İnsanlara hürriyət, millətlərə istiqlal!

AYB-nin yeni mətbuat katibi “Yeni Müsavat”a danışdı

2915 03.11.2013 08:16 Müsahibə A A
...İki yaradıcı peşənin sahibi olan Xəyal Rza onların vəhdətini təşkil edən posta təyinindən ağızdolusu danışdı. Həm jurnalist, həm də şair kimi tanınan Xəyal Rza yenilikcə - Ədalət Əsgəroğlu dünyasını dəyişdikdən sonra Azərbaycan Yazıçılar Birliyinin mətbuat katibi vəzifəsinə təsdiqlənib. 1996-ci ildən etibarən Azərbaycan mətbuatında çalışan X.Rza 5 kitab müəllifidir. Həmçinin, onun 3 şer diski var.

Jurnalistlik fəaliyyətinin populyar dövrü 1990-cı illərin sonları, 2000-ci illərin əvvəllərində məşhur olan “Sensasiya” qəzetinin baş redaktoru olduğu dönəmdir.

“Xəyal prodakşn” adlı jurnala sahib olan AYB-nin mətbuat katibi onların layihələrinin Azərbaycan mədəniyyətinin, incəsənətinin dünyaya tanıdılması ilə bağlı olduğunu söylədi.
1997-ci ildən Yeni Nəsil Azərbaycan Jurnalistlər Birliyinin üzvü olan X.Rza 2008-ci ildən AYB-nin də üzvü olduğunu bildirdi:

- Jurnalist kimi fəaliyyətim mənim üçün çox önəmlidir. Bugünədək müxtəlif qəzetlərdə çalışmışam. 10 min tiraja malik qəzetin baş redaktoru olmuşam. Həyatımda böyük dönüş yaradan qəzet “Sensasiya” olub. Bu qəzet “O dünyaya məktublar” başlığında dərc olunan yazılarım vasitəsilə məni oxucularıma sevdirib. Həmin qəzet o zaman 8 səhifə həcmində, həftədə 4 dəfə, 20 min tirajla çap olunurdu. 90 faiz satışa malik idi. Sözügedən qəzetdə müxbir vəzifəsindən başlayaraq baş redaktora qədər yüksəldim.

- Bu yüksəlişin sirri nədə idi?

- Sirri insanın iddialı olmasındadır. Təbii ki, qabiliyyəti olmayan birisinin heç iddiası da ola bilməz. Ondan başqa isə insan gərək, işini sevsin. Şəxsən mən bugünə qədər yalnız sevdiyim işləri görmüşəm. Elə indi də sevdiyim sənətlə məşğulam.

- AYB-nin mətbuat katibi vəzifəsinə təyinatınız necə baş verdi?

- Şair Səlim Babullaoğlu ilə bir məclisdə iştirak ediridk. Biz də bir yerdə olanda adətən, ədəbi söhbətlər edirik. Onunla söhbətimiz əsnasında öyrəndim ki, Ədalət bəy dünyasını dəyişib. Həqiqətən çox məyus oldum... (Bunu deyib də, Ədalət bəyin xatirəsinə  yazdığı esseni oxudu. Yazının qələmə alınma metodu, təsir imkanları onun nə qədər qəlbdən yazıldığına əyani vəsait idi. Bir müddət susduq və yenidən sözünə davam etdi-F.A.) Bu xəbərdən sonra mənə onun vəzifəsini icra edib-etməmək istəyimi soruşdu. Təbii ki, istədiyimi bildirdim. Ondan sonra qərar qəbul olundu və mən hazırda bu vəzifədəyəm. Onu bildirim ki, mənə görə, bütün qurumların mətbuat xidmətinin rəhbərləri məhz mətbuatla uğraşan jurnalistlər olmalıdır. Mənim də həm jurnalistilik fəaliyyətim, üstəgəl yaradıcılıq qabiliyyətim varsa niyə də mən bu vəzifəni icra etməyim? Sevindirici haldır ki, məni AYB-də tanıyırdılar. Heç kəs mənim bu posta təyin olunmağıma öz narazılığını ifadə etmədi. Bura təyin olunmağım könlümcə oldu. Çünki bura mənə doğmadır. 2008-ci ildən AYB-nin üzvüyəm, prezident təqaüdçüsüyəm. Artıq 3 ildir ki, ölkəmizdə qeyd olunan 5 iyun “Şairlər günü”nün keçirilməsini təklif edən və təşkilatçılıq işləri ilə məşğul olan da mən olmuşam. İyunun 5-i dünyadan nakam köçmüş, “Oxu tar” deyib repressiya qurbanı olmuş Mikayıl Müşfiqin doğum günüdür. Görünür, bütün bunlar nəzərə alınıb ki, bu gün mən buradayam.

- Bu işin icrası sizə çətin gəlirmi? Hər halda, həm yaradıcı adamlarla, həm də jurnalistlərlə işləmək asan deyil.

- Mən bu vəzifəyə təyin olunanda bəziləri deyib ki, biz onu tanımırıq. Bəli, bu mümkündür. Çünki nə mənim onları tanımaq, nə də onların məni tanımaq kimi borclarımız yoxdur. Təklif etmişəm ki, gəlin oturaq, tanış olaq. Hər kəslə çalışıram ki, münasibətlərimi yüksək səviyyədə qurum. Rəhmətlik Ədalət Əsgəroğlu hər kəslə dost olan adam idi. O, bu dünyadan düşmən qazanmayıb getdi. Mən də çalışıram işimi dostluq konteksti üzərində qurum. Hazırda narazı insanlarla hansı layihələr üzərindən çalışmalı olmağın yollarını axtarıram. İstəyirəm birgə əməkdaşlıq edərək, dostluq münasibəti yaradım. Yəni barışdırıcı mövqe tutmaq istəyirəm.

- Vəzifəyə təyin edildikdən sonra ətrafdakıların sizə reaksiyaları hansı yöndə dəyişdi?

- Müsbət olub ki, mənfi olmayıb. Dostlar, tanıyanlar zəng vurub təbrik ediblər. Əksəriyyət yoldaşlar hesab edir ki, elə belə də olmalı idi. Təbii ki, bütün təbrik edənlərin ürəkdən xoş sözlər söylədiyini demək olmaz. Çünki hər kəs bir istəkdə, bir xislətdə deyil. Bəzilərinin adicə təbrikindən belə kin-küdurət duymaq mümkündür.

- Ədəbi mühitin problemlərini nələrdə görürsünüz?

- İstənilən qurumda problem mövcuddur. Bu qurum kifayət qədər demokratikdirsə, orada işgüzar problemlər daha çoxdur. Bu labüd haldır ki, hər kəs hər zaman nədənsə narazıdır. Sadəcə olaraq süni qalmaqallar lazım deyil. Mən bunların əleyhinəyəm. Yəni ki, elementar məsələlərdən ötrü mətbuata çıxmaq, kimisə təhqir, tənqid etmək düzgün iş deyil. Xüsusilə də məişət problemlərindən söhbət gedirsə. Yaxud paxıllıq, qısqanclıq ifadə edən fikirlərlə mətbuata gəlmək əslində o insanın daxili aləmini açır. Amma təbii ki, haqlı və haqsız narazılıqlar var. Məsələn, mən 2001-ci ildən ədəbiyyatda aktiv fəaliyyətdəyəm. Hələ xatırlamıram ki, hansısa problemimlə bağlı müəyyən bir quruma müraciət edim ki, mənə kitab, ya disk çıxartmaqda yardım etsinlər. Yaradıcı insan başını aşağı salıb, yazılarını yazmalıdır. “Herry Poter” romanını yazan qadın -  Rovlinq elə də imkanlı olmayıb. O, işıq pulu az yazsın deyə hər gün noutbookunu götürüb bir restoranda kofe içərək bu əsəri yazıb".

- Əgər hər problemini yazar özü həll edəcəkdisə, onda bu qurumlar niyə yaradılırdı?

- Xeyr, əslində ölkəmizdə AYB ən aktiv qurumdur. Sadəcə, burda hər kəs şair, yazar olduğundan narazılıq edən çoxdur. Bu həm də ondan xəbər verir ki, bu qurum demokratikdir. Bir dəfə cavan oğlan gəlib, Adnan Mendersin yaxasından yapışır ki, mən demokratiya istəyirəm. O da deyir ki, cavan oğlan, siz mənim yaxamdan yapışmısınız, bundan artıq demokratiya? Yəni ki, hamı razı qala bilməz. Amma 30-50 nəfərin etirazı buranın 1500 üzvünün haqqını tapdayır. Çünki digər hissə burdan razıdır. Hamı razı qala bilməz. Mütləq şəkildə narazı olanlar olacaqdır.

- Mətbuat xidmətinin işində nə yenilik etməyi planlaşdırırsınız?

- Düzü, burda nə var ki, nə islahat aparım. Sadəcə, iş mənə təhvil verilib, işi öz bildiyim kimi quracağam. Hazırda AYB-nin saytını aktivləşdirmək yönümdə iş görməyi düşünürəm. Bir də tam yeni ayb.net saytını yaratmağı düşünürük. Bu saytda yalnız ədəbi nümunələr deyil, müxtəlif xarakterli xəbərlər yer alacaq. Biz artıq facebook sosial şəbəkəsində AYB-nin səhifəsini açmışıq. Həmçinin AYB-nin mətbuat xidmətinin rəsmi səhifəsi var. Gələcəkdə twitterdə də olmağımız planlaşdırılır. Nəzərdə tutmuşuq ki, ildə 1-2 dəfə jurnalistlər arasında müsabiqələr həyata keçirdək. Bir sözlə, mövcud bütün vasitələrdən istifadə edərək, işimizi düzgün qurmağı düşünürəm. İşə gələndən sonra ilk addımlarımdan biri o olub ki, gündəlik qəzetlərin əksəriyyətinə abunə olmuşam. Ədəbiyyata dair yazılan yazılar üçün isə arxiv yaratmışam və həmin qəzetləri oraya daxil edirəm.

- Öz yaradıcılığınızda nə yeniliklər var?

- Hazırda yeni şer diskim üzərində çalışıram. Şerlərimi özüm səsləndirirəm. Sərbəst, o cümlədən heca vəznində də şerlər qələmə alıram. Roman və hekayələrim də mövcuddur. Lakin onları hələ kitab halına çevirməmişəm.  Bu yöndə də çalışacam.

Fəridə ABDIYEVA


Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR