İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan tamaşaçısı elmi-kütləvi, maarifləndirici proqramlara niyə meylli deyil - 2 rəy

1754 10.08.2022 08:20 KİVDF layihələri A A

Bu bir faktdır ki, müxtəlif internet resursları, sosial şəbəkələrin olmasına baxmayaraq, insanlar informasiyanı daha çox televiziyalardan alır və yaxud almağa çalışır. Bu gün televiziya kanallarımızda informasiya proqramları olsa da, səviyyə etibarı ilə qənaətbəxş sayılmır.

Müharibədən yenicə çıxmış bir xalqın, dövlətin elmi-kütləvi, maarifləndirici proqramlara böyük ehtiyacı var. Bu mövzuda isə çox az sayda telekanal var ki, müəyyən verilişlər təqdim etməyə başlayıb. Lakin bu kifayətedicidirmi? Mütəxəssislərin bu yöndə hansı təklifləri var?

Mövzu ilə bağlı tele-tənqidçi, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışdı: “Həqiqətən də bu gün internetin, çoxlu sayda saytların, bloqların ”Youtube" kanallarının  mövcudluğuna baxmayaraq, tamaşaçıların müəyyən kateqoriyası informasiyanı əsasən televiziyadan alır. Hər halda, televiziya tamaşaçı şüurunda bir mötəbərlik qazanıb. Telekanalların necə çalışmasına baxmayaraq, insanlar onu daha mötəbər mənbə hesab edir, oradan məlumat almağa üstünlük verir, çünki televiziya və radioda verilən məlumatları daha səhih və dəqiq hesab edir. Ona görə də məsələ psixoloji cəhətdən bu şəkildədir.

O ki qaldı bizim telekanalların xəbər proqramlarına, əlbəttə ki, bu gün televiziyadakı həmkarlarımız var gücü ilə çalışırlar ki, yaxşı proqramlar hazırlasınlar. Lakin çalışmaq məsələnin bir tərəfidir, bunun üçün müəyyən şərtlər var ki, onlara əməl olunmalıdır. Bu şərtlərdən ən birincisi xəbər proqramlarının məzmun etibarı ilə daha da yaxşılaşdırılmasıdır. Bəzən xəbər proqramlarına baxanda adama elə gəlir ki, bu xəbəri bir kanal hazırlayır, bir əldən  keçir. Yəni xəbərlərin düzümü, coğrafiyası, yanaşmalar eyni olur, eyni rəng, eyni standart müşahidə edilir. Deməli, televiziyaların müəyyən  sərbəstliyi olmalıdır.

Onun Ustad dərsləri - Qulu Məhərrəmli yazır

 Qulu Məhərrəmli

İkinci məsələ isə peşəkarlıqdır. Peşəkarlıq  auditoriya üçün gərəkli olan və günün, dünyanın siyası mənzərəsini əks etdirən informasiya proqramı hazırlamaqdır. Onu necə etməliyik? Bunun üçün xəbəri necə təqdim etməliyik? Necə etməliyik ki, 25-30 dəqiqəlik xəbər  proqramı mozaik şəkildə olsa da bütöv bir veriliş təsiri bağışlasın və biz ölkədə və dünyada gedən hadisələrin gerçək mənzərəsini orada görə bilək? Burada xəbərlərin seçilməsindən, düzümündən, aparıcı təqdimatlarından, reportajların quruluşundan tutmuş, hər şey ciddi şəkildə nəzarətdə, qaydalara uyğun olmalıdır. Görüntü, keçidlər, şərhlər, düzümdəki məna bağlılığı, coğrafi element, bunların hamısı ciddi peşəkar yanaşma tələb edir.

Üçüncü çatışmayan cəhət isə bütövlükdə televiziya kanallarımızda xəbərlərin coğrafiyasının məhdud olmasıdır. Coğrafiya və məzmun oxşarlığı, məzmun darlığı tamaşaçıları başqa mənbələrdən xəbər almağa yönəldir. Ona görə də  əlimizdə olan imkanlardan istifadə edib, maraqlı xəbər proqramları hazırlamalıyıq. Necə etmək olar ki, xəbər proqramı daha yaxşı olsun? Şübhəsiz ki, bunun əsas şərti qəlibdən standartlardan kənara çıxmaq, şablonları pozmaqdır. Əlbəttə, siz xəbər proqramını eyni cür motivlə başlasanız, ona heç kim baxmayacaq. Lakin siz xəbər buraxılışını çox qeyri-adi süjetdən və yaxud xəbər elementinə aid olan hansısa nüansdan başlasanız, tamaşaçılar ona sona qədər baxa biləcəklər. Ayrı-ayrı reportajlar seçilməli, onların quruluşu diqqətdə olmalıdır. Ölkədə yaxşı reportyorlar var ki, onlara meydan vermək lazımdır ki, maraqlı  süjetlər hazırlasınlar. Xəbər içərisində canlı bağlantılar olmalıdır, bunsuz mümkün deyil.

Analitik, maarifləndirici proqramlar isə bizdə çox axsayır. Səbəb nədir? Çünki maraq yoxdur. Adətən maarifçi proqramları büdcədən maliyyələşən televiziyalar verməlidir və verir də. Məsələn, bu cür  verilişlər AzTV-də, İctimai TV-də var. Lakin onların sayını artırmaq, çox maraqlı insanları o verilişlərin aparıcılığına, müəllifliyinə cəlb etmək lazımdır. Bu cür proqramlara maliyyə ayırmasaq, o, heç vaxt maraqlı olmayacaq. Həmçinin dünya televiziyaları ilə müqavilə əsasında maraqlı verilişlər alıb, dublyaj etmək, Azərbaycan dilində vermək olar və deyim ki, bu çox ciddi maraq doğurur".

Təkcə məni söymürlər ki?” – Aydın Xan qalmaqallı açıqlamasından danışdı  Yeni Sabah

Aydın xan Əbilov

Vətəndaş Cəmiyyəti Alyansının rəhbəri, Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, tanınmış kulturoloq Aydın xan Əbilov isə qeyd etdi: “21-ci əsrin ilk on illiyindən etibarən  insanların informasiya azadlığı və əlçatanlığı o qədər genişləndi ki, hər hansı bir hadisə, olayla bağlı məlumat axtararkən müxtəlif mənbələrə müraciət etmək imkanları əldə edə bildilər, artıq hansısa məlumatın alternativini axtarmaqda o qədər də çətinlik çəkmirlər. Bəli, hələ də televiziyaların informasiya proqramlarında verilən rəsmi məlumatlar insanlar tərəfindən ciddi qəbul olunur. Çünki xüsusən də dövlət kanalları və dövlətə yaxın olan televiziya resuslarında gedən materiallar bir neçə mərhələdə senzuradan keçir.

Telekanallara daha çox orta və yaşlı nəslin nümayəndələri baxır. Yaşlı nəslin nümayəndələrini daha çox əyləncəli seriallar və digər bu kimi şou proqramlar maraqlandırır. Onlar informasiya proqramlarından daha çox təqaüdlərin artırılması ilə maraqlanır. Orta nəslin nümayəndələri isə kiminsə vəzifədən ayrılması, tənqid edilməsi və sairə bu kimi ölkədə baş verən siyasi hadisələrə marağı çoxdur. Lakin yeni nəsli daha çox internet və sosial şəbəkələr maraqlandırır. Onların bu marağından isə bir çox qara qüvvələr, dünyəvi güc mərkəzləri öz məqsədləri üçün istifadə etməyə çalışırlar. Belə ki, diqqət edəndə görürük ki, Azərbaycanda baş vermiş bir çox hadisələrin arxasında məhz xaricdəki hansısa qüvvələr və yaxud texnologiyalar durur. Telekanallarda maarifləndirici, elmi-kütləvi proqramların hazırlanmasına bir neçə dəfə cəhdlər edilib. Söhbət müstəqil telekanallardan gedir. Lakin həmin proqramlara reklam verən yoxdur, baxış azdır, nəticədə telekanal məcbur qalır, yeni mövsümdə həmin proqramları bağlasın. Dövlət kanalları, o cümlədən AzTV, İctimai, Mədəniyyət kanalı, son vaxtlar isə ARB 24 kimi yeni kanallar bu sahədə müəyyən addımlar atır. Lakin təəssüflər olsun ki, Azərbaycan cəmiyyəti elm, mədəniyyət, estetik dəyərlərə çox da diqqət etmir. Məsələn, daha çox kiminsə vəzifədən uzaqlaşdırılması, tənqid edilməsi və yaxud hansısa müğənninin “hacı”sının olub-olmaması ilə maraqlanır. Onu da qeyd edim ki, ölkəmizin müxtəlif formada elmi-kütləvi və elmi populyar proqramlar hazırlamağa, seriallar çəkməyə imkanı var. Dastan, tarix, ədəbiyyatımızın dəyərli nümunələrindən ibarət seriallar çəkilsə, ona nəinki Azərbaycan həm də dünya tamaşaçısı baxar, maraqla izləyər".

Xalidə Gəray
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR