İnsanlara hürriyət, millətlərə istiqlal!

“Azərbaycan dünya siyasətində sözü, ciddi çəkisi olan ölkəyə çevrilib” - politoloq

1511 09.08.2022 09:20 KİVDF layihələri A A

Qabil Hüseynli: “Avropa İttifaqı rəsmilərinin, nümayəndə heyətlərinin Bakıya ard-arda səfərləri əməkdaşlıq üçün yeni imkanlar açır”

Azərbaycanın müstəqilliyini bərpa etməsindən 30 ildən artıq müddət keçib. Bu müddətdə ölkəmiz böyük inkişaf yolunu qət edib. Müstəqilliyimizin möhkəmlənməsi istiqamətində çox ciddi addımlar atılıb. Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsinə də xüsusi önəm verilib.

Əldə olunan uğurlar dövlətimizin dünyada tanınması, mövqelərinin möhkəmlənməsinə gətirib çıxarıb. Bu amil isə təbii ki, müstəqilliyimizə olan təhdid və təhlükələrin qarşısında dayanan sipərlərdən biri hesab olunub və olunur. Dünyanın ən nəhəng beynəlxalq təşkilatı sayılan Birləşmiş Millətlər Təşkilatına üzvlükdən başlanan yol Avropa Şurasına üzvlüyə, Avropa İttifaqı ilə sıx əməkdaşlığa, NATO ilə əməkdaşlığa, MDB üzvlüyünə, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatına və digər çoxsaylı beynəlxalq statuslu təşkilatlara üzv olmağa qədər inkişaf edib.

Bu ilin ilk yarısında da Azərbaycanın xarici siyasəti dinamik olub. Prezident İlham Əliyevin bu ilin 6 ayının yekunları ilə bağlı hökumət üzvləri ilə keçirdiyi müşavirədə dediyi kimi bu il bizim xarici siyasətimiz çox fəal olub və xarici siyasət istiqamətində yeni önəmli addımlar atılıb və ölkəmizin beynəlxalq nüfuzu daha da artıb. Nəticələr arasında, əlbəttə ki, Qoşulmama Hərəkatındakı uğurlu sədrliyimiz xüsusi qeyd edilir. Bu qurumda Azərbaycanın sədrliyi  2023-cü ilə qədər yekdil fikirlə bir il uzadılıb. Bu, onu göstərir ki, ölkəmiz 120 ölkə arasında çox böyük nüfuz qazanıb və bizə olan inam bu illər ərzində daha da artıb.

Politoloq Qabil Hüseynli bu barədə “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycan məsuliyyətli ölkə olaraq və Qoşulmama Hərəkatının fəal sədri kimi bu təsisatın institusional inkişafına böyük töhfə verməyi bacarıb. Önəmli addımlardan biri bu il Bakıda keçirilmiş Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması olub: “Prezident İlham Əliyevin təbirincə desək, Bakıda keçirilmiş bu önəmli tədbir bir daha göstərdi ki, bu hərəkatın çox böyük potensialı var, həmrəyliyi dərinləşdirmək, əməkdaşlığı genişləndirmək və qarşılıqlı beynəlxalq dəstək üçün bu, çox önəmli platformadır. Diqqətçəkən məqam həm də ondan ibarətdir ki, Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin toplantısı və Parlament Şəbəkəsinin yaradılması Azərbaycanın təşəbbüsü idi və bu təşəbbüs artıq özünü real həyatda göstərir. Eyni zamanda Gənclər Platformasının da yaradılması barədə iş aparıldığı haqda artıq ən yüksək səviyyədə məlumat verilib. Gənclər forumunun keçiriləcəyi və Qoşulmama Hərəkatının Gənclər Şəbəkəsinin yaradılacağı bildirilir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi bir daha göstərdi ki, Azərbaycan ən böyük təşkilatlara sədrlik etmək imkanları olan dövlətdir.  Azərbaycanın beynəlxalq arenada oynadığı rol, nümayiş etdirdiyi həmrəylik və ehtiyac içərisində olan ölkələr üçün göstərdiyi humanitar dəstək, xüsusilə COVİD-lə bağlı 80-dən çox ölkəyə göstərdiyi yardım ölkəmizin beynəlxalq nüfuzuna önəmli təsir göstərib.

Azərbaycanın digər  beynəlxalq təşkilatlarla da qurulan əməkdaşlığının gücləndirilməsi istiqamətində fəaliyyət davam edir. Bir neçə ay öncə İslam Əməkdaşlıq Təşkilatının yeni baş katibi Azərbaycana səfər etdi. Yeni seçilmiş baş katib, eyni zamanda azad edilmiş torpaqlarımıza-Füzuli və Şuşaya səfər etdi. Azərbaycana səfər zamanı İƏT-Azərbaycan əməkdaşlığının dərinləşdirilməsi barədə danışıqlar aparıldı. Bilirsiniz ki, İƏT uzun illərdir Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini qəti şəkildə müdafiə edən beynəlxalq təşkilatlardandır. Bu təşkilatla münasibətlərin dərinləşməsi çox önəmlidir. Biz bu təşkilatın fəal üzvüyük və rəsmi Bakının təşəbbüsü ilə Azərbaycanda İƏT-in bir çox tədbirləri keçirilib. Azərbaycan dövləti ən yüksək səviyyədə bəyan edib ki, biz İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində öz fəaliyyətimizi bundan sonra da uğurla davam etdirəcəyik".

Politoloq qeyd etdi ki, son aylarda Azərbaycan-Avropa İttifaqı münasibətlərində heç zaman olmayan yüksək dinamika müşahidə edilir: “Avropa İttifaqı rəsmilərinin, nümayəndə heyətlərinin Bakıya ard-arda səfərləri əməkdaşlıq üçün yeni imkanlar açır. Ötən ay Avropa İttifaqı ilə Azərbaycan arasında son dərəcə önəmli olan enerji təhlükəsizliyi ilə bağlı sənəd imzalandı. Bu sənəd Avropa İttifaqı-Azərbaycan əməkdaşlığını yeni müstəviyə qaldırmış oldu. Azərbaycan Avropanın qazla təminatında ciddi rol alan ölkə statusunu əldə etmiş oldu ki, bu faktor dövlətimizin dünyada, xüsusilə Avropada mövqelərini çox böyük ölçüdə gücləndirəcək. Azərbaycanı dünya siyasətində sözü, ciddi çəkisi olan ölkələrdən birinə çevrilib”.

Ekspertin sözlərinə görə, Azərbaycanın əməkdaşlığını daha da dərinləşdirdiyi beynəlxalq təşkilatlardan biri də Türk Dövlətləri Təşkilatı hesab olunmalıdır: “Bu təşkilat qardaş dövlətlərin birliyidir. Odur ki, Azərbaycan burada hər zaman ciddi fəallıq göstərib və həm təşkilat çərçivəsində, həm üzv ölkələr arasında ikitərəfli münasibətlər genişlənir. Bu il Azərbaycan Prezidenti İlham Əliyevin Türk Dövlətləri Təşkilatında aparıcı ölkə sayılan qardaş Türkiyənin  prezidenti ilə üç görüşü olub. Təşkilatın digər üzvü Qırğızıstan prezidentinin aprel ayında Azərbaycana səfəri reallaşıb. Həmçinin iyun ayında Azərbaycan Prezidentinin Özbəkistana və Türkmənistana səfərləri həyata keçirilib. Bu ay Qazaxıstan prezidentinin Azərbaycana səfəri gözlənilir. Yəni bu, sadəcə olaraq, görünən məsələlərdir. Bunlar göstərir ki, təmaslar nə qədər fəal inkişaf edir. Əlbəttə, türk dövlətləri ilə əlaqələrimiz bizim üçün prioritet məsələlərdən biridir və həm siyasi dəstək qarşılıqlı surətdə ifadə olunur, önəmli layihələr üzərində müzakirələr aparılır - həm ikitərəfli, həm çoxtərəfli formatda. Nəqliyyat, energetika, digər sahələr üzrə fəal əməkdaşlıq edilir”.

 

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR