İnsanlara hürriyət, millətlərə istiqlal!

Avtomobil parkımızı nə vaxt “təmizləyəcəyik”?

1190 25.02.2023 11:34 Media A A

Avropaya yaşıl enerji ixracatçısına çevrilməyi hədəfləyən Azərbaycanda proses çox sürətli aparılmalıdır...

Azərbaycanda 2021-ci ilin dekabrında Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyanın sədri tərəfindən təsdiqlənmiş “Ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı qiymətləndirmələrin aparılması, təkliflərin hazırlanması və həyata keçirilməsi üzrə 2022-ci il üçün Yol Xəritəsi”ndə nəzərdə tutulan tədbirlərin bir çoxu həyata keçirilib.

Xatırladaq ki, “Yol Xəritəsi”ndə ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı 4 istiqamət üzrə 25 tədbir müəyyən olunub. Dörd istiqamət  elektrik mühərrikli və hibrid nəqliyyat vasitələri sahəsində təhlillər və qiymətləndirmənin aparılması, ekoloji təmiz nəqliyyat vasitələrindən istifadənin stimullaşdırılması və təşviqi ilə bağlı təkliflərin hazırlanması, elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin genişləndirilməsi üzrə maliyyə əlçatanlığının təmin edilməsi, elektrik mühərrikli və hibrid nəqliyyat vasitələrindən istifadənin təşviqi üzrə zəruri infrastrukturun yaradılmasıdır.

Qeyd edək ki, ötən ilin avqustunda Mərkəzi Bankın sədri Taleh Kazımov “Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda”nı təsdiq edib. Qaydalara görə, yeni - yəni 3 ilədək olan elektrik mühərrikli avtomobil kreditlə alınan zaman ilkin ödəniş 10 faiz, hibrid mühərrikli avtomobil alınan zaman isə 20 faiz müəyyənləşdirilib. Ənənəvi yanacaqlar ilə çalışan yeni avtomobill alınan zaman isə ilkin ödəniş 40 faiz olaraq saxlanılıb. 

Yol Xəritəsində o da nəzərdə tutulurdu ki, 2022-ci ilin iyun ayının 1-dək, parklanma yerlərində elektrik mühərrikli nəqliyyat vasitələri üçün enerji doldurma məntəqələrinin (EDM) yaradılması, elektrik mühərrikli avtomobillərin parklanma yerlərindən güzəştli istifadəsi ilə bağlı təkliflər hazırlanaraq aidiyyəti üzrə təqdim olunsun.  Eyni zamanda oktyabrın 1-dək elektrik enerjisi təchizatçısı tərəfindən EDM-lərə elektrik enerjisinin satışı qiymətlərinin tənzimlənməsi, o cümlədən gecə-gündüz tariflərinin tətbiq edilməsi məsələsi nəzərdən keçirilməli, EDM-lərin şəbəkəyə qoşulması üzrə texniki şərtin verilməsi və müvafiq qoşulmanın təmin edilməsi prosesinin sadələşdirilməsi və bu sahədə qoşulma haqqının aşağı salınması imkanlarının araşdırılmasına dair iyunun 1-dək təkliflər hazırlanmalı, dekabrın 1-dək isə EDM-lər haqqında məlumatları interaktiv xəritə üzərində əks etdirən internet informasiya ehtiyatı (mobil əlavə də daxil olmaqla) yaradılmalıydı.

Bununla yanaşı noyabrın 1-dək bu tipli nəqliyyat vasitələrinin ödənişli yollardan ödənişsiz (və ya diskontlu ödəniş) əsasda istifadə imkanları araşdırılaraq təkliflər hazırlanmalı idi.

Məlumat üçün bildirək ki, 2022-ci ilin martına Azərbaycanda ekoloji təmiz nəqliyyat vasitələri üçün 33 elektromobil enerji doldurma məntəqəsi olub. Energetika Nazirliyinin iqtisadiyyat şöbəsinin müdiri Rauf Qurbanovun verdiyi məlumata görə, bu məntəqələrin 22-si Bakıda, 11-i isə regionlarda yerləşir. Məntəqələrdən 2-si Gəncədə, digərləri isə Quba, Kürdəmir və başqa regionlarda mövcuddur. Yerləşdirilən enerji doldurma məntəqələrinin ara məsafəsi 25 km-dir.

2022-ci ilin yanvarından istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 3 il müddətinə ƏDV-dən azad edilib. Bundan əlavə, elektrik mühərriki ilə işləyən avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı da həmin müddətə ƏDV-dən azad edilib.

Nazirlər Kabinetinin qərarı ilə həmçinin zavod buraxılış tarixindən 3 ilədək ötmüş elektrik minik avtomobillərinin, həmçinin elektrik mühərrikli avtomobillər üçün ikinci və üçüncü səviyyə elektrik enerji doldurucularının idxalı gömrük rüsumundan azad edilib.

Dövlət Gömrük Komitəsi sədrinin birinci müavini İsmayıl Hüseynovun verdiyi məlumata görə, Azərbaycana elektrik mühərrikli avtomobillərin idxalı 2019-cu ildə 132 ədəd, 2020-ci ildə 167 ədəd, 2021-ci ildə 160 ədəd olub: “Hibrid avtomobillərin isə idxalı 2019- cu ildə 3 645 ədəd, 2020-ci ildə 5 081 ədəd, 2021-ci ildə 12 936 ədəd təşkil edib. Atılan addımlar nəticəsində ötən il Azərbaycana idxal edilən elektrik mühərrikli avtomobillərin sayı artaraq 486 ədəd olub. 2023-cü ildə isə fevralın 20-nə qədər bu avtomobillərin idxalı 195 ədəd təşkil edib. İstehsal tarixi 3 ildən və mühərrikin həcmi 2 500 kubsantimetrdən çox olan hibrid avtomobillərin isə sayı ötən il 3 026 ədəd olub (2021-ci ildə 805 ədəd). Bu il fevralın 20-nə qədər isə bu avtomobillərin idxalı 673 ədəd təşkil edib”.

Azərbaycanda olan avtomobil parkının 80 faizindən çoxunun yaşı 10 ildən yuxarıdır. Rəsmi statistikaya əsasən 2021-ci ilin sonuna ölkədə olan 1349307 ədəd minik avtomobilinin 1081782 ədədinin yaşı 10 ildən çox, 204332 ədədinin yaşı 5-10 il, cəmi 63193 ədədinin yaşı 5 ilə qədər olub. 30815 ədəd avtobusun 26390 ədədi 10 yaşdan “qoca”, 2974 ədədi 5-10 yaşlı, cəmi 1451 ədədi 5 yaşa qədərdir.

Yük avtomobillərinə gəlincə, 161279 ədədlik ümumi parkın 145028 ədədi 10 ildən yuxarı, 12114 ədədi 5-10 il, 4137 ədədi 5 ilə qədər “yaşayıb”.

Ölkədə hələ də Avro standartlarında avtomobil benzini istehsalı təmin olunmayıb. Belə bir şəraitdə hökumətin ekoloji təmiz avtomobillərin idxalını stimullaşdırmaq üçün atdığı addımlarla qısa müddətə parkın “təmizliyinə” nail olmaq mümkün olacaqmı? Hələlik tədbirlərin tətbiqindən az müddət keçdiyinə görə qiymətləndirmə aparmaq mümkün deyil. Lakin nəzərə almaq lazımdır ki, Avropada, inkişaf etmiş ölkələrdə 2030-cu ilədək minik avtomobili və ictimai nəqliyyat parkının tamamilə elektrikə keçirilməsi planlaşdırılır.

Avropaya yaşıl enerji ixracatçısına çevrilməyi hədəfləyən Azərbaycanda bu hədəfə nail olmaq üçün proses çox sürətlə aparılmalıdır...

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə və müsabiqə şərtlərinə uyğun olaraq  "Azad sahibkarlığın və liberal iqtisadiyyatın təşviqi" mövzusunda hazırlanıb

HAZIRLADI: Dünya SAKİT

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR