İnsanlara hürriyət, millətlərə istiqlal!

Avropada fransız, Qafqazda türk dili…

1595 25.07.2017 15:17 Son xəbər A A

Musavat.com və Xeber365.com saytları Türk dilinin regionda hakim dilə çevrilməsi istiqamətində yeni bir layihəyə başlayıb. Layihə çərçivəsində AMEA Nəsimi adını Dilçilik İnstitunun böyük elmi işçisi, Xəzər Universitetinin müəllimi, filologiya üzrə fəlsəfə doktoru İlahə Qurbanlının məqaləsini təqdim edirik.

Dünyada daha çox iki və daha artıq dilli şəraitdə kommunikasiya problemləri ilə əlaqədar tədqiqatlar diqqəti cəlb edir. İki və daha çox dilli situasiyaların yaranmasına bir çox tarixi və ictimai hadisələr səbəb ola bilər. Birincisi, əlbəttə ki, tarix boyu lokal və qlobal xarakterli savaşların davamlı baş verməsi və bu savaşlar zamanı müxtəlif xalqların, tayfaların köçlərini, eyni zamanda, qalib xalqların işğal etdikləri regionlarda dil və kültur cəhətdən üstünlüyü ələ alması kimi səbəbləri göstərmək olar.

İkincisi, çağdaş dövrdə qloballaşma, texnologiyaların sürətli inkişafı, sosial şəbəkələrin günlük həyatımızın bir parçasına çevrilməsi, turizmin inkişaf etməsi kimi səbəblər insanlar arasında kommunikasiyanın bir dildə olmasını mümkünsüz edir.

Fikrimizcə, iki və daha artıq dilli situasiyalar yalnız dil problemləri deyil. Bu, eyni zamanda, şəxsiyyətin milli kimlik məsələsinə də güclü təsir edir. Müxtəlif dlli şəraitdə yetişən şəxsiyyət əsas dil kimi seçdiyi dili ana dili hesab edir. Bəzən bu seçim heç də həmin şəxsin həqiqi doğma dilinin xeyrinə olmur. Tədqiqatlar göstərir ki, bir çox hallarda şəxs öz doğma dilini valideynlərinin ana dili kimi qəbul edir, özünü isə ana dili kimi qəbul etdiyi dilin daşıyıcısı kimi qəbul edir. Lokal bir regionda apardığımız tədqiqatlar göstərdi ki, bəzən üçüncü dil də həmin şəxs tərəfindən ikinci əsas dil kimi qəbul edilə bilər.

Türk xalqlarının yaxın qonşuluğunda və onlarla eyni bölgələrdə xeyli sayda başqa dil ailələrinə mənsub xalqlar yaşamaqdadır. Xüsusilə Qara Dəniz ətrafı və Qafqaz regionunda əsrlərdir türk xalqları başqa xalqlarla eyni ərazilərdə yaşayırlar. Bu regionda türk dili hər zaman xüsusi çəkiyə sahib olubdur. Hətta burda yaşayan başqa xalqlar ümumi ünsiyyət vasitəsi kimi türk dilini seçmişdilər.

Bu fikrimizi rus şairi Lermontovun sözləri də təsdiq edir: “Avropada fransız dili nə deməkdirsə, Qafqazda tatar (türk) dili həmin nüfüza malikdir”. Bu gün rus və ingilis dili kimi beynəlxalq dillər bölgədə yaxşı mənimsənilməsinə baxmayaraq, türk dili ümumi ünsiyyət vasitəsi kimi aktuallığını itirməmişdir. Lakin bu məsələ indiyədək rəsmən araşdırılmamış, regionda türk dilinin statusuna diqqət yetirilməmişdir.

Aparılacaq araşdırmalar qeyri-türk xalqlarının nümayəndələri tərəfindən türk dilində ünsiyyəti hansı intensivliklə qurduqlarını müəyyən edəcəkdir. Tədqiqatlar bütünlüklə Qafqaz və Qara dəniz bölgəsini əhatə edəcəkdir.

Məqsəd türk dilinin Qafqaz və Qara dəniz bölgəsində tam şəkildə linqva franka statusuna malik olduğunu isbat etmək və gələcəkdə beynəlxalq status alması üçün əsaslı dəlil kimi istifadə etməkdir.

Layihə gələcəkdə türk dilinin daha geniş bölgələrdə durumunu dəyərləndirmək üçün ilk pillədir. Orta Asiya və Volqaboyu ərazilərdə gələcəkdə sorğuların qurulması və aparılması üçün zəmin rolu oynaya bilər.

Musavat.com

 

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR