazırladı: Etibar SEYİDAĞA 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR