İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada internat məktəbləri ləğv edilir, Azərbaycanda isə...

1150 03.02.2024 13:46 Media A A

Ölkəmizdə “internat uşaqları”nın sayı niyə ilbəil artır; Mehriban Zeynalova: “Azərbaycanda da internat tipli məktəblərin ləğvi istiqamətində işlər aparılır, lakin...”

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin məlumatına görə, 2021-ci ildə internat tipli ümumtəhsil müəssisələrində təhsil alan uşaqların sayı 9960 nəfər idisə, 2022-ci ildə bu rəqəm 10062 nəfər olub.

Komitənin aparat rəhbəri Ceyran Rəhmətullayeva bu barədə danışarkən qeyd edib ki, uşaqların internat müəssisələrinə düşməsinin qarşısının alınması istiqamətində işlər aparılsa da, hələ də bu müəssisələrdə uşaqların sayı narahat edəcək dərəcədədir. Ceyran Rəhmətullayeva alternativ qayğı müəssisələrinin sayının artırılmasına ehtiyac olduğunu qeyd edib.

Statistikadan da görünür ki, Azərbaycanda internatda böyüyən uşaqların sayı ilbəil artır. Mütəxəssislər qeyd edir ki, mövcud vəziyyət ciddi sosial problemlərin olmasından xəbər verir. Əgər əvvəllər internatlarda atasız-anasız, kimsəsiz uşaqlar yaşayırdısa, indi atalı-analı uşaqlar əksəriyyət təşkil edir. Buna daha çox səbəb kimi isə valideynlərin sosial-iqtisadi problemləri göstərilir. Qeyd olunur ki, bəzi qadınlar şiddət, davamlı keçimsizlik olan ailədə uşaq dünyaya gətirir və sonradan problemlər yaşayır, nəticədə uşaqlar baxımsız qalır. Həmçinin, valideynləri narkotik istifadəçisi olan ailələrdə böyüyən uşaqlar da adətən dövlətin himayəsinə keçir və internat tipli məktəblərə göndərilir.

Beynəlxalq təşkilatlar, o cümlədən BMT, Avropa Şurası bildirir ki, uşaqlar öz ailələrində, bu mümkün olmadıqda qohumlarının yanında, bu da olmasa xüsusi hazırlanmış ailələrdə və icmalarda yaşamalı, tərbiyə almalı və orta ümumtəhsil məktəblərinə getməlidir. Bu prinsiplər təkcə sağlam uşaqlar üçün deyil, həmçinin kimsəsiz, eləcə də əlilliyi olan uşaqlar üçün keçərlidir.

Avropa ölkələrində internat müəssisələri demək olar ki, ləğv olunub. İnkişaf etmiş demokratik dövlətlərdə ümumiyyətlə internat müəssisələrindən imtina olunub. Məsələn, İtaliyada və Skandinaviya ölkələrində hətta əlilliyi olan uşaqlar üçün də internat məktəbləri yoxdur. 

Mövzu ilə bağlı “Təmiz dünya” İctimai Birliyinin sədri Mehriban Zeynalova “Yeni Müsavat”a danışıb:

Mehriban Zeynalova: “Anası qızını əri ilə barışmağa məcbur etdi,  sığınacağımızdan gedəndən sonra da əri onu öldürdü” - MÜSAHİBƏ | 1news.az |  Xəbərlər

Mehriban Zeynalova

“İnternata yerləşdirilən uşaqların elə əksəriyyəti bizim sığınacaqdan göndərilənlərdir. Bəzilərinin valideynləri ya həbsdə olur, ya narkotik  maddə istifadəçisi olur, ya valideyn övladına kifayət qədər təlim-tərbiyə verə bilmir, bir çoxu da sosial-iqtisadi problemlərdir. Məsələn, valideynin evi, gəliri olmur, ona görə də uşaqları dövlət müəssisəsinə yerləşdirməyə çalışır ki, heç olmasa uşaq orada elm, təhsil, eyni zamanda tərbiyə ala bilsin. Beləliklə bu məsələ bu cür kateqoriyalara bölünür. Sonrakı prosesdə valideynlərin uşaqları internat məktəbinə yerləşdirməsi uşaqlarda böyük travma yaradır. Yəni valideyni olub, internatda böyümək uşaqlar üçün fərqli bir travma olur. Onlar özlərini atılmış, valideynləri tərəfindən kifayət qədər sevilməyən uşaq hesab edirlər. Sonradan bu travma onların gələcək həyatlarında özünü büruzə verir. 

Ola da bilir ki, valideyn ikinci dəfə ailə həyatı qurur, uşağına qarşı məsuliyyətsiz yanaşır və övladını ona görə internat məktəbinə qoyur. Amma əksəriyyət sosial problemlərdir. Qeyd etdiyim kimi, evsizlik, davamlı iş yerinin, gəlirlərinin olmaması bəzən valideynləri buna vadar edir. 

Bir qisim valideyn isə övladına qarşı zorakılıq işlədir, yerli icra hakimiyyəti, sosial xidmətlər  qərar qəbul edir ki, uşaq həmin ailədə yaşaya bilməz, bu zaman onu internat məktəbinə yerləşdirirlər. 

Bəli, bu gün bir çox Avropa ölkələrində internat məktəbləri artıq ləğv olunub. Azərbaycanda da internat məktəblərinin tədricən ləğv olunması istiqamətində işlər aparılır. Belə ki, himayədar ailə modelinə keçid olunub və gündəlik rəqəmlər də sosial şəbəkələrdə paylaşılır. 

Avropada olduğu kimi Azərbaycanda da himayədar, ailə qayğı modeli valideynlərini itirmiş və ya valideyn himayəsindən məhrum olmuş uşaqların müqavilə əsasında müvəqqəti ailə yanında yerləşdirilməsini nəzərdə tutan alternativ uşaq qayğı modelidir. Himayədar ailə modelində himayədar ailələr müqavilə əsasında onların yanına yerləşdirilmiş uşaqların qidalanması, təhsili, sağlamlığı, fiziki və əqli inkişafının qeydinə qalır, onların ailə mühitində böyüməsinə şərait yaradır və buna görə dövlət tərəfindən müəyyənləşdirilən stimullaşdırıcı dəstək mexanizmlərindən istifadə edirlər.

Övladlığagötürmədən fərqli olaraq himayədar ailə qayğı modelində uşaq ailə yanında müvəqqəti yerləşdirilir, uşaqla himayədar valideynlər arasında valideynlik münasibətləri yaranmır və uşaq ailənin varisi sayılmır.  

Beləliklə, himayədar ailə uşağı  götürür və onun qayğıları, təhsili ilə məşğul olur, buna görə ayda qazanc da əldə edə bilir. Dövlətin də məqsədi budur ki, himayədar ailə modeli yaratmaqla internat tipli məktəbləri ləğv etsin. 

Hesab edirəm ki, himayədar ailə modelinin uğurlu olması üçün uşaqları əvvəlcədən buna  hazırlamaq lazımdır. Yəni, uşaqların keçid dövrünü hansısa müəssisədə təşkil edib, daha sonra onların himayədar ailəyə verilməsi məqsədəuyğun olar".

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR