İnsanlara hürriyət, millətlərə istiqlal!

Atatürk ermənilərin xalqımıza qarşı apardığı soyqırımı belə sübut edib - ŞOK FAKTLAR

2734 09.08.2023 15:12 Yaxın tarix A A

“Erməni təbliğatının kütləvi informasiya vasitələrində önə çıxması XIX əsrin II yarısından, daha dəqiq desək, 1878-ci ildən başlanıb. Bu proses artıq Berlin konfransının gedişində özünü sistemli şəkildə göstərməyə başladı. Məhz bu konfransın gedişində Qərb diplomatiyası Osmanlı imperiyasına təsir üçün özünə yeni güclü silah formalaşdırdı. Bu, “erməni məsələsi” adlandırılan qurama problem idi”.

Bunu Musavat.com-a tarixçi alim Səbuhi Hüseynov deyib.

sebuhi.jpg (98 KB)

Ermənilərin təxminən 1 əsrdən çox davam edən anti-türk təbliğatı barədə danışan alim bildirib ki, qondarma erməni məsələsini ortaya çıxaran Rusiya, İngiltərə, Amerika və Fransa idi, buna görə də XIX əsrin sonlarında artıq sistemli şəkildə həmin ölkələrin aparıcı kütləvi informasiya vasitələrində ermənilərin adı çəkilən çox səs-küylü başlıqlar getməyə başlamışdı:

“Ermənilərdən bir alət kimi gələcəkdə istifadə edilməsi üçün öncə öz cəmiyyətləri hazırlanmalı idi. Bu səbəbdən istər İngiltərə, ABŞ, istərsə də Rusiya və Fransa kimi dövlətlər bu işi görəcək ayrıca təbliğat mexanizmlərini işə salmışdı. Məsələn, İngiltərə mətbuatı, xüsusən də “The Times” və “Daily News” qəzetləri ermənilərin xeyrinə yüzlərlə məqalə yazırdılar. “The Times” ilə yanaşı, “London Standard”, “Pall Mall Gazette”, “Morning Post” və “London Daily News” kimi qəzetlər ictimaiyyətə məlumat verən digər aparıcı nəşrlər idi. Bu qəzetlər öz cəmiyyətlərinə ermənilərin Anadoluda əsrlər boyu zülmə məruz qalmasını bildirir, qəzet başlıqlarına ermənilərə qarşı guya türklərin təhqir nümunələrini türk və ingilis dilində verirdilər. Bu nümunələr verilərkən Anadoluda zülm altında olanları erməni yox, xristianlar kimi təhqir edilmələrini başlıqlara çıxarırdılar. Yəni proses düşünülmüş və xüsusi beyin mərkəzlərinin işi idi. Türkdən xristianların düşməni obrazı yaradılırdı. Hətta Amerika Birləşmiş Ştatlarında “Congregationalist”, “New York Times”, “Tribune”, “Sun”, “Mail and Express”, “Evangelist World”, “Missionary Herald”, “Evening Star”, “Boston Journal” və “Christian Herald” kimi güclü mətbuat orqanlarında adsız məktublar dərc olunurdu. Bu məktublar guya Osmanlı zülmündən xilas olmaq istəyən ermənilər tərəfindən Anadoludan göndərilirdi. Bu dövlətlər öz ərazilərində erməni cəmiyyətlərinə maliyyə köməkliyi göstərir, onların qanunsuz fəaliyyətinə göz yumurdu. Bunun üçün hər bir dövlət öz cəmiyyətində erməni xalqına bir simpatiya formalaşdırırdı, çünki sonrakı proseslərdə baş verəcək dünya müharibəsində cəmiyyət olaraq həmin dövlətlərin imperialist siyasətinin dəstəklənməsi bundan asılı idi. Əsas məqsəd isə Türk imperiyasını parçalamaq və onun torpaqlarını, resurslarını ələ keçirmək idi. Bu prosesdə erməni xalqından hətta əsgər kimi istifadə ediləcəkdi. Onlar uzun əsrlər yaşadığı türk dövlətinə xəyanət etməli idilər.

Tarix göstərir ki, qərb dövlətləri bu təbliğat nəticəsində ermənilərdən istifadə etməyi də bacarmışdılar. Lakin sonra aldadılan tərəf yenə ermənilər olmuş və erməni xalqı öz liderlərinin ardınca gedərək böyük tarixi səhvə yol vermişdi. Osmanlı imperiyasında ermənilərin 1915-ci ildə törətdiyi xəyanət və qiyamlar, Velington evi adlanan (Wellington House) Birinci Dünya müharibəsi zamanı Böyük Britaniyanın Müharibə Təbliğat Bürosunda hazırlanmış “Xristian ermənilər zalım müsəlman türklər tərəfindən qətl edildilər” adlı başlıqla gedən xəbəri başda ABŞ-ın “The New York Times” qəzeti olmaqla, 555 qəzetə ingilis təbliğat materialları göndərilir. Əslində məqsəd ABŞ-ı I Dünya müharibəsində Osmanlı cəbhəsinə cəlb etmək və Rusiyanın cəbhəni tərk etməsindən sonra bu boşluğu doldurmaq idi. Bunun üçün ilk növbədə İngiltərə Atlantik okeanından keçən rabitə kabellərini yararsız hala salmış və ABŞ-ın Avropa ilə əlaqə qurmasını təmin edən rabitə şəbəkəsini Britaniya xəttinə birləşdirmişdi. Bundan əlavə, ABŞ-ın Osmanlı İmperiyası ilə əlaqəsinə bir növ İngilis senzurası qoyulmuşdu. Bu, göndərilən və daha sonra göndəriləcək antitürk təbliğat materialarının ABŞ-ı mətbuatı tərəfindən dəqiqləşdirilməsinə maneə törətmək üçün idi. Ümumiyyətlə, bu və bu kimi digər metodlarla aparılan antitürk təbliğatı öz çılpaqlığı ilə bu gün məlumdur”.

Səbuhi Hüseynov qeyd edib ki, tarixdən dərs çıxarmayan indiki Ermənistan da eyni prosesi davam etdirməkdədir:

“Yenə də erməni xalqı öz liderlərinin qurbanıdır. Yenə də imperialist dövlətlərin maşası rolunda olmaqda həvəslidir, lakin istənilən anti-Azərbaycan və anti-Türkiyə təbliğatı sonda iflasa uğrayacaq. Beləliklə, əslində erməni təbliğatı sistemli şəkildə 150 ilə yaxındır davam edir. Lakin bu prosesin aparıcı beyin mərkəzləri və ya təsisçiləri ermənilər deyil, onların ideoloqları deyil. Belə bir təbliğatı aparmağa ermənilərin nə resurları, nə də maliyyə imkanlarının olması mümkün idi. Məsələn, erməni təbliğatı ilə məşğul olan mərkəzlərdən biri İngiltərədə Arnold Toynbi kimi alimlərin metod və vasitələri ilə idarə edilirdi.

Sözsüz ki, təbliğat işində erməni kilsəsi, erməni cəmiyyəti və partiyalarından çox geniş şəkildə istifadə edilirdi. Bu gün də bu proses davam etməkdədir. Tarixə nəzər saldıqda görürük ki, erməni xalqı bir maşa kimi I Dünya müharibəsində istifadə edilib, sonra dəfələrlə elə həmin dövlətlər tərəfindən də aldadılıb. Fikrimcə, belə təbliğat maşınlarını dayandırmaq mümkün deyil, çünki proses planlanmış və böyük maliyyə resurslarının işə cəlb edilməsi ilə aparılır. Lakin tarix sübut edir ki, bu təbliğatların qarşısını alacaq yeganə qüvvə ölkənin güclü ordusu, siyasi iradəsi olan lideri və regionda söz sahibi olmasıdır. İstənilən təbliğata güc gələcək meyarlar bunlardır.

Tarix göstərir ki, bütün erməni təbliğatlarının sistemli işlənməsi fonunda Osmanlı torpağında “dənizdən dənizə erməni dövləti”nin yaradılmasına ən başlıca maneə türk dövlətinin ordusu və lideri oldu. Bütün qərb imperializmi eləcə Rusiya bu güc ilə barışmalı oldu və yenidən güclü Türkiyə formalaşdı.

Maraqlı hadisələrdən biri 1919-cu ildə baş vermişdi. Belə ki, dünya mətbuatında erməni təbliğatının tüğyan edən bir vaxtında Anadolu və Qafqaza gələn Harbord missiyası Mustafa Kamal Atatürklə görüşdü. Bu hadisə həmin dövrdə türklərə qarşı aparılan bütün təbliğatı məhv etmiş oldu. Birincisi, general Harbordun gəlişinə qədər Anadoluda erməni dövlətinin yaradılması aktual idi. Türklərin ermənilərə qarşı qətliam törətməsi dünya mətbuatında dayanmadan tirajlanırdı. Bu missiyanın isə gəlməsinin əsas məqsədi tanınacaq erməni dövlətinin də Amerika Birləşmiş Ştatlarının mandatında davam edəcəyi məsələsi idi. Lakin general Harbord Mustafa Kamal Atatürklə görüşü zamanı bir neçə nüansa diqqət yetirdi. Birincisi, general Harbord məğlub edilmiş Osmanlı ordusunun hələ də var olduğunu gördü. İkincisi, Mustafa Kamal onunla görüşündə türklərin ermənilərə qarşı yox, ermənilərin türklərə qarşı qətliam törətməsi faktını ortaya qoydu. Hətta Mustafa Kamal Atatürk indiki Ermənistan ərazisində Azərbaycan türklərinə qarşı həmin dövrdə aparılan qətliamların da olduğunu bildirərək, əlində erməni nizami ordusunun rəhbərlərinin bununla bağlı verdikləri əmrlərin sürətləri olduğunu bildirdi və onları Harborda təqdim etdi. Bu, əslində Azərbaycan xalqına qarşı aparılan soyqırımın sübutları idi. Harbord missiyası xüsusi hesabat hazırladı və geri dönərək ABŞ senatında müzakirə edildi. Mustafa Kamal Atatürkün dediyi bu məsələr olduğu kimi hesabatda yazıldı və bu hesabat bu gün ABŞ Dövlət Departamentinin saytında yayımlanır. Maraqlananlar bu linkdən baxa bilər.

Bu hadisədən sonra ABŞ türkün gücü qarşısında regiona girməkdən imtina etdi və regionun gələcəyini türklərin müəyyən edəcəyini söylədi. Beləliklə, istər Azərbaycan türkünə, istərsə də Türkiyə Cümhuriyyətinə qarşı aparılan istənilən anti-təbliğatı məhv edəcək yeganə güc - güclü ordu, güclü siyasi lider və güclü dövlətdir. Bu gün hər iki dövlət bu 3 gücə sahibdir”.

Nigar HƏSƏNLİ,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR