İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan iqtisadiyyatı hansı modelə uyğundur – rəy və təklif

1231 14.05.2019 08:35 İqtisadiyyat A A

Ekspert: “Qazaxıstan bizim üçün nümunə ola bilməz”

Son vaxtlar Azərbaycanın seçdiyi iqtisadi inkişaf modeli ilə bağlı müzakirələr aparılmaqdadır. Mütəxəssislər tərəfindən ölkədə yürüdülən iqtisadi siyasət təhlil olunur, bu siyasətin müxtəlif ölkələrin təcrübəsi ilə müqayisəsi aparılır. Bu zaman Sinqapur, Cənubi Koreya və Qazaxıstanın tətbiq etdiyi iqtisadi inkişaf modellərinin müxtəlif elementlərinin Azərbaycanda reallaşdırılmasına dair fikirlər səsləndirilir.

Azərbaycanda həyata keçirilən iqtisadi siyasət yuxarıda adları çəkilən ölkələrin uğurla tətbiq etdikləri inkişaf modelləri ilə nə qədər uyğunluq təşkil edir? Sualı cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, Sinqapur və Cənubi Koreya Azərbaycandan fərqli inkişaf yolu keçiblər: “Hər iki ölkənin inkişaf tarixində çox fərqli məqamlar var. Sinqapurda inkişaf korrupsiyaya qarşı çox sərt, amansız mübarizə və şəffaflığın təmin olunması yolu ilə baş tutub. Xüsusilə ilkin dövrlərdə bu məsələlərdə faktiki diktatura rejimi formalaşdırılıb, ən radikal qərarlar qəbul edilib. Daha sonra ölkə iqtisadiyyatı açıq inkişaf modelinə keçib. Bu gün Sinqapur dünyanın ən açıq iqtisadiyyatına malik ölkədir. Bu baxımdan, onu Azərbaycanla müqayisə etmək doğru olmazdı. Sinqapur modelinin inkişaf faktorlarından biri də ədalətdir. Orada Britaniya hüququ tətbiq olunmaqla, mülkiyyət hüquqlarına tam təminat verildi. Bu isə məhkəmə sisteminin rəqabətliliyinin təmin olunması yolu ilə mümkün oldu. Bu sahədə Sinqapurla Azərbaycan müqayisəyəgəlməz dərəcədə fərqlidilər. Belə ki, bizdə bu sahədə çox kəskin problemlər var. Məhkəmə sisteminə ictimai güvən çox aşağı səviyyədədir, mülkiyyət hüququnun qorunması sahəsində ciddi problemlər mövcuddur”.

Rəşad Həsənov ile ilgili görsel sonucu

Cənubi Koreya təcrübəsinə gəlincə, ekspert bu ölkənin də demokratik sistemin formalaşdırılması yolu ilə iqtisadi nailiyyət əldə etdiyini bildirir: “Bu ölkə müstəqilliyinin ilk illərindən bir növ yeganə çıxış yolu olaraq liberal iqtisadiyyatı seçməli oldu. 70-ci illərdə bu sahədə böyük uğurlar əldə etməyə başladılar. Qazaxıstanda isə situasiya tamamilə fərqlidir. Burada oliqarx iqtisadiyyatı yoxdur, bunun üçün şərait formalaşmadı. Eyni zamanda avtoritar rejim olmasına baxmayaraq, müəyyən institutlar öz işini görə bilir. Korrupsiyaya qarşı mübarizə nisbətən effektiv şəkildə təşkil olunub. Məmur-biznes münasibətləri kəskin şəkildə dəstəklənir ki, bunun özü də prosesə dəstək verir. Bu ölkənin inkişafında rol oynayan digər faktor budur ki,  Qazaxıstan keçmiş sovet ölkələri arasında ərazi və milli-etnik mübahisələrə cəlb olunmayan çox az sayda ölkədən biridir. Burada daha çox balanslı iqtisadi siyasətin həyata keçirilməsinə üstünlük verilsə də, eyni zamanda müəyyən qədər şəffaflıq elementlərinə üstünlük verən iqtisadi idarəetməni də müşahidə edirik. Çağırışlara daha effektiv cavab verən bir sistemdir. Məsələn, dünya neft bazarında baş verən dəyişikliklərə Qazaxıstanın aidiyyəti institutları daha effektiv reaksiya verir, real addımlar ortaya qoyur. Bundan əlavə, innovativ baxımdan Qazaxıstan institutları daha irəlidədi. Bütün bunlara baxmayaraq, Qazaxıstan avtoritar bir ölkədir və onun modeli Azərbaycan üçün nümunə ola bilməz. Müsbət tərəflərini götürmək olar. Ümumiyyətlə, hər bir ölkə özünə uyğun bir model tətbiq etməklə uğur qazana bilər”.

İqtisadi inkişaf modeli müəyyənləşdirilərkən, hər bir ölkə müxtəlif amilləri nəzərə almalı olur. R.Həsənovun dediyinə görə, bunlar arasında beynəlxalq, regional əhəmiyyətli amillər də var: “Regional şərtlər, mövcud infrastruktur var. Model bunların hər birinə uyğunlaşmalıdır. Azərbaycana gəlincə, təəssüf ki, bizdə neqativ planda ”özünəməxsus" iqtisadi modelin formalaşdığını söyləmək mümkündür. Bu, “özünəmxsus”luqla yanaşı, indiyədək mövcud olmuş belə modellərin bir çox elementlərini özündə əks etdirir. Yəni tam bir oliqarx biznesinə əsaslanan modeldir. Korrupsiya mövcuddur, iqtisadi institutlar effektiv deyil, bir sıra iqtisadi mexanizmlər qeyri-effektiv və qeyri-peşəkar fəaliyyət göstərir. Bundan əlavə, milli rejim adı altında iqtisadiyyatın qlobal iqtisadiyyata inteqrasiyası mümkün olan qədər məhdudlaşdırılıb. Azərbaycan heç bir iqtisadi blokda təmsil olunmur: Avropa Birliyi, Ümumdünya Ticarət Təşkilatı və sair. Bu da Azərbaycan modelinin neqativ anlamda özünəməxsusluğudur. Gələcəyə yönəlik hər hansı modelin hazırlanması üzərində işləməli olsaq, o zaman Azərbaycan hansı modeli seçərsə-seçsin, mütləq və mütləq onun sütunlarını mülkiyyət hüququnun toxunulmazlığı, institutlar mexanizmlərin yerli-yerinə oturdulması, seçki institutunun inkişaf etdirilməsi, rəqabətli mühitin formalaşdırılması, iqtisadiyyatın liberallaşdırılması kimi elementlər təşkil etməlidir. Bu sahədə hər hansı imitasiya olarsa, heç bir uğur əldə edilməsi mümkün olmayacaq".

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR