İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan “Zelenski” formulu çağırışına necə cavab verəcək?  

657 02.05.2024 12:31 Siyasət A A

Ukrayna Azərbaycanı “Zelenski formulu”na qoşulmağa çağırdı.

Musavat.com xəbər verir ki, Ukrayna Azərbaycanı Zelenskinin sülh formuluna qoşulmağa dəvət edib.
Bu barədə Ali Radanın sədr müavini Yelena Kondratyuk Facebook-da yazıb.

“Ukrayna adından mən də Azərbaycanı İsveçrədə keçiriləcək Sülh Sammitində iştirak etməyə və məsələn, enerji təhlükəsizliyi və ya minalardan təmizləmə məsələlərində prezident Zelenskinin Ukrayna sülh düsturunun bir və ya bir neçə bəndinə qoşulmağa dəvət etdim”.
Bu barədə rəsmi Bakının hələlik heç bir açıqlaması yoxdur.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin aparıcı məsləhətçisi, siyasi elmlər üzrə fəlsəfə doktoru Mətin Məmmədli Musavat.com-a bildirib ki, Azərbaycanın Ukrayna ilə bağlı keçiriləcək Sülh forumunda iştirak etməsi nəzəri olaraq mümkündür.

Ekspert vurğulayıb ki, Azərbaycanın Ukrayna ilə strateji tərəfdaşlıq münasibətləri var: “Azərbaycan Ukraynanın ərazi bütövlüyünü birmənalı olaraq müdafiə edir. Hesab edirəm ki, forumun gündəliyi və digər məsələlər dəqiqləşdikdən sonra, təbii ki, əgər rəsmi dəvət olarsa, Azərbaycanın iştirak edib-etməməsi dəqiqləşəcək. Ukrayna ilə yanaşı, Rusiya ilə də strateji tərəfdaşlıq münasibətlərimiz var. Məlum olduğu kimi, 2022-ci ilin fevral ayında “Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında Bəyannamə” imzalanıb. Tərəflər bəyannamənin şərtlərini nəzərə almağa çalışırlar. Ukrayna mövzusu Azərbaycan üçün həssas məsələdir. Azərbaycan münaqişənin tezliklə danışıqlar yolu sülh ilə bitməsinin, Ukraynaya sülhün gəlməsinin tərəfdarıyıq. Müharibə başladıqdan sonra Ukraynaya çox böyük ziyan dəyib. İnfrastruktur dağıdılıb, ölkə milyardlarla dollar məbləğində ziyanla üzləşib. Azərbaycan strateji tərəfdaş olaraq Ukraynanın bərpasında maraqlıdır”.

Qeyd edək ki, 15-16 iyun tarixlərində İsveçrədə Ukrayna münaqişəsi üzrə sülh planına dair beynəlxalq konfrans keçiriləcək. Tədbir İsveçrənin Nidvalden kantonunun Lyutsern şəhərinin Byurgenştok sanatoriyasında təşkil ediləcək. Konfransda 100-ə yaxın ölkənin iştirakı gözlənilir. ABŞ Prezidenti Co Bayden də sülh konfransında iştirak etmək niyyətində olduğunu bəyan edib.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR