İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan mətbuatının Zamin Hacısı – şərəfli ömrün 50-ci yaşı

1576 01.04.2023 13:08 Media A A

Azərbaycan mediasının görkəmli simalarından birinin – Zamin Hacının 50 yaşı tamam oldu.

Zamin Hacı 30 ilə yaxın bir müddətdə öz yazıları ilə ölkəmizin ictimai-siyasi və mətbu mühitində fəal iştirak edib, ciddi təsirlər yaradıb, izlər qoyub. Onun yazıları Azərbaycanının ən mürəkkəb dövrlərinin şifrəli səlnaməsi hesab oluna bilər. Zamin Hacı məhz ictimai-siyasi və media mühitində dönməzliyin, bütövlüyün, əyilməzliyin simvollarından biridir. Yüzlərlə cəsur yazıları, aydınladıcı fikirləri, cəhalətə və haqsızlığa qarşı barışmaz mövqeyi Zamin Hacını hər zaman fərqləndirib. O, hər hansı səbəbdən (məsələn, çalışdığı media orqanının durumuna görə) manevr edə bilər, ritorikasını bir az yumşaldar; lakin özü olmaqdan, prinsiplərindən vaz keçməz.

Onun yazıları, üslubu özü kimi fərqlidir, faydalı və təsirlidir. Zamin Hacı yazılarını yaradır, həmin yazılarsa onu gələcəkdəki milli münsifliyə, tarixin qiymətləndirməsinə doğru daşıyır.

Zamin Qarabağdandır. O, Füzulu rayonunun Aşağı Seyidəhmədli kəndində 1973-cü ilin 1 aprelində anadan olub. İşğalın acısını bütün qarabağlılar kimi, dərindən yaşayıb və ömrünün böyük bir hissəsini Qarabağsız, doğulduğu kəndə getmədən, yaxınlarının məzarını ziyarət etmək imkanı olmadan yaşayıb. Və günün birində onun Füzulidən, Aşağı Seyidəhmədlidən, öz kəndindən fotoları və çəkdiyi videolar yayınlandı. Zamin Hacı Qarabağlna, kəndinə qovuşdu.

Zamin Hacı 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetini bitirib.

Tələbəlik illərində mətbuatla əməkdaşlıq edib, ilk şeirləri 1991-ci ildə “Gənclik” jurnalında işıq üzü görüb.
“Azadlıq”, “Yeni Müsavat”, “Ekonomiks”, “Avropa” qəzetlərində və başqa nəşrlərdə reportyor, mədəniyyət yazarı, redaktor müavini, şöbə müdiri, köşə yazarı kimi məşhurlaşıb.

Hazırda o, “Yeni Müsavat” qəzetinin köşə yazarıdır.

Zamin Hacı 2000-ci ildə Azərbaycanda “İlin ən yaxşı jurnalisti” üçün “Media açarı” mükafatını, 2011-ci ildə Almaniya və Norveç fondlarının “Şərqi Avropada söz azadlığı” mükafatını alıb.

1999-cu ildə Azərbaycan Ordusunda həqiqi hərbi xidmət keçib.

2022-ci ildə “Anti-şeirlər” poeziya, “Göz dağı” publisistika kitabları nəşr edilib.

Jurnalist Sevinc Telmanqızı ilə evli olan Zamin Hacının iki övladı var: Selcan və Oğuz.

Yaradıcı karyerasının böyük hissəsini (22 il), ən əhəmiyyətli illərini ‘’Yeni Müsavat’’la keçirdən Zamin bəyin bizim uğurlarımızda böyük payı vardır. Onun yazdıqları bizim sevə-sevə dərc etdiklərimizdir! Onun yazılarının məsuliyyətindən də, qürurundan da, oxucuda və tarixdə buraxdığı izlərdən bizə də pay düşür.

"Yeni Müsavat" Media Qrupu olaraq, dəyərli yazarımızı, Azərbaycan mediasının əvəzsiz Zamin Hacısını yarım əsrlik yubileyi münasibəti ilə bir daha ürəkdən təbrik edirik! Ona sevdikləri ilə sevdiyi ölkəsində - məmləkətində ürəyi istəyən qədər xoşbəxtcə yaşamağı, yazıb-yaratmağı arzulayırıq.

"Yeni Müsavat" Media Qrupu

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR