İnsanlara hürriyət, millətlərə istiqlal!

Azərbaycan aqrar ixracda Rusiyadan asılıdır

1561 26.06.2018 09:50 İqtisadiyyat A A

Azərbaycan aqrar ixracda Rusiyadan asılıdır

 

Ekspert: “Bir bazardan asılılıq ölkəyə təzyiq imkanı yaradır”

Azərbaycanın aqrar sektorunda istehsal olunan məhsulların 77 fazi Rusiyaya ixrac olunur. Bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Dünya Bankı ilə birgə təşkil etdiyi 3-cü Bilik Sərgisində beynəlxalq maliyyə qurumunun nümayəndəsi Culian Lampietti deyib. O, bu faktı zəif cəhət kimi qiymətləndirib: “Yeni bazarlar barədə düşünmək lazımdır”.

Culian Lampietti həmçinin bildirib ki, Azərbaycanda kənd təsərrüfatında məhsuldarlığın səviyyəsi ötən əsrin 60-cı illərrində Latın Amerikası ölkələrindəki məhsuldarlıq səviyyəsindən bir qədər çoxdur: “Məhsuldarlığı 3 dəfə artırmaq üçün imkanlar var. Bu baxımdan rəqəmsal texnologiyaların tətbiqi mühüm rol oynaya bilər. Xüsusilə ət və süd məhsullarının istehsalında potensial daha böyükdür”.

Dünya Bankı rəsmisi Azərbaycanda kənd təsərrüfatı üzrə ixrac potensialının dəyərini də açıqlayıb və bu rəqəmin 1,1 milyard ABŞ dolları olduğunu deyib.

Qeyd edək ki, Azərbaycanın Rusiyadan idxalı da sürətlə artmaqdadır. Xüsusilə taxıl idxalında son 3 ildə ağırlıq Qazaxıstandan Rusiyaya keçib.

Maraqlıdır ki, kənd təsərrüfatı məhsullarının istehsalçı və ixracatçıları yalnız bir bazardan asılılıqda problem görmürlər. Onlar hesab edirlər ki, Rusiya bazarı böyükdür, ora ixracı artırmaq imkanları genişdir.

İqtisadçı-ekspert Rəşad Həsənov isə qeyd edir ki, xarici ticarətin şaxələndirilməsi dedikdə, həm idxalın, həm də ixracın coğrafi strukturunun genişləndirilməsi nəzərdə tutulur: “Şaxələndirilmənin əsas məqsədi mərkəzləşdirilmiş problemlərdən asılılığın aradan qaldırılmasıdır. Azərbaycanda ənənəvi olaraq qeyri-neft ixracı daha çox MDB ölkələrinə yönəlib. Son dövrlərdə ixracın şaxələndirilməsi, qeyri-neft ixracının təşkili ilə bağlı müəyyən layihələr həyata keçirilir. Müəyyən təşviq mexanizmləri hazırlanıb, texniki dəstək tədbirləri həyata keçirilir, bundan əlavə, ixracla məşğul olan subyektlərə müxtəlif  mərhələlərdə maliyyə dəstəyi verilir. Lakin buna baxmayaraq, hələ də bu istiqamətdə ciddi nəticələr əldə etmək mümkün olmayıb. İxracatda asılılığın yaratdığı əsas problemlərdən biri bundan ibarətdir ki, azərbaycanlı fermer, onun istehsal etdiyi məhsul dedikdə ilk növbədə kənd təsərrüfatı məhsulları nəzərdə tutulur. Kənd təsərrüfatı isə çox riskli bir sahədir. Məsələn, fermer məhsulunu toplayıb aparmaq istəyir Rusiyaya. Günlərin birində Rusiyada verilən siyasi bir qərar əsasında azərbaycanlı fermerlərin məhsulunu aparan maşınlar bu ölkəyə buraxılmır, günlərlə, həftələrlə qalır gömrük-keçid məntəqələrində. Nəticədə maşınlardakı məhsullar yararsız hala düşür, fermerlər də iflas olurlar. Yəni ixracı Rusiya kimi etibarsız tərəfdaş üzərində qurmaq olmaz. Biz bu etibarsızlığı 2015-ci ildə Türkiyə ilə yaranan vəziyyətdə açıq gördük. Bu iki ölkə arasında yaranan gərginlikdən əsas zərər çəkən sahibkarlar oldu. Rusiya kimi bir nəfərin iradəsi daxilində fəaliyyət göstərən idarəetmə sistemlərində siyasi gərginliyin iqtisadi sferaya keçməsi sürətli xarakter daşıyır”.

Rəşad Həsənov ile ilgili görsel sonucu

Ekspert xatırladır ki, Azərbaycanda qısa zamanda 50-dək iri aqroparkın yaradılması nəzərdə tutulur: “Bu isə tezliklə aqrar istehsalın sürətlə artması demək olacaq. Belə vəziyyətdə ixrac coğrafiyasının genişləndirilməsi daha vacibdir. Düzdür, son vaxtlar ayrı-ayrı ölkələrə ixrac missiyaları təşkil olunur, ticarət evləri açılır, lakin faktiki olaraq strukturda ciddi dəyişikliklər baş vermir”.

R.Həsənovun sözlərinə görə, Azərbaycanda kənd təsərrüfatı məhsulları daha təbii üsullarla yetişdirildiyi üçün onlar Körfəz ölkələrində, elə Avropa bazarlarında da rəqabətə davam gətirə bilərlər: “Bu amili nəzərə alaraq, həm fermer-sahibkarlar, həm də dövlət qurumları müvafiq addımlar atmalıdılar. Əgər biz dayanıqlı, minimum riskli bazarlar düşünürüksə, Körfəz ölkələrinə, Asiya və Avropa bazarlarına istiqamətlənməliyik. Bu yaxınlarda Türkiyə pomidoruna qadağa tam aradan qaldırılan zaman qiymətlərin ikiqat azalması nəticəsində Azərbaycan sahibkarları xeyli ziyana düşdülər. Belə məsələləri nəzərə almaq mütləq lazımdır”.

İdxala gəlincə, ekspertin sözlərinə görə, burada MDB ölkələrindən asılılığın artmasında son illərdə baş verən böhran əsas rol oynayıb: “Neftin dünya bazar qiymətinin düşməsi nəticəsində əhalinin gəlirləri azaldı, alıcılıq qabiliyyəti məhdudlaşdı. Bu zaman daha ucuz məhsulların idxalına rəövac verildi, belə məhsullar isə MDB ölkələrində istehsal olunur. Düşünürəm ki, taxıl, dərman vasitələri kimi strateji məhsulların idxalında bir ölkədən asılılığın yaranmasına yol vermək olmaz. Belə məhsulların idxalını şaxələndirmək, zamanı gələndə onlardan təzyiq vasitəsi kimi Azərbaycana qarşı istifadə olunmasına imkan verməmək lazımdır”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR