İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan Türk Dövlətləri Təşkilatında lokomotiv rolunda

7518 01.11.2022 10:20 KİVDF layihələri A A

TDT-nin elan edilməsindən keçən 1 il necə yadda qaldı; Azərbaycan Türk dünyasının həyatında dönüş yaradan bu yeni siyasi mərhələnin başlanmasının müəlliflərindəndir

İlk gününü yaşadığımız noyabr Azərbaycan tarixində artıq bir sıra mühüm tarixi, qürurverici günlərin olduğu ay kimi fərqlənən aylardandır: 8 noyabr Qələbə günü, 9 noyabr Dövlət bayrağı günü, 12 noyabr Müstəqil Azərbaycanın Konstitusiya günü, 12 noyabr Türk Dövlətləri Təşkilatının elan edildiyi gün, 17 noyabr Milli dirçəliş günü...

Bu yazıda Türk Dövlətləri Təşkilatının yaranmasının əhəmiyyətinə baxış keçirmişik. Çünki bu ay Türk Dövlətləri Təşkilatının elan edilməsindən bir il keçir. 2021-ci ilin 12 noyabrında İstanbulda keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VIII Zirvə Görüşündə Türk Dövlətləri Təşkilatının yaradılması barədə qərar qəbul edildi. Bu qərar dünyada türk dövlətlərinin birliyi, inteqrasiyası istiqamətində atılan çox böyük tarixi hadisə oldu. Türk Dövlətləri Təşkilatında Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkmənistan təmsil olunur. Macarıstan isə müşahidəçi statuslu üzvdür.

Qabil Hüseynli: “Nikol Paşinyana sui-qəsd ola bilər” » Reyting.az

Qabil Hüseynli

Politoloq Qabil Hüseynli “Yeni Müsavat”a şərhində bildirib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bu yaxınlarda-oktyabrın 21-də Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdat Amreyevi qəbul edərkən söylədiyi fikirlər bu təşkilatın əhəmiyyətinin nə qədər böyük olduğu, perspektivi barədə təsəvvür yaradır. Prezident çox dəqiq bildirdi ki, Türk Dövlətləri Təşkilatının yaradılması təkcə adın dəyişməsi deyil, həm də inkişaf vektorunun dəyişməsidir: “Azərbaycan həm bu təşkilat çərçivəsində, həmçinin ikitərəfli formatda əməkdaşlığa həmişə çox diqqətlə yanaşıb. Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Təsadüfi deyil ki, Azərbaycan Prezidentinin səfərlərinin  və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, dövlətlərin bu məsələyə əlavə dinamizm verdiyini  görürük. Türk Dövlətləri Təşkilatının elan edilməsindən keçən bir il bu təşkilatda olan dövlətlərin arasında çox sıx əlaqələrin, mühüm səfərlərin həyata keçirilməsi, yeni layihələrin, hökumətlərarası müqavilələrin imzalanması, təşkilatın müxtəlif istiqamətlər üzrə toplantılarının keçirilməsi ilə yadda qalıb. Türk Dövlətləri Təşkilatı türkdilli ölkələr arasında ikitərəfli dostluq münasibətlərinə də öz töhfəsini verir. Diqqət edirsinizsə, Azərbaycanın Türkiyə başda olmaqla, digər qardaş türk dövlətləri ilə əlaqələrində son bir ildə yeni bir dinamizm, sıçrayış müşahidə olunur. Bütün türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir. Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq ümumi maraqlar ətrafında daha sıx birləşməliyik. Azərbaycan Prezidenti də bildirib ki, bu halda gələcək illərdə qarşılıqlı siyasi fəaliyyətlə bərabər, təhlükəsizlik tədbirlərinin möhkəmləndirilməsi sahəsində əməkdaşlıq əsas istiqamətlərdən biri olacaq”.

Politoloq qeyd etdi ki, bu yaxınlarda ölkələrimizin təhlükəsizlik şuraları rəhbərlərinin görüşü də keçirilib. Bizim xüsusi xidmətlərimiz işləyir. TDT bu sahə üçün yaxşı baza yaratmağa nail olub: “Üzv dövlətlər arasında həm ikitərəfli əsasda, həm də artıq daha geniş əsasda hərbi-texniki əməkdaşlıq və hərbi əməkdaşlıq münasibətləri qurulur.

Dünya dəyişir, buna görə yeni təhdidlər və yeni çağırışlar, necə deyərlər, artıq qapını döyür. Buna görə Azərbaycan dövləti artıq ən yüksək səviyyədə bəyan edib ki, TDT üzvü olan dövlətlər arasında iqtisadi əməkdaşlıqla bərabər, nəqliyyat, humanitar və başqa sahələrdə əməkdaşlıq prioritetlərdən biri olacaq, Azərbaycan Türk dünyasının birliyini möhkəmləndirmək üçün bundan sonra da nə mümkündürsə edəcək. Türk dünyası dövlətləri milli dövlətlər çərçivəsində artıq birləşiblər. Azərbaycan bu prosesin lokomotivi olan ölkədir".

Q.Hüseynli xatırlatdı ki, Türk Dövlətləri Təşkilatı din sahəsində də əlaqələrin güclənməsinə töhfəsini verir. Ötən ay Azərbaycanda Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin türk-İslam dünyasının məram və amallarına xidmət edən görüşləri keçirilidi: “Görüşlər, tədbirlər Bakıda və Şuşada baş tutdu. Şuşada keçirilməsinin isə xüsusi anlamı var idi. 19-21 oktyabrda Türk Dövlətləri Təşkilatının müsəlman dini liderlərinin türk-İslam dünyasının məram və amallarına xidmət edən görüşlərinə və mənəvi birliyinin təşkilati baxımdan gerçəkləşmə tədbirlərinə məhz Azərbaycan ev sahibliyi etdi. Türk Dövlətləri Təşkilatının Müsəlman Dini İdarə Rəhbərləri Şurasının Əsasnaməsi imzalandı.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının inkişafında, Türk Dövlətləri Təşkilatına çevrilməsində Azərbaycanın fəaliyyətinin ciddi əhəmiyyəti olduğu kimi, son bir ildəki səmərəli fəaliyyətində də ölkəmizin, onun rəhbərinin çox ciddi rolu olub. Azərbaycan üzərinə düşən bu şərəfli missiyanı uğurla davam etdirir. Azərbaycan Türk dünyasının həyatında dönüş yaradan bu yeni siyasi mərhələnin başlanmasının müəlliflərindəndir. Bunun üçün bəlli və uğurlu bir yol artıq qət edilib. Bu yol Türk dünyasının birliyi yoludur, tarixi əsaslara malik böyük ideyanın reallaşmasına aparan yoldur".

 Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Azərbaycan respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığın inkişaf etdirilməsi" mövzusunda hazırlanmışdır.

Hazırladı: Etibar SEYİDAĞA 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR