İnsanlara hürriyət, millətlərə istiqlal!

AZƏRBAYCAN ƏSGƏRİ NƏ YEYİR?

4892 10.08.2009 08:45 Ölkə A A

Əsgərə 29 adda qida verilir?

Nazirlər Kabinetinin təsdiqlədiyi 1 saylı ərzaq normasında hərbi qulluqçuların sutkalıq qidalanmasına duz da daxil olmaqla, 29 adda qida məhsulu, o cümlədən «Heksavit» vitamini daxildir. Bu qidaların ümumi enerjisi 4121,6 kilokalori hesab olunur. Bu barədə milaz.info hərbi informasiya agentliyi bildirir. Agentlikdən verilən məlumata görə, bu, ABŞ əsgərlərinin qəbul etdikləri gündəlik qidanın enerjisindən 134 kilokalori az, İngiltərə ordusundakından isə 95 kilokalori çoxdur.
Həmin normativə əsasən, Azərbaycan əsgərinə həftədə 4 ədəd yumurta düşür. Əsgərin gündəlik qida rasionunda əsas yeri isə çörək tutur - 750 qram. Bundan əlavə, kartof və tərəvəz 900 qram (o cümlədən 600 qram kartof), ət 200 qram, balıq 120 qram, müxtəlif yarmalar 120 qram, süd 100 qram təşkil edir. Lakin bu qidalar əsgərlərə tam şəkildə çatdırılırmı?

Telman Əbilov: «Rusiyanın köhnə ərzaqları əsgərlərə sırınır»

Ehtiyatda olan mayor, Silahlı Qüvvələrdə Korrupsiyaya Qarşı Mübarizə Mərkəzinin rəhbəri Telman Əbilov «Olaylar»a açıqlamasında deyib ki, Müdafiə Nazirliyinin bir qrup məmuru tender adı ilə Rusiyadan Azərbaycana vaxtı keçmiş məhsullar gətirir və bu ərzaqlar əsgərlərə qida kimi sırınır: «Bu biabırçılıq Azərbaycan Ordusunda çoxdan var. Müdafiə Nazirliyinin bəzi məmurları Rusiyanın hərbi təchizatına baxan bir qrup şəxslə əlbir olub köhnə ərzaqları Azərbaycana gətirir və  əsgərlərimizə yedizdirirlər. Əslində isə həmin qidaları ruslar heyvanlar üçün nəzərdə tutur. Bununla bəzi məmurlar ərzağa ayrılan pulun çox hissəsini mənimsəyirlər».

«Orduda ən böyük korrupsiya ərzaq və yanacaq sahəsindədir»

Orduda məsuliyyətsizliyin baş alıb getməsindən şikayətlənən hərbi ekspert, ehtiyatda olan polkovnik-leytenant Üzeyir Cəfərovun fikrincə, Azərbaycan ordusu özünün milli menyusuna çoxdan keçməlidir: «Neçə ildir Azərbaycan ordusu özünün milli menyusuna keçə bilmir. Bu haqda danışılsa da, menyu yoxdur. Müdafiə Nazirliyinin rəsmiləri bəyan edir ki, bəzi valideynlər günlərinin yarısını hərbi hissələrin qarşısında keçirir, öz övladlarına xörək daşıyırlar. Guya bu yeməklər əsgərlərin mədə-bağırsaq pozuntusuna səbəb olur. Əslinə qalsa, bununla milli yeməklərin əsgərlərə pis təsir etmək görüntüsünü yaradırlar. Əsgərlərimizə keçmiş SSRİ-dən qalma, ənənəvi menyudakı qidalar yedizdirilir. Mən dəfələrlə demişəm ki, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar yerli ərzağa üstünlük verdiyi halda Müdafiə Nazirliyi kartofu Belarusdan gətizdirir. Halbuki MDB məkanında ən keyfiyyətli kartof Gədəbəydədir. Yaxud bu il zəhərlənməyə səbəb olan  konservlər Pribaltikadan gətirilmişdi. Halbuki Azərbaycanın özündə konserv zavodu var. Burada məqsəd başqadır. Milli menyuya keçmək bəzi generallara sərf etmir. Müqayisə üçün deyim ki, Azərbaycan keçmiş SSRİ Silahlı Qüvvələri üçün ən çox tərəvəz məhsulları göndərən bir respublika idi. Hətta uzaq Sibirə də Azərbaycanın bölgələri üzrə məşhur olan müxtəlif məhsullar - Gədəbəydən kartof, Qubadan alma, Zaqataladan fındıq, Lənkərandan çay məhsulları göndərilirdi. Bu gün ölkəmiz müstəqildir, bütün bu ərzaqlar gen-bol Azərbaycanda olduğu halda, hələ də Azərbaycan əsgəri milli yeməklərimizlə qidalanmır. Televiziyalarda prezident, yaxud hansısa rəsmi qonaq gələndə görüntü xətrinə əsgərlərə elə süfrə açılır ki, guya hərbçilərə hansısa şirələr, növbənöv meyvələr, ləziz yeməklər verilir. Hətta uzaq Afrikada belə əsgərlərə ən yaxşı qidalar verilir. Çünki əsgər dövlətin güc göstəricisidir, onun haqqıdır ki, ən ləziz qidalarla qidalansın».
Hərbi ekspertin bildirdiyinə görə, orduda korrupsiya halları ən çox ərzaq və yanacağa dair sahələrdə baş verdiyi üçün dövlət bu sahələri ciddi nəzarətdə saxlamalıdır: «Müdafiə Nazirliyində ərzaq xidməti və yanacaq sahəsində korrupsiya hallarına çox yol verilir. Həm Biləcəridəki Mərkəzi Ərzaq anbarı, həm də Müdafiə Nazirliyinin özündəki ərzaq xidməti rəisləri zaman-zaman cəzalandırılır. Amma bütün bunlar da izi itirmək üçündür. Doğrudur, elə komandirlər var ki, vicdanlıdır, əsgərin süfrəsinə gəlib çıxacaq yeməkləri tam şəkildə əsgərlərə çatdırmağa çalışırlar, amma əliəyri komandirlər də çoxdur. Hərbi prokurorluğun vəzifə cinayətlərlə bağlı statistikası qaldırılsa, nə qədər bu tipdə cinayətlərin aşkarlandığı ortalığa çıxar. Əslində məhz bu sahələrə olduqca məsuliyyətli, vicdanlı şəxslər cəlb olunmalıdır ki, mənimsəmələrə yol verilməsin».

«Yabançı menyu əsgərlərin həzm sistemini pozur»

Vaxtilə hərbçilər üçün yardımçı hərbi təsərrüfatlar, mini sovxozların fəaliyyətinin indi dayandırılmasından təəssüflə danışan Ü.Cəfərov əsgərlərin quraqlıq hissələrdə bəzən susuzluqdan belə əziyyət çəkməsindən söz saldı: «Çox təəssüf ki, yardımçı hərbi təsərrüfatlar ləğv edildi. Əslində bu çox faydalı idi ki, hansısa hərbi hissənin təsərrüfat məhsulundan əsgərlərə də pay çatırdı. Azərbaycan əsgəri hələ də pşeno, kaşa, milli kulinariyamıza uyğun gəlməyən qidalarla qarnını doydurur. Birdən-birə yabançı menyunu qəbul etmək də əksər hərbçilərimizin həzm sisteminə ciddi təsir edir. Rəsmilər bəzən deyir ki, əsgərlər ailələrində tapmadığı qidalarla hərbi xidmət vaxtı qidalana bilirlər. Amma bu utanc gətirən ifadə ilə Azərbaycan cəmiyyətindəki sosial durumun necə acınacaqlı vəziyyətdə olduğunu onlar açıqlamış olurlar. «Toxun acdan xəbəri olmadığı kimi», yüksək təminatlı rəsmilərin də əsgərlərimizdən xəbəri yoxdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bölgələrə çəkdirdiyi bulaqları nümayiş etdirir, olmazmı ki, quraqlıqda yerləşən hərbi hissələrdə əsgərlər üçün bir bulaq istifadəyə verilsin».

«Hərbi hissələrin qida rasionları eyni deyil»

Hərbi ekspertin bildirdiyinə görə, xüsusi təyinatlı hərbi hissələrdə əsgərlərin qida menyusu fərqlidir: «Xüsusi tapşırıqları yerinə yetirmək üçün nəzərdə tutulan bu hərbçilər xüsusi olaraq bəslənir. Əksər hərbi hissələrdə isə əsgərlərin qida rasionu demək olar ki, eynidir və yarıtmaz vəziyyətdədir. İstənilən halda bu sahə Azərbaycan ictimaiyyətinin ciddi qınaq hədəfində olmalıdır. Bizdə bir əsgərliyə gedən sevinir, bir də qayıdan. Əsgər gedən ona görə sevinir ki, ona vətəni qorumaq şərəfi verilib. Amma əsgərlər hərbi xidmətdə elə acınacaqlı hadisələrlə üzləşirlər ki, ayaq üstə geri qayıtmalarına sevinirlər. Demək olar ki, hər gün əsgər ölümü ilə bağlı xəbər yayılır. Bu yaxınlarda 10 gündür hərbi xidmətə gedən iki əsgərimiz dünyasını dəyişdi. Prezident təqaüdçüsü Tural Qəhrəmanov susuzluqdan əziyyət çəkib, koma vəziyyətinə düşüb dünyasını dəyişib, amma onun ölümü elə sənədləşdirildi ki, guya onda böyrək çatışmazlığı olub. 2 metrə yaxın boyu olan, sağlam cüssəli, Bərdədə xidmət keçən Aqşin İsmayılovu isə valideynləri öz vəsaitləri hesabına Türkiyənin Memorial Xəstəxanasına çatdırıblar. Amma bundan Müdafiə Nazirliyinin xəbəri yoxdur, halbuki bu əsgər ən azından Gülhanədə müalicə olunmalı idi. Bu günün əsgəri dövlətin gücü olmaqla yanaşı sabahın ailə başçısıdır. Onun sağlamlığı qayğısına qalmaq sağlam cəmiyyətin qayğısını çəkməkdir, gərək dövlət bunları nəzərə alsın».

Bəs, əsgərlər zəhərlənmə təhlükəsindən necə qoruna bilər?

Yay mövsümündə zəhərlənmə təhlükəsinin artdığını nəzərə alan həkimlər əsgərlərin qidasında mühüm yer tutan məhsullardan zəhərlənməmək üçün aşağıdakıları tövsiyə edir:
Gündəlik istifadə edilən ət, toyuq, balıq kimi tez xarab olan məhsulları saxlayarkən onların yanında keyfiyyətsiz məhsulların olmamasına diqqət yetirilməlidir. Uzun müddət soyuducuda saxlanan balıq əti oradan çıxarılandan az sonra istifadə olunmazsa, artıq istifadəyə yararsız hesab olunur. Yaz, yay aylarında qızardılmış və konservləşdirilmiş balığa nisbətən közləmə balıq daha təhlükəsiz hesab olunur.
Zəhərlənmələrdən qorunmaq üçün aşağıdakı qaydalara əməl etmək lazımdır:

  • məhsulların son istifadə tarixinə diqqət yetirilməlidir;
  • yeməklər qaynama nöqtəsinədək qızdırılmalıdır;
  • balıq yeməyi bişiriləndən sonrakı 1 saat ərzində yeyilməlidir;
  • balıq yeməyi açıq yerdə saxlanmamalıdır.

Zəhərlənmə zamanı qusma və ishal nəticəsində orqanizmdə su itkisi olduğundan ölüm halları baş verə bilər. Odur ki, zəhərlənmə aradan qaldırıldıqdan sonra orqanizmin su itkisini təmin etmək və enerjinin bərpası üçün şirin qidalar və bol miqdarda maye istifadə etmək tövsiyə olunur.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR