İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan gəncləri kifayət qədər vətənpərvərdirlər”

3932 18.08.2022 10:20 KİVDF layihələri A A

Elçin Mirzəbəyli: “Kənar, yad olan, milli mədəniyyətimizi məhv etməyə hazır olan çalarların Azərbaycan mədəniyyətinə gətirilməsi acınacaqlı sonluqla bitə bilər”

“Vətən müharibəsindən sonrakı proseslər sübut etdi ki, Azərbaycan gəncləri kifayət qədər vətənpərvərdirlər və öz torpaqları, doğmaları, bayraqları uğrunda canlarında keçməyə hazırdırlar. Təsadüfi deyil ki, Azərbaycanın zəfərinin əsas memarları Azərbaycan gəncləridir.   Biz misilsiz qəhrəmanlıqların şahidi olduq. Geridə qalan müddətdə Azərbaycan gəncləri haqqında olan müəyyən düşüncələr alt-üst oldu”.

Bu fikirləri əməkdar jurnalist, siyasi şərhçi Elçin Mirzəbəyli Azərbaycan gəncliyinin milli mənlik şüuruna münasibətini dəyərləndirərkən bildirib: “Bununla yanaşı, Azərbaycan gəncliyini daha təhsilli, geniş dünyagörüşlü, müasir dünyanın çağırışlarına cavab verən vətəndaşlar kimi görmək istərdim.  Düşünürəm ki, bu istiqamətdə də artıq müəyyən fəaliyyət nəzərə çarpmaqdadır. Milli vətənpərvərlik ruhu təkcə döyüş meydanında deyil, eyni zamanda beynəlxalq miqyasda Azərbaycan təmsilçiliyi  uğrunda mübarizədə, elmdə, təhsildə və digər istiqamətlərdə də özünü büruzə verməlidir. Bu istiqamətdə fəaliyyətin daha da genişləndirilməsinə ehtiyac olduğu qənaətindəyəm. Xüsusilə sosial şəbəkələrdə gəncliyin müəyyən kəsiminin müasir azərbaycanlının düşüncəsinə uyğun gəlməyən arxaik, bəsit təfəkkürün arxasınca getdiyini görəndə bu, cəmiyyət tərəfindən birmənalı qəbul olunmur. Təkcə, gənclərin deyil, ümumilikdə toplumun mədəni səviyyəsinin daha yüksək olmasının tərəfdarıyam. Bu proses ailədən, təhsildən başlamalıdır. Ümumiyyətlə, Azərbaycan gəncliyinin vətənpərvər olduğunun sübuta ehtiyacı olmadığını düşünürəm”.

E.Mirzəbəylinin fikrincə, vətənpərvərliyin təbliği istiqamətində müsbət tendensiyalar var: “Son zamanlar ədəbiyyatda, incəsənətdə müəyyən kreativ yanaşmalar, daha peşəkar materialların olması sevindirici haldır. Bununla yanaşı, çoxsaylı bəsit, söz yığınından ibarət mətnlər var və bu mətnlər bir çox hallarda, nəinki insanları vətənpərvərlik ruhunda kökləməyə həvəsləndirir, əksinə, ikrah doğurur. Nəticədə insan özü vətənpərvər olduğu halda, ritorikadan, boğazdan yuxarı səslənən fikirlərdən, yaxud mətnlərdən uzaq durmağa çalışır.  Bu istiqamətdə ortaya peşəkar yanaşmanın qoyulmasına ehtiyac var. İncəsənətdə, teatrda, kinoda, rəssamlıqda və s., bu, daha peşəkar şəkildə təqdim olunmalıdır. Boşluqlar nəticə etibarilə, məsələn, meyxana, çayxana musiqilərinin ortaya çıxmasına zəmin yaradır”.

E.Mirzəbəyli milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqamətində təsadüfi insanların təbliğat aparmasını qəbuledilməz hesab edir: “Bu kimi hallar ikrah doğurur. Cəmiyyət tərəfindən də bu, normal qəbul edilmir. Gənclərin müasir dünyagörüşünə, səviyyəsinə, dünyanı, reallıqları qəbul etmək bacarıqlarına, potensiallarına uyğun təbliğat materialları ortaya qoyulmalıdır. İnsanlara zaman-zaman bəsit mətnlər, musiqilər təqdim etdikdə, son zaman ifrat dərəcədə ziyanlı olan meyxana ritmlərinin təsiri altına almağa çalışdıqda bu, milli köklərdən uzaqlaşma ilə nəticələnir. Kənar, yad olan, milli mədəniyyətimizi məhv etməyə hazır olan çalarların Azərbaycan mədəniyyətinə gətirilməsi acınacaqlı sonluqla bitə bilər. Nəticədə insanlar milli ruhdan da, milli düşüncədən də uzaqlaşmağa çalışırlar. Həm bu istiqamətdə, həm də bütövlükdə Azərbaycan gəncliyinin, müasir gəncliyin kinetik enerjisini daha müsbət məsələlərə yönəltmək, bundan faydalanmaq, onların təhsildə və digər sahələrdə özünü büruzə verməsi üçün, vacib məqamlardan biri olan yaxşı iş adamları kimi yetişmələri üçün çalışmaq lazımdır. Azərbaycanda bu gün təkcə, mədəniyyət, müasir əmək bazarının tələblərinə uyğun istiqamətlərdə deyil, eyni zamanda digər sahələrdə də yaxşı mütəxəssislərin yetişməsinə ehtiyac var. Bunun vacib şərtlərdən biri olduğunu düşünürəm. Vətənpərvərlik özünü bütün istiqamətlərdə büruzə verməlidir, hədəflərdən biri olmalıdır”.

Nigar HƏSƏNLİ

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR