İnsanlara hürriyət, millətlərə istiqlal!

Astarı üzündən baha “pobeda” - Daha pis variant nasistlərin qələbəsi olardı

2638 09.05.2024 11:40 Yazarlar A A

Bu gün may ayının 9-dur, rəsmi ritorika ilə desək, faşizm üzərində qələbənin 79-cu ildönümüdür.

Öncə onu deyək ki, “Faşizm üzərində qələbə” ifadəsi sırf efvemizm hadisəsidir. Bu ifadə ilə tərəflər baş verən tarixi olayın mahiyyətini yumşaldıblar. Əslində söhbət Almaniyanın 20-ci əsrin birinci yarısında ikinci dəfə darmadağın edilməsindən, böyümək istərkən kiçildilməsindən, dünya ağası olmağı hədəflərkən böyük dövlətlərin qapazaltısı olmasından gedir.

Elə “alman faşizmi” ifadəsi də yanlışdır. Faşizm İtaliyada yaranıb, “fasio” sözündəndir və “bir partiyanın hökmranlığı”nı nəzərdə tutan termindir. Almaniyada hökmran partiya olan Nasional-Sosialist Fəhlə Partiyasının başlatdığı müharibədə ona qalib gələnlərdən biri və birincisi Sovet İttifaqı Kommunist (bolşeviklər) Partiyası olub. Kompartiya da SSRİ-də tək və hökmran partiya idi. Onda belə çıxır ki, sovet faşizmi alman faşizminə qalib gəlib.

Sovet-alman müharibəsindən öncə İtaliyanın diktatoru Benito Mussolini SSRİ-dəki hakim ideologiyaya aid belə bir ifadə işlədib: "Bolşevizm slavyan faşizminə çevrilib". Yəni 1941-45-ci illərdə döyüşən tərəflər ideoloji və idarəetmə baxımından bir-birindən çox da fərqlənməyib. İkisi də guya fəhlə-kəndli partiyası olub - həm də sosialist yönümlü.

Ona görə də söhbət alman faşizmindən yox, alman nasizmindən getməlidir. Türkiyədə, o cümlədən başqa böyük ölkələrdə hitlerçilərdən bəhs edərkən “nazilər”, “nasistlər” ifadəsi işlədilir. Hitlerin rəhbərlik etdiyi partiya irqi-milli ayrı-seçkilik siyasəti yeridən, dünyanı “ali xalqlar” və “geridə qalmış xalqlar” kateqoriyasına bölən, ikinciləri ən yaxşı halda “xidməti personal” (yəni, qul, kölə) olmağa layiq bilən partiya olubsa, Stalinin başçılıq etdiyi kompartiya da üzdə beynəlmiləlçilik (bütün xalqların bərabərliyi, qardaşlığı), batində isə slavyan şovinimzi xətti yeridən ideoloji xəttə malik olub.

Əslində II dünya müharibəsindən əvvəl ABŞ də, İngiltərə də bütün varlıqları ilə SSRİ-yə qarşı olub, onun süqut etməsini istəyiblər. O dövrdə SSRİ qanunsuz yaradılmış bir dövlət sayılıb, ideologiyasi, strategiyası Qərb dünyası üçün zərərli hesab edilib. Müasir dövrdə İŞİD-ə münasibət necəydisə, ötən əsrin 20-30-cu illərində SSRİ-yə münasibət elə olub. Bu ölkədə aparılan qırmızı terror bütün Avropanı dəhşətə gətirirmiş.

Ancaq Adolf Hitler 1933-cü ildə Almaniyada hakimiyyətə gələndən sonra elə bir aqressiv militarist siyasət yeritməyə başlayıb ki, ABŞ və İngiltərə öz nifrət obyektlərini dəyişməli, SSRİ ilə müttəfiq olmalı olublar. (Bildiyimiz kimi, Hitlerin məhv edilməsindən dərhal sonra bu müttəfiqliyə son qoyulub).

Bu baxımdan ABŞ və İngiltərə iki pis (nasist Almaniyası və bolşevik Rusiyası) arasında seçim edərkən ikincini özləri və bəşəriyyət üçün daha az zərərli hesab ediblər.

Əgər bu böyük dövlətlər Hitler Almaniyasına hər hansı dəstək versəydilər, hətta dəstək verməsəydilər, neytral qalsaydılar, Almaniya SSRİ-ni 1941-ci ildə olmasa da, 1942-ci ildə məğlub edərdi.

Ondan sonra Hitlerin qarşısında düz Yaponiyaya qədər on min kilometrlərlə boş meydan açılacaqdı. İran, Əfqanıstan, Türkiyə və Yaxın Şərq ölkələri Almaniyanın, eləcə də onun müttəfiqi İtaliyanın əlinə keçəcəkdi. Yaponiya zatən Koreya, Monqolustan, Çin və Sakit okeandakı arxipelaqları götürmüşdü.

Bəs bu qədər ölkəni itaətdə saxlamaq mümkün olacaqdımı? Əlbəttə, yox. Hitler öləndən və ya devriləndən sonra böyük Almaniya imperiyası dağılacaqdı. Ancaq ona qədər alman nasistləri neçə-neçə millətin də axırına çıxacaq, yəhudilər kimi genosidə məruz qoyacaqdılar.

Bir sözlə, Hitlerin planları həyata keçmədi, nəticədə Stalinin öncədən planlaşdırmadığı bir situasiya yarandı. Müharibənin 3 qalibindən biri olan (sonradan Fransa da özünü qaliblərin arasına pərçim edib) Moskva gözləmədiyi halda Almaniyanın yarısına və Şərqi Avropaya sahib oldu. SSRİ Almaniyanın şərqində özünə satellit dövlət qurdu – Almaniya Demokratik Respublikası adlandırdı. Daha sonra Çexiya və Slovakiyada Çexoslavakiya Sovet Sosialist Respublikası yaradıldı. Macarıstan, Rumıniya, Bolqarıstan, Polşa, Albaniya da sosialistləşdirildi. Bu ölkələrin hamısında kommunistlər hakimiyyətə gəldilər və Moskvaya baxıb düzləndilər. Fürsətdən istifadə edən Serbiya isə öz ətrafında başqa, balaca “SSRİ” yaratdı və Makedoniyanı, Bosniya və Herseqovinanı, Xorvatiyanı, Sloveniyanı, Çernoqoriyanı bir dövlətdə birləşdirdi. Ancaq bu dövlətin lideri, özünü Stalindən də güclü və xarizmatik siyasətçi sayan lideri İosip Broz Tito sonradan Moskvaya itaət göstərmək istəmədi. Albaniyanın lideri Ənvər Xoca da eyni yolu tutdu.

Bu arada SSRİ-nin nasizm üzərində qələbəsi Çin kommunistlərinin işinə yaradı, onlar generalissimus Çan Kay Şini “əzilmiş mayor”a döndərib Tayvan adasına qovdular, ölkədə hakimiyyəti götürdülər. Monqolustan da sovetləşdirildi, amma Koreyanın cənubu dirəşdi və SSRİ yarımadanın şimalında möhkəmlənəsi oldu.

Başqa sözlə, Avrasiya materikinin böyük hissəsi almanların yox, rusların əlinə keçdi. Ancaq rus idarəçiliyi bu xalqlara xoşbəxtlik gətirmədi. Hansı dövlətlər ki, vaxtında Moskvadan idarə edilməkdən canlarını qurtardılar, onlar daha çox inkişaf etdilər. Bu sırada Çinin və Yuqoslaviyanın adını çəmək olar.

Bir yarımadanın cənubunda və şimalında yaşayan koreyalıların yaşayışı, rifahı, iqtisadi tərəqqisi arasında yerlə-göy qədər fərq var.

1989-cu ildə iki Almaniya birləşəndə belə bir acı gerçəklik ortaya çıxdı ki, məğlub Almaniya (AFR) ilə “qalib gələn alman kommunistlər”in idarə etdiyi ADR-in arasında bütün sahələrin inkişafı üzrə dərin uçurum yaranıb.

Uzun sözün kəsəsi, II dünya müharibəsinin nəticəsində bir çox xalqlar böyük əziyyətlər, sıxıntılar, məhrumiyyətlər çəksə də, birmənalı olaraq demək olar ki, alman nasizminin qələbəsi bəşəriyyət üçün böyük fəlakət olardı.

Nasistlərin təkcə əsir düşərgələrində, döyüş meydanlarında, işğal zonalarında günahsız insanların başına gətirdiyi faciələr, törətdikləri vəhşiliklər barədə çəkilən filmləri izləyəndə, kitabları oxuyanda adamın ağlına yalnız bir fikir gəlir: “Nə yaxşı, o illərdə yaşamamışıq”.

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR