İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycançılığın inkişafı multikultural mühitdən kənarda reallaşa bilməzdi” - deputat

3981 23.08.2022 09:20 KİVDF layihələri A A

Ceyhun Məmmədov: “Bu ideologiya ətrafında birləşərək vahid dövlət, vahid Azərbaycan xalqı olaraq çıxış edirik”

Azərbaycançılıq ideologiyası bütün dünya azərbaycanlılarını birləşdirir və bu ideologiya Ümummilli lider Heydər Əliyev tərəfindən dövlət ideologiyası kimi təsbit olunub. Azərbaycançılıq ideologiyasının formalaşması prosesində İslam dini mühüm rol oynayıb. İslami dəyərlər, ümumiyyətlə, İslam dini xalqımızın ideoloji xəttinə uyğundur. Azərbaycançılıq ideologiyası bütün islami dəyərləri də özündə ehtiva edir, eyni zamanda Azərbaycanda digər dinlərə sitayiş edən etnik qrupların da dini inanclarına hörmətlə yanaşır. Çünki Azərbaycançılıq ideologiyasının tərkib hissəsi olan multikulturalizm və tolerantlıq dövlət siyasətinə çevrilib. Azərbaycançılıq ideologiyasında olan dözümlülük, tolerantlıq, sülh, birgəyaşayış, multikultural dəyərlər həm də İslam dinindən gəlir. Nəticə etibarilə İslam elmi, inkişafı təlqin edən dindir. Ona görə də Azərbaycançılıq və İslam dedikdə, məsələnin bu kontekstdə qiymətləndirilməsi doğrudur.

Ulu öndər Heydər Əliyev hər şeydən əvvəl, milli-mənəvi dəyərlər sisteminin nə olduğunu və ona münasibətin necə formalaşmasını birmənalı şəkildə ictimai fikrin qarşısına qoyub, milli-mənəvi dəyərlər sisteminin təməlində dini dəyərlərin durduğunu bəyan edib. Bu gün azərbaycançılıq ideologiyasından söhbət açarkən digər məqamlarla yanaşı, bu ideologiyanın tərkib hissəsi olan multikulturalizm və tolerantlıq məsələlərinə xüsusi toxunmaq yerinə düşər. Çünki azərbaycançılıq ideologiyası həm də azərbaycanlıların ölkədəki digər etnik qruplara tolerant münasibətinin, sülh içərisində yaşamaq istəyinin bariz göstəricisidir.

Ceyhun Məmmədov: Azərbaycan milli mətbuatı çox şərəfli və zəngin inkişaf  yolu keçmişdir - "İki sahil"

Ceyhun Məmmədov 

Azərbaycan İlahiyyat İnstitutunun sabiq rektoru, Milli Məclisin deputatı Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, tarixən Azərbaycanda müxtəlif dinlərin, millətlərin nümayəndələri yaşayıblar. Bu gün də yaşayırlar və onlar ölkəmizdə sülh, qarşılıqlı anlaşma şəraitində yaşayır, dövlətin qayğısı ilə əhatə olunurlar. Burada ən vacib məqamlardan biri odur ki, Ümummilli lider Heydər Əliyev Azərbaycana rəhbərliyə gəldikdən sonra bu sahədə dövlət siyasəti daha da gücləndi. Azərbaycançılıq ideologiyasının dövlət ideologiyasına çevrilməsi burada çox mühüm təsirini göstərdi: “Çünki azərbaycançılıq ideologiyası Azərbaycanda yaşayan bütün millətlərin, bütün dinlərin vahid ideologiya ətrafında birləşməsi və vahid Azərbaycan xalqını, dövlətini təmsil etməsini nəzərdə tutur. Azərbaycançılıq ideologiyası bu mənada dövlətimiz üçün xüsusi əhəmiyyət daşıyır. Biz hər birimiz öz millətimizi, etnik qrupları, öz dinimizi təmsil etsək də bir ideologiya-Azərbaycançılıq ideologiyası ətrafında birləşərək vahid dövlət, vahid Azərbaycan xalqı olaraq çıxış edirik. Bu ideologiya ayrımçılığı deyil, birliyi, vahidliyi özündə ehtiva edir və ölkəmizdə mövcud olan bütün millətləri, dinləri öz çətiri altında birləşdirir.  

“Azərbaycan onun ərazisində yaşayan bütün millət və xalqların ümumi vətənidir” deyən Ulu Öndər Heydər Əliyev Azərbaycan xalqının əsrlər boyu təşəkkül tapmış multikulturalizm dəyərlərinə ən yüksək hüquqi-siyasi qiymət verib, multikultural cəmiyyətin formalaşdırılmasında müstəsna rol oynayıb, məhz bunun nəticəsində də multikulturalizm və tolerantlıq Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biri olaraq qəbul edilib. Bir sözlə, azərbaycançılıq ideologiyasının mərkəzində Azərbaycanda yaşayan xalqların tarixi, mənəvi-əxlaqi, mədəni ənənələr əsasında vahid birliyi ideyası dayanır. Heydər Əliyevin qurduğu müasir, müstəqil Azərbaycan bu gün onun davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq arenada öz sözünü deyir və inkişaf edir.

Azərbaycanda müxtəlif konfessiyaların nümayəndələri yaşayır və dini etiqadlarını sərbəst şəkildə həyata keçirirlər. Onun sözlərinə görə, bəşəriyyətin tarixi təkamül prosesi göstərdi ki, hər bir dövlətin uzun ömürlülüyünü təmin edən, cəmiyyəti öz ətrafında birləşdirməyə qadir, eyni zamanda, xalqın mental düşüncəsində dərin kök salmış bir ideologiyaya ehtiyac vardır. Bu faktor çoxmillətli və çoxkonfessiyalılığı ilə tanınan ölkələr üçün daha aktualdır, desək, yanılmarıq. Çağdaş dövrdə birləşdirici faktor və həmrəyliyimizin ifadəçisi kimi çıxış edən azərbaycançılıq məfkurəsi, eləcə də multikultural cəmiyyət anlayışı forma baxımından yeni olasalar da, mahiyyət etibarilə Azərbaycana yad olmayan sosial münasibətlər toplusudur".

Deputatın sözlərinə görə, ölkənin vahidliyi və bütövlüyünü təmin etməyin ən uğurlu modeli kimi azərbaycançılığın dövlət siyasəti halına gətirilməsi, azərbaycançılığın inkişafı multikultural mühitdən kənarda reallaşa bilməzdi. Bir-birini ahəngdar şəkildə tamamlayan bu iki baxışlar sistemi dövlət maraqları ilə yanaşı, milli-mənəvi dəyərlər, mədəni və etnokonfessional müstəvidə müxtəlifliklər arasında harmonik uzlaşmanı təmin etməsi ilə səciyyələnir. Azərbaycançılıq məfkurəsini cəmiyyətdə sabitlik, əminamanlığı təmin edib dövlətçiliyin stabil əsaslar üzərində tərəqqisinə geniş üfüqlər açmaqla yanaşı, digər tərəfdən öz humanist və bəşəri mahiyyəti ilə xarakterizə etmək olar. Nəzərə alsaq ki, burada həm də ayrı-ayrı din, dil və mədəniyyət daşıyıcılarına nəinki toxunulmazlıq hüququ verilir, hətta azlıq və çoxluq təşkil etməsindən asılı olmayaraq bərabər miqyasda hörmət ehtiram göstərilir, bu ideologiyanın humanist və bəşəri mahiyyəti bir daha aydın olur.

Etibar SEYİDAĞA 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR