İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan İranla bağlı 12 il öncəki mövqeyini təkrarlayarsa...

14500 11.01.2018 09:10 Siyasət A A

Nəzakət Məmmədova: “Azərbaycan İrana Tehranın bizə olduğundan daha artıq həssaslıqla yanaşır”

Ötən həftə İranda baş verən iğtişaşlar bu ölkənin Amerika ilə münasibətlərini daha da gərginləşdirib. Keçirilən aksiyaların ssenarisinin Ağ Ev tərəfindən hazırlanması ilə bağlı meydana çıxan iddialar durmadan artır. Tərəflər bir-birini ən sərt şəkildə tənqid edir, təhdidlər səsləndirməkdən çəkinirlər.

Siyasi şərhçilər 12 il öncə hər iki ölkə arasında baş verən məlum qarşıdurmanın yenidən təkrarlandığını bildirirlər. 12 il öncəki gərginlikdə rəsmi Bakının tutduğu mövqe hər kəsə aydındır. O zaman ölkə başçısı İlham Əliyev açıq şəkildə bəyan etmişdi ki, Azərbaycan öz ərazisindən üçüncü ölkənin İranı vurmasına icazə verməyəcək. İndi də belə bir situasiya yaranarsa, Azərbaycanın həmin mövqeyi təkrarlayıb-təkrarlamayacağı, bu xətti tutub-tutmamasının vacibliyi müzakirə edilir.

 

 

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ile ilgili görsel sonucu

 

Qərb Universitetinin Tətbiqi Politologiya Mərkəzinin rəhbəri Elxan Şahinoğlu bildirdi ki, İran təxminən hər 8-10 ildən bir qaynayır: “Bu ölkədə kiçik və böyük təlatümlər baş verir. İrandakı etirazın arxasında ilk baxışdan sosial narazılığın olduğu görüntüsü var idi. Ancaq bu həqiqətən elə görüntüyə oxşayır. Yürüşlərdə siyasi şüarlar da səsləndi, rejim əleyhinə, hətta Tehranın Qüds və Suriya məsələsində fəallığı əleyhinə şüarlar eşidildi. İran rəsmiləri sosial sahədə problemlərin olduğunu etiraf etsələr də, yürüşlərin arxasında xarici qüvvələrin və daxili düşmənlərin olduğunu iddia edir, hətta qətlə yetirilənlərin xarici kəşfiyyat orqanlarının işi olduğunu bildirirdilər. Mən istisna etmirəm ki, işin içində həqiqətən İranın regional siyasətindən narazı qalan ABŞ, Səudiyyə Ərəbistanı və İsrail var idi. Ancaq bütün hallarda İran iqtisadiyyatı ağır vəziyyətdədir, inflyasiya və qiymətlər artır. İran müxtəlif ölkələrdəki radikal şiə qruplara milyardlarla dollar maliyyə ayırır. Bu amil də İrandakı insanları narahat edir. Azərbaycan İranın daxili işlərinə qarışmır və qonşu dövlətdə sabitliyin tərəfdarıdır. Ancaq İranda yaşayan azərbaycanlıların taleyinə biganə qala bilmərik, ikincisi də Tehranın Ermənistanla yaxınlığı, işğalçı dövlətə nəfəslik verməsi bizi narahat edir. Odur ki, İranda gələcək dəyişikliklərin bu ölkənin xarici siyasətinə təsir etməsini arzulayırıq”.

 

Nəzakət Məmmədova ile ilgili görsel sonucu

 

Politoloq Nəzakət Məmmədova bildirdi ki, ABŞ-da hakimiyyətə gələn istənilən administrasiya İranı düşmən ölkə elan edir: “Baş verənlər 1979-cu il hadisələrindən sonra ölkənin İrana dair xarici siyasət kursuna sədaqətini təsdiq edir. Yenilənən milli təhlükəsizlik strategiyalarında da İran daima Birləşmiş Ştatların təhlükəsizliyinə əsas təhdid törədən ölkələr sırasında yer alır. İran həmişə hədəfdədir, sadəcə, onunla münasibətləri diplomatiya, yoxsa hərbi vasitələrlə aparmağa dair fikir ayrılıqları var. Təbii ki, məsələnin kökündə İran və İsrailin Yaxın Şərqdə liderlik ambisiyaları durur. ABŞ-ın özündə iranyönümlü qüvvələrin və yəhudi lobbisinin məsələyə fərqli yanaşmaları durur. Hərbi-sənaye konsernləri, Pentaqon, yəhudi lobbisi və başqa qüvvələrin maraqları toqquşur. Lakin İran Yaxın Şərqin heç bir ölkəsinə bənzəmir. Oraya birbaşa hərbi müdaxilə inandırıcı görünmür. Odur ki, ABŞ daha çox SSRİ kimi nəhəng dövləti parçaladığı üsullarla İranı zəiflətmək istəyir. İranın Yaxın Şərqdə böyük geosiyasi, ideoloji, hərbi təsir vasitələri var. ABŞ Obama dövründə bunu az da olsa, qəbul edirdi. Lakin Tramp və yəhudi lobbisi artıq bununla barışmaq istəmir və vəziyyət eskalasiyaya doğru gedir. ABŞ qarşısında İrana qarşı böyük bir ittifaq durur. Bu, İsrailə qarşı olan və ABŞ-dakı katolik güc mərkəzləri, xüsusən Pentaqonla ittifaqda olan Avropa Birliyi və NATO-dakı katolik ölkələri, Çin, Rusiyadır. Artıq son müşahidələr bunu deməyə əsas verir ki, Avroatlantik və Anqlo-sakson ideologiyaları çox zəifləyib. Onun yerini İranla geosiyasi, enerji və ticarət maraqları olan Avropa Birliyi, İngiltərə, Çin, Rusiya, Türkiyə yaxınlığı tutur.

Azərbaycana gəlincə, Azərbaycan İrana qarşı heç bir ideoloji, kəşfiyyat, diplomatik fəaliyyətlərdə yer almır. Bu ölkə ilə münasibət çox özünəməxsus olduğundan, orada milyonlarla soydaşımızın yaşadığı və s. səbəblərdən Azərbaycan İrana İranın bizə olduğundan daha artıq həssaslıqla yanaşır. Bizim həmişə İran-Ermənistan münasibətlərinə öz haqlı yanaşmamız olub. Düşünürəm ki, beynəlxalq təcrid başa çatsa da, sanksiyalar aradan qaldırılsa da, İran əvvəlkindən daha artıq bir mürəkkəb dövrə qədəm qoyub. Çünki Suriya kimi bir müttəfiq sıradan çıxarılıb, İraq-İran, Suriya-İran sərhədində kürd dövləti yaradaraq burada ABŞ-ın hərbi bazalarının yerləşdirilməsi, üstəlik, Əfqanıstanda ABŞ kontingentinin olması Damokl qılıncı kimi İranın ərazi bütövlüyü üzərində asılaraq onun hərtərəfli təcrid olunmasına hesablanıb. İran Türkiyə ilə birgə Yaxın Şərqdə əsas hədəfdə olan ölkələrdir. Hətta düşünmək olar ki, Avropa Birliyi Ermənistanla tərəfdaşlıq imzalamaqla və Rusiya buna razılıq verməklə, İranın ABŞ tərəfindən tam təcridinə imkan verməmək və ona Avropaya çıxış imkanı yaratmaq məqsədi daşıyıb. İran özü də son dövrdə Xəzərin statusuna dair razılaşmaya gələrək Britaniyanın buradakı neft maraqlarını və Azərbaycanın suveren hüquqlarına hörmətini qəbul etdi, Bakı-Qarsa qoşulmaq istəməklə Çindən İngiltərəyədək olan nəhəng Avrasiyanı birləşdirən kommunikasiya xəttinə daxil olmaq istədi. Azərbaycanın bu magistralda əsas yer tutan ölkələrdən biri olduğu, eyni zamanda Tehranda Azərbaycan, Rusiya, İran prezidentlərinin Şimal-Cənub layihəsini qəbul etdiyini nəzərə alsaq, Azərbaycanın İrana qarşı cəbhədə yer almayacağını demək olar”.

Cavanşir ABBASLI,
“Yeni Müsavat”

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR