İnsanlara hürriyət, millətlərə istiqlal!

“Avroviziya 2024"ə razılıq verdik - müsabiqədən çəkilək, yoxsa...

882 19.08.2023 12:22 Mədəniyyət A A

Faiq Sücəddinov: "Dünyaca nüfuzlu səhnədə "Azərbaycan" sözünün səslənməsi 10 milyona dəyər..."

Avqustun 17-dək 27 ölkə “Avroviziya 2024" mahnı yarışında iştirakını təsdiqləyib: Almaniya, Avstriya, Azərbaycan, Belçika, Danimarka, Estoniya, Finlandiya, Fransa, İrlandiya, İslandiya, İspaniya, İsrail, İsveç, İsveçrə, İtaliya, Kipr, Litva, Lüksemburq, Malta, Moldova, Niderland, Norveç, Polşa, Portuqaliya, San Marino, Serbiya, Ukrayna.

Novator.az bildirir ki, İsveçin Malmö şəhərinin ev sahibi olacağı yarışın ilk yarımfinalı mayın 7-nə, ikinci yarımfinalı mayın 9-na, finalı mayın 11-nə təyin edilib.

İctimai teleradioları cəmləyən Avropa Yayım Birliyinin 1956-cı ildən keçirdiyi “Avroviziya” yarışında İrlandiya və İsveç 7, Niderland, Fransa, Lüksemburq və Böyük Britaniya 5, İsrail 4, Danimarka, İtaliya, Norveç və Ukrayna 3, İsveçrə, Avstriya, İspaniya və Almaniya 2, Monako, Belçika, Yuqoslaviya, Estoniya, Latviya, Türkiyə, Yunanıstan, Finlandiya, Serbiya, Rusiya, Azərbaycan və Portuqaliya 1 dəfə qalib olub.

Məlum olduğu kimi “Avroviziya” mahnı müsabiqəsi dünyanın ən böyük musiqi tədbirlərindən biri sayılır. Lakin bu müsabiqənin sadəcə mahnı müsabiqəsi olmadığı haqda çoxdan fikirlər səslənir. Qeyd olunur ki, “Avroviziya” siyasi münasibətlərin yumşaq ifadə platforması olmaqla bərabər, həm də Avropanın mənəvi ekspansiya siyasətini icra edən bir mexanizmidir.

Bu yarışmadan siyasi təbliğat vasitəsi kimi istifadə edilməsi ilə bağlı ən məşhur nümunələrdən biri Gürcüstanın 2009-cu ildə Rusiya prezidenti Vladimir Putini məsxərəyə qoyan “We don’t wanna put in” adlı mahnı ilə təmsil olunmağa qərar verməsi idi. Lakin “Avroviziya” mahnının sözlərində açıq siyasi mesajlar olduğunu əsas gətirərək, sözlərin dəyişdirilməsini tələb etdi. Tələb Gürcüstan tərəfindən qəbul edilmədi və ölkə həmin il müsabiqədə iştirakdan imtina etdi.

Siyasi proseslərin təsiri 2017-ci ildə İsveçdə keçirilən müsabiqədə daha aydın nəzərə çarpdı. Ukrayna təmsilçisi Camala Krım türklərinin deportasiyası haqqında yazılan “1944" adlı parça ilə yarışmaya qatıldı. Qeyd edək ki, Rusiyanın Krımı ilhaq etdiyi dövrdə yazılan, Rusiyanın sələfi hesab olunan SSRİ-nin Krım tatarlarını zorla köçürmə siyasətini tənqid edən mahnının siyasi motivlərinə bu dəfə Avropa göz yumdu və güclü dəstək əldə edən çıxış qalib olmağı bacardı.

Mütəxəssislər də qeyd edir ki, “Avroviziya”da siyasi faktorlar səsvermə zamanı daha çox nəzərə çarpır. Belə ki, Yunanıstanın heç vaxt Türkiyəyə səs verməməsi, Balkan və Skandinaviya ölkələrinin öz aralarındakı daimi dəstəyi bir növ buna sübutdur. Verilən səslər, sanki ölkələrin bir-birinə olan münasibətinin göstəricisinə çevrilib. Bu nöqteyi-nəzərdən qeyd edək ki, Azərbaycanın ən çox səs alıb-verdiyi ölkələr Türkiyə, Rusiya, Moldova, İsrail, Ukrayna və Gürcüstandır.

Son illər isə yarışmada LGBT təbliğatı açıq-aydın hiss olunmaqdır.  Məsələn, 2014-cü ildə keçirilən müsabiqənin qalibi olan Avstriya təmsilçisi Konçita Vorst LGBT təbliğatının simvoluna çevrildi. “Saqqallı qadın” olaraq yaddaşlarda qalan ifaçının qalibiyyəti cinsi azlıqların nümayəndələri tərəfindən rəğbətlə qarşılandı və ifaçı “ikon” kimi qəbul olundu. “Simurq quşu kimi yüksəlmək” adlı parçası LGBT hərəkatlarının yüksəlməsi üçün təməl oldu.

Onu da əlavə edək ki, qardaş Türkiyə ilk dəfə bu yarışmaya 1975-ci ildə qoşulub, 34 dəfə müsabiqədə iştirak edib. Lakin səsvermə sistemində dəyişiklikləri əsas gətirərək, Türkiyə 2013-cü ildən etiraz əlaməti olaraq bu yarışmada iştirak etmir.

Azərbaycana gəldikdə, ölkəmiz ilk dəfə 2008-ci ildə bu yarışmaya qoşulub.

Serbiyanın paytaxtı Belqrad şəhərində baş tutan 53-cü “Avroviziya” müsabiqəsində Azərbaycanı Elnur Hüseynov və Samir Cavadzadə “Day After Day” mahnısı ilə təmsil etdi və 132 xalla 8-ci yeri tutdu. 2011-ci ildə isə Azərbaycan tarixi ərzində birinci dəfə müsabiqənin qalibi oldu. Almaniyanın Düsseldorf şəhərinin ev sahibliyi etdiyi müsabiqədə Eldar Qasımov və Nigar Camal “Running Scared” mahnısı ilə Avropanın bütün dövlətlərini arxada qoydu və yarışmanı “Odlar Yurdu”na gətirdi. Ertəsi il müsabiqəyə paytaxtın Kristal Zalı ev sahibliyi etdi. İsveçli ifaçı Lorinin qələbə qazandığı yarışmada Azərbaycan təmsilçisi Səbinə Babayeva “When the Music Dies”mahnısı ilə 4-cü yeri tutdu.

Azərbaycan sonuncu dəfə müsabiqədə 2013-cü ildə uğurla çıxış etdi. Malmö şəhərində baş tutan müsabiqədə Fərid Məmmədov “Hold Me” mahnısı ilə ikinci yeri tutdu. 2014-cü ildən isə Azərbaycan yarışmalarda mütamadi olaraq uğursuz çıxış edir. 2014-cü ildə Dilarə Kazımova 22-ci, 2015-ci ildə Elnur Hüseynov 12-ci, 2016 -cı ildə isə Səmra Rəhimli 17-ci yeri tutdu.

2017 Kiyev şəhərində keçirilən müsabiqədə Azərbaycanı Diana Hacıyeva “Neaeaoiin” mahnısı ilə təmsil etmiş və nəticədə 14-cü yeri qazanmışdır. İlk dəfə 2018-ci ildə Azərbaycan Aysel Məmmədovanın təmsilində yarımfinal mərhələsində məğlub olmuşdur. 2019-cu ildə isə Çingiz Mustafayev ifa etdiyi “Truth” mahnısı ilə 8-ci yerdə qərarlaşmışdır. 2021-ci ildə Niderlandda keçirilən yarışmada iştirakçımız Samirə Əfəndiyeva 20-ci, 2022-ci ildə İtaliyada iştirakçımız Nadir Rüstəmli 16-cı yerə çıxıb. Ötən il, yəni 2023-cü ildə isə ölkəmizi təmsil edən Tural Bağmanov və Turan Bağmanov qardaşları ümumiyyətlə finala keçə bilmədilər. Hələ yarışmada iştirak etməzdən əvvəl qardaşların həm mahnı, həm də performansının çox zəif olması haqda çox sayda tənqidi fikirlər səslənirdi.

Oxu.az - Faiq Sücəddinov: Yoldaşım da hərdən deyir ki, artıq bəsdir

Faiq Sücəddinov 

Bütün bu faktları nəzərə alaraq, “Avroviziya 2024" müsabiqəsindən çəkilək, yoxsa...

Mövzu ilə bağlı Xalq artisti, “Şöhrət” ordenli bəstəkar,  “Avroviziya” milli seçim turunun münsiflər heyətinin üzvü olmuş  Faiq Sücəddinov “Yeni Müsavat”a danışıb: "Avroviziya" dünyada çox nüfuzlu mahnı müsabiqəsidir və burda bütün dünya iştirak edir. Doğrudur, qardaş Türkiyə bu müsabiqədən imtina edib, onların öz baxışları var. Hesab edirəm ki, Azərbaycan “Avroviziya”da davamlı olaraq iştirak etməlidir. Ona görə ki, bu vacib səhnədir. Ola bilər ki, Azərbaycan tərəfindən bir dəfə yaxşı, bir dəfə də pis musiqi təqdim olunsun, iştirakçılarımız bir dəfə uğurlu, bir dəfə uğursuz çıxış etsin, amma əsas odur ki, ölkəmiz kənarda qalmır. İndiki informasiya müharibəsi zamanında Azərbaycan bu cür tədbirlərdən geri qalmamalıdır. Bir “Azərbaycan” sözünün səslənməsi 10 milyona dəyər. Azərbaycan  bu yarışmada bir dəfə qalib olub, bir dəfə isə heç finala da keçə bilməyib. Amma bütün bunlara  baxmayaraq, kəskin mövqe nümayiş etdirməməliyik. Niyə bu cür tədbirdən imtina etməliyik? Yaxşı, gizlənək, qapanaq, bəs sonra nə olsun?

“Bəs niyə bəstəkarlarımız ”Avroviziya" müsabiqəsi üçün mahnı yazmır, müraciət olunmur, yoxsa?" sualımıza Faiq Sücəddinov bu cür cavab verdi: “Bu məsələdə bir qədər açıq olmaq lazımdır. Hesab edirəm ki, gələcəkdə  bu da olacaq. Allah biz bəstəkarlara ömür versin, tələb olunanda onu da yazacağıq. Bir neçə il öncə Fransada Azərbaycan mədəniyyət günləri keçirilirdi. Həmin tədbirdə səslənən musiqilərimizin təsirindən xaricilərin ağızları açıq qalmışdı. Muğamımız, folklorumuz, caz, akademik musiqimiz çox zəngindir. Əlbəttə ki, dünya arenasında öz musiqimizin səslənməsi daha yaxşı olardı, amma qeyd etdiyim kimi, inanıram ki, gələcəkdə o da olacaq”.

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR