İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan əhalisi artır, boşanmalar azalır - Müsbət dinamikanı necə qalıcı etməli?

1092 04.02.2023 11:49 Media A A

“Azərbaycanda 2022-ci il ərzində nikah və doğum sayı 10 faizədək artıb”.

Bu barədə Ədliyyə Nazirliyində 2022-ci ilin yekunlarına dair geniş kollegiya iclasında bildirilib.

Bildirilir ki, il ərzində 4.7 milyondan çox notariat hərəkəti rəsmiləşdirilib, əhalinin sosial rifahının və demoqrafik inkişafın təzahürü olaraq nikah və doğum sayının 10 faizədək artması məmnunluq doğurur. Eyni zamanda boşanmanın sayı nəzərəçarpacaq dərəcədə azalıb və nazirlik tərəfindən təşkil olunan mediasiya xidmətləri nəticəsində hər 5 nəfərdən birinin bu fikirdən daşınmasına nail olunub.

2021-ci ildə də nikahların sayını 2-dən 6,1-ə qədər artdığı, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,5-ə endiyi məlum olmuşdu. Ekspertlərin fikrincə, boşanmaların qarşısını alan əsas səbəblərindən biri ölkədə mediasiya mərkəzlərinin yaranmasıdır.

Bəs mediasiya nədir? Bəziləri hələ də mediasiya ilə məşğul olan mediatorla vəkilin fərqini özü üçün ayırd edə bilmir.

Öncə xatırladaq ki, Azərbaycanda 2019-cu il martın 29-da “Mediasiya haqqında” qanun qəbul edilib, məcburi məhkəmə mediasiyasına dair müddəalar isə 2020-ci ilin iyulun 1-dən qüvvəyə minib. Beləliklə də, artıq iki ildir ki, ölkədə iqtisadi və ailədaxili mübahisələri məhkəmələrdən əvvəl mediatorlar həll edir. Mediasiya tətbiqinə əsasən, şəxslər ailə və məişət məsələlərində məhkəməyə müraciət etdikdə onlardan mediator qəbulunda olub-olmamaları soruşulur. Cavab “xeyr” olduqda məhkəmə o işə baxmır və tərəflərə mediasiya institutuna müraciət etmək təklif olunur.

Qeyd edək ki, demoqrafik göstərici hər bir ölkə üçün həm də təhlükəsizlik amili qismindədir. Çünki söhbət həm də millətin gələcəyindən, genofonddan, müdafiə qabiliyyətindən gedir. Doğum sayında artımın davamlı, dinamik olması, boşanmaların isə permanent azalması üçün nə etməliyik?

Şeirlər - Əhməd QƏŞƏMOĞLU | Edebiyyatqazeti.az

Əhməd Qəşəmoğlu: “Bu o demək deyil ki, bu trend gələn il də davam edəcək, çünki... ”

Mövzu ilə bağlı sosioloq Əhməd Qəşəmoğlu “Yeni Müsavat”a danışıb: “Nikahların, yeni doğulanların sayının artması bir qədər aldadıcıdır. Niyə? Çünki pandemiya dövründə toylar dayandırıldı, bir neçə adam həmin vaxt  toy etmədi. Elə ki, toy qadağası aradan götürüldü, toy edənlərin də sayı xeyli artdı. Təbii ki, toy edənlərin sayı artırsa, nikaha girənlərin də, yeni doğulanların da sayı artır. Amma  bu o demək deyil ki, bu trend gələn il də qala bilər.  Boşanmaların sayının azalmasına gəlincə, burada da bir qədər maarifləndirmə işi çox getdi, insanlar başa düşdülər ki, necə gəldi evlənmə halları boşanmaya səbəb olur, ona görə də  evlənərkən daha doğru seçim etməyə başladılar. İnsanlar görəndə ki, boşanmalar artır, evlənənlər və onların valideynləri daha ehtiyatlı olmağı, daha doğru seçim etməyə çalışdılar. Əlbəttə ki, bu məsələdə insanların öz aralarında maariflənməsi, bir-biri ilə müzakirə aparması, ictimai rəyin formalaşması məsələyə müəyyən qədər müsbət təsir edir”.

Əhməd Qəşəmoğluya görə, əsas mənzərə növbəti ildə aydın olacaq: “Çünki evlənənlərin sayı çoxalıbsa, məntiqi olaraq boşanmaların sayı onunla nisbətdə az görünür. Bu baxımdan hesab edirəm ki, bu il açıqlanan rəqəmlər şərtidir. Növbəti ildə nə cür olduğu daha aydın  olacaq”.

Bir an belə gec olmadan Türkiyə sülhməramlıları Qarabağa  gəlməlidir”-Politoloq

Fərhad Mehdiyev: “Bəzən elə müraciətlər də olur ki...”

Mediasiya Şurasının üzvü, mediator Fərhad Mehdiyev qeyd etdi: “Ailə mübahisələrinin mediasiya vasitəsilə həlli olunması başlanandan sonra boşanmalarda azalmanın olması həm gözlənilirdi, həm də təbiidir. Öz praktikamdan bir məsələni qeyd edə bilərəm, ötən gün bir cütlük boşanmaq üçün mənə müraciət etmişdi. Mediator olaraq mənə məlum oldu ki, bu cütlüyün boşanması üçün ciddi səbəblər yoxdur və tərəflər də əslində boşanmaq istəmirdi, hər ikisi qarşı tərəfin güzəştə getməsini gözləyirdi. Onlar rəsmi olaraq eyni vaxtda boşanmaq istədiklərini desə də, təkbətək görüşdə boşanmaq istəmədiklərini, qarşı tərəfin səhv addım atmasını etiraf etməsini gözlədiklərini  bildirirdilər. Sözün doğrusu, ilk müraciətdə hansısa müsbət nəticəyə nail ola bilmədik, amma onların arayış alıb, məhkəməyə getməklərinə də imkan vermədik. Onlar üçün şans verməyə çalışdıq ki, bu məsələ bir daha müzakirə olunsun, ümid də edirəm və inanıram ki, həmin cütlük boşanmayacaq. Yəni mediatorlar bu şəkildə işləyir və ailələri xilas oluna biləcək boşanmalardan çəkindirməyə çalışır. Təbii ki, bunun üçün mediatorlarn xüsusi psixoloji hazırlıqları olmalıdır. Biz xüsusi kurslarda iştirak etmişik, məqsədimiz də budur ki, boşanmaqdan yayınması mümkün olan ailələri bu fikirdən daşındıraq.

Amma elə müraciətlər də olur ki, biz mediatorlar anlayırıq ki, həmin boşanmanı xilas etmək mümkün deyil. Çünki ortada zorakılıq, bağışlanılmayan xəyanət faktorları olur. Əksər şəxslər qarşı tərəfin xəyanət etdiyini bildikdə onu bağışlamır və boşanmaqda israrlı olur. Bu zaman mediatorlar ailəni barışdırmağa, onları geri çevirməyə çox da cəhd etmir".

“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da bildirdi ki, ölkədə boşanmaların sayının azalmasında mediasiyaların mühüm rolu var: “Olur ki, ailə daxilində insanlar bir-birilərini anlaya bilmir, emosional olurlar. Ümumiyyətlə, əksər Azərbaycan ailələrində insanlar öz daxilindəki problemləri açıb, deyə bilmir, öz istək və ehtiyaclarını ifadə etməkdə çətinlik çəkir, qarşı tərəf də onu anlaya bilmir. Nəticədə bu ailədə gərginliyə, boşanma həddinə gətirib, çıxarır. Əksər boşanmaq istəyən insanların dilində bu söz olur ki ”məni anlamır, başa düşmürlər". Mediatorların bu məsələdə rolu ona görə yaxşıdır ki, daxildə qalan sözlər və yaxud narazılıqlar, ifadə edilə bilməyən çətinliklərlə bağlı öz təsirini göstərir və bu yöndə çalışırlar. Çox yaxşı prosesdir ki, insanlar boşanmazdan əvvəl bu mərhələni keçir və mediatorlar bu prosesə öz töhfələrini verə bilir.

Mehriban Zeynalova: “Bizdə qadınların qanunları öyrənməsi ənənəsi yoxdu” -  05.08.2017, Sputnik Azərbaycan

“Mehriban Zeynalova: ”5 ildən sonra boşananların sayı daha da azalacaq"

Ümumiyyətlə, son vaxtlar şüurlu, əvvəlcədən düşünülmüş ailə qurmaq prosesi müşahidə olunur, insanlar başa düşür ki, onlar üçün ailə içində olmaq daha rahatdır və hesab edirəm ki, bu tendensiya gələcəkdə də davam edəcək, təxminən 5 ildən sonra boşananların sayı daha da azalacaq. Amma bir məsələni də qeyd etmək istərdim, indi ailələrdə tərəflərin bir-birinə inamı azalıb. Əvvəllər insanlar bir-birinə inandıqları üçün evlənirdilərsə, indi daxildə şübhələr var və bu şübhələr imkan vermir ki, ailədə münasibətlər tənzimlənsin. Əlbəttə ki, daim şübhə içərisində yaşamaq ailədə münasibətləri pozur və gərginliyə gətirib çıxarır".

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq "Gender, ailə və demoqrafiya məsələrinin işıqlandırılmadı" mövzusunda hazırlanıb.

Hazırladı: Xalidə GƏRAY

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR