İnsanlara hürriyət, millətlərə istiqlal!

Azad olunan ərazilərdə biznes və vətəndaşlar üçün güzəştlər qüvvəyə mindi

1111 14.01.2023 13:40 Media A A

 

İqtisadçı ekspert: “Bu dəyişikliklər həmin ərazilərdə çalışan vətəndaşlar üçün ciddi imtiyazlar tanıyır”

Bu aydan etibarən Azərbaycanın işğaldan azad olunmuş ərazilərində işləyəcək şəxslər, biznes üçün nəzərdə tutulan çoxsaylı güzəşt və imtiyazlar qüvvəyə minib. Bu güzəşt və imtiyazlar Milli Məclis tərəfindən “Sosial müavinətlər haqqında”, “Sosial sığorta haqqında”, “Miqrasiya haqqında” qanunlarda, Vergi və Əmək Məcəlləsində edilən, Prezident İlham Əliyevin 2022-ci ilin 22 dekabrında təsdiqlədiyi dəyişikliklərdə əksini tapıb.

Vergi Məcəlləsinə edilən dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazinin rezidentləri yanvarın 1-dən etibarən 10 il müddətində mənfəət (gəlir), əmlak, torpaq və sadələşdirilmiş vergidən azad edilib. Bu azadolma işğaldan azad edilmiş ərazinin rezidentinin həmin ərazidəki fəaliyyəti ilə bağlı əldə olunan satışdankənar gəlirlərinə də şamil olunur.

Bundan əlavə, ƏDV-nin məqsədləri üçün qeydiyyatda olan işğaldan azad edilmiş ərazinin rezidentləri tərəfindən siyahısı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilmiş istehsal fəaliyyəti sahələri üzrə xammal və materialların idxalı da 10 il müddətində ƏDV-dən, işğaldan azad edilmiş ərazinin rezidenti olan hüquqi şəxslərin səhmdarlarının (payçılarının) dividend gəlirləri 10 il müddətində vergidən azad edilir.

İşğaldan azad edilmiş ərazilər daxilində yerləşmə vasitələri hesab edilən mehmanxanalar (hotellar) tərəfindən göstərilən gecələmə və qalma xidmətlərinə (digər əlavə xidmətlər istisna olmaqla) görə nağdsız qaydada ödənilmiş ƏDV-nin 30 faizi, nağd qaydada ödənilmiş ƏDV-nin isə 5 faizi həcmində ƏDV fiziki şəxs olan istehlakçılara geri qaytarılacaq.

Vergi azadolmaları maliyyə xidmətlərinin göstərilməsi,  avtonəqliyyat vasitələri ilə yük daşıma xidmətləri, dövlət büdcəsinin vəsaitləri hesabına podratçı (işğaldan azad edilmiş ərazi daxilində istehsal fəaliyyətini həyata keçirən rezident podratçılar istisna olmaqla) tərəfindən malların (işlərin və xidmətlərin) təqdim edilməsi kimi fəaliyyət növlərinə və əməliyyatlara şamil edilməyəcək.

İqtisadçı-alim, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun sözlərinə görə, Əmək Məcəlləsindəki dəyişikliklər azad olunan ərazilərdə çalışan vətəndaşlar üçün ciddi imtiyazlar tanıyır: “Bildiyiniz kimi, bu aydan ”Əmək Məcəlləsində" yeni dəyişikliklər qüvvəyə mindi. Yeni dəyişikliklər işğaldan azad oluna ərazilərmizdə - Qarabağ və Şərqi Zəngəzurda məskunlaşaraq işləyənlər və işəgötürənlər üçün stimullaşdırıcı mexanizmlərin və eləcə də güzəştlərin tətbiqini nəzərdə tutur. Belə ki, dəyişikliklərə əsasən, Əmək Məcəlləsinə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis” anlayışı əlavə olunub. Peşə, orta ixtisas və ali təhsil müəssisəsini bitirmiş və son 5 il ərzində azı 2 il əmək stajı olan və ölkəmizin işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən işçilər bu kateqoriyaya daxil ediləcək. Həmin vətəndaşlarmızın aylıq vəzifə maaşına əlavələr hesablanmaqla yanaşı, onlar hər il 600 manat birdəfəlik müavinət ala biləcəklər. Onlar həmçinin hər il 5 gün əlavə məzuniyyət götürmək hüququna malik olacaqlar.

İşğaldan azad edilmiş ərazilərimizdə fəaliyyət göstərən, qeyri-dövlət sektoru üzrə neft-qaz sahələrinə aid olmayan işəgötürənlər tərəfindən işçilər üçün ödənilən sosial sığorta haqları 2026-cı ilədək tam olaraq dövlət tərəfindən subsidiyalaşdırılacaq. Yəni dövlət bu ödənişləri öz üzərinə götürəcək. 2026-cı ildən başlayaraq 3 il ərzində isə subsidiya faizi 80.0, sonrakı 3 ildə 60.0 və uyğun olaraq daha sonra 40.0 faiz olacaq.

Fərdi sahibkarlar, ailə-kəndli təsərrüfatları, torpaq pay mülkiyyətçiləri tərəfindən ödənilən sosial sığorta haqları isə 10 il müddətində tam olaraq dövlət büdcəsinin vəsaiti hesabına subsidiyalaşdırılacaq. Yeni dəyişikliklərə əsasən, ödənilən sosial sığorta haqları dövlət büdcəsindən onlara geri qaytarılacaq, işçilərin isə fərdi hesablarında pensiya kapitalı toplanması, beləliklə, sosial sığorta stajları davam edəcək. Deməli, işğaldan azad olunan ərazidə çalışan vətəndaşlaırmız artıq maaşına əlavənin hesablanması, hər il 600 manat birdəfəlik müavinətin alınması hüquqlarına malikdirlər. Sosial sığorta haqlarının subsidiya edilməsi də onların maaşlarının daha da artmasına imkan verəcək".

Miqrasiya qanunvericiliyində edilən dəyişikliyə əsasən isə işğaldan azad edilmiş ərazilərimizdə işlərə cəlb edilən əcnəbi mütəxəssislərə əmək miqrasiyası kvotası 5 il tətbiq edilməyəcək, kvotanın dolması səbəbindən iş icazəsi verilməsindən imtina edilməsi onlara şamil olunmayacaq. Onlara iş icazələrinin verilməsi sahəsində də güzəştlər tətbiq olunacaq.

Xatırladaq ki, bu güzəştlər Prezident İlham Əliyevin 2021-ci ilin  dekabrında imzaladığı “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi inkişafın sürətləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamının icrası çərçivəsində hazırlanıb.  Sərəncamda qeyd olunur ki, azad olunmuş ərazilərdə icra olunan layihələr həmin ərazilərin qısa müddət ərzində sülh və əməkdaşlıq bölgəsinə çevrilməsində və iqtisadi inkişafında mühüm rol oynayacaq: “Sözügedən ərazilərdə zəngin resurs və infrastruktur potensialından səmərəli istifadə, dövlət?özəl sektor tərəfdaşlığı və ən əlverişli biznes mühiti əsasında iqtisadi fəaliyyətin canlandırılması və dayanıqlı məskunlaşmanın təmin olunması ölkənin uzunmüddətli inkişaf prioritetləri ilə vəhdətdə olan tədbirlərlə dəstəklənməlidir”.

 

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq  "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşkili" mövzusunda hazırlanıb.

Hazırladı: Dünya SAKİT

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR