İnsanlara hürriyət, millətlərə istiqlal!

Aqrar sektorun dərdi: kredit, sığorta...

1842 28.06.2018 09:40 İqtisadiyyat A A

Rəşad Həsənov: ““Ən böyük problemlərdən biri də kənd təsərrüfatı istehsalının çox kiçik hissələrə bölünmüş torpaqlarda həyata keçirilməsidir”

Azərbaycanda kənd təsərrüfatının inkişafı ölkə iqtisadiyyatının əsas prioritetlərindən biri elan edilib. Uzun illərdir bu sahəyə dövlət dəstəyinin müxtəlif formaları tətbiq olunur, kənd təsərrüfatı istehsalçılarının dövlət hesabına texnika, toxum, ting, gübrə və pestisidlərlə təminatı həyata keçirilir. Lakin maraqlıdır ki, həyata keçirilən tədbirlərə rəğmən Azərbaycanda kənd təsərrüfatının yetərli inkişafından danışmaq hələ tezdir.

Aqrar sektorun hansı başlıca problemləri var ki, onun inkişafına mane olur?

Sualı cavablandıran iqtisadçı-ekspert Rəşad Həsənovun “Yeni Müsavat”a dediyinə görə, aqrar sektorda çoxsaylı və ciddi problemlər mövcuddur: “Ən böyük problemlərdən biri kənd təsərrüfatı istehsalının çox kiçik hissələrə bölünmüş torpaqlarda həyata keçirilməsidir. Torpaq islahatı nəticəsində torpaqlar kiçik hissələrə bölünərək pay torpağı şəklində əhaliyə paylanıb. İslahatdan sonrakı uzun illər boyu bu torpaqların çoxu istifadəsiz qaldı. Əmək qabiliyyətli əhalinin çoxu neft gəlirləri hesabına icra edilən infrastruktur layihələrində işləyərək dolanmağa başladı. İnsanlar torpaqdan uzaq düşdülər. İndi-indi əhali torpaqdan təyinatı üzrə istifadə etməyə başlayıb. Lakin bunun üçün əksəriyyətin əlində texnika, ilkin kapital, yüksək məhsuldarlıq əldə etməyə imkan verən bilik və bacarıqlar yoxdur”.

Rəşad Həsənov ile ilgili görsel sonucu

Ekspert bildirir ki, Azərbaycanın kənd təsərrüfatı istehsalçılarının 97 faizi ailə təsərrüfatlarıdır: “İri təsərrüfatların sayı çox azdır. Kiçik təsərrüfatların maliyyə resurslarına çıxış imkanları isə həddindən artıq aşağıdır. Onlar bankların təklif etdikləri girov, zaminlik və sair şərtləri ödəyə bilmirlər. Beynəlxalq təşkilatlar tərəfindən müəyyən layihələr icra edilirdi, banklar vasitəsilə aqrar istehsalçılar üçün kreditləşmə işləri aparılırdı. Lakin bu məbləğlər sektorda inkişafa nail olmaq üçün yetərli deyil. Son zamanlar bu sahədə müəyyən işlər görülüb: daşınar əmlakın girovluğuna dair qanunvericilik hazırlanıb, Kredit Zəmanət Fondu yaradılıb. Kooperativlərin yaradılması prosesinin sürətləndirilməsi üçün ”Kənd təsərrüfatı kooperasiyaları haqqında" qanun qəbul edilib və sair. Lakin bunların  hamısı kağız üzərindədir, icra istiqamətində işlər çox ləng gedir. Məsələn, kənd təsərrüfatı kooperasiyalarının yaranması işi demək olar ki, getmir. Bu da ondan irəli gəlir ki, qanunvericilik kooperativlərdə məsuliyyət bölgüsünün icra mexanizmlərini tam əhatə edə bilmir. Ona görə də insanlar öz təsərrüfatlarını birləşdirmək istəmirlər. Kredit Zəmanət Fondu yalnız məbləği 30 min manatdan yuxarı olan kreditlərə zəmanət verilməsini nəzərdə tutur. Bu isə xırda təsərrüfatların zəmanətli kreditlərə çıxışını əngəlləyir, yaxud da təsərrüfatlar məcburən izafi borclanmaya getməlidilər".

Kənd təsərrüfatı dünyada ən riskli fəaliyyət sahələrindən biridir, təbii iqlim şəraitindən çox asılıdır. Buna görə də dünyada bu sahənin sığortalanması bilavasitə dövlət yardımı, dövlət təşviqi ilə həyata keçirilir: “Azərbaycanda hələ ki dövlət bu sahədə istehsalçılara dəstək verməyib. Uzun illərdir kənd təsərrüfatında effektiv sığorta sisteminin yaradılması ilə bağlı müzakirələr gedir, hələ də ortada real nəticə yoxdur.

Dünya ölkələrinin əksəriyyətində arqar sektor yalnız məhsul istehsalı sahəsi olmayıb, həm də məşğulluğun təminatında mühüm yer tutur. Azərbaycanda hər yüz nəfər məşğul əhalinin 36 nəfəri kənd təsərrüfatındadır. Burada standartlar aşağı, risk dərəcəsi yüksək olanda, mənfəət norması aşağı olanda həyat səviyyəsi üzrə orta göstərici kəskin düşür aşağı. Təsəvvür edin ki, əhalinin 36 faizinin məşğul olduğu sektor ölkənin ən aşağı orta aylıq əmək haqqı olan sahəsidir - 220-230 manat. Təhsil və səhiyyədən sonra 3-cü yerdə gəlir. Mənfəət norması da aşağıdır, çünki intensiv təsərrüfatçılıq Azərbaycanda inkişaf edə bilmədi. Bu günə qədər də məhsul istehsalı daha çox ekstensiv yolla - əkin sahələrinin genişləndirilməsi ilə artırılır. İntensiv istehsal üsulları tətbiq olunmur, əhalinin bu sahədə məlumatlandırılması həyata keçirilmir, yaxud çox zəif keçirilir. Bu gün dədə-baba üsulu ilə deyil, elmi nailiyyətlərə əsaslanan texnologiyalar əsasında qurulmalıdır kənd təsərrüfatı istehsalı. Dünyada bu sahə elmi nailiyyətlərin ən  çox tətbiq edildiyi sahələrdən biridir. Xarici sahibkar gəlib Azərbaycanda yerli fermerlərdən 3-4 dəfə yüksək məhsuldarlıq əldə edir. Çünki yerli sahibkarların təcrübəsi çox aşaıdır, aqrotexniki qaydaları, dərmanlardan necə istifadə etməyi bilmirlər. Yeri gəlmişkən, qeyd edim ki, bu günədək ölkəyə Kənd Təsərrüfatı Nazirliyinin xəttilə gətirilən dərmanların keyfiyyətindən hamı narazılıq edir. Keyfiyyət çox aşağı olur. Hətta fermerlər deyirlər ki, o dərmanlardan istifadə etdikdən sonra əkinlərdə müxtəlif xəstəliklər yaranır. “Aqrolizinq” başdan-ayağa korrupsiyalaşmış bir qurum idi. Kənd təsərrüfatında daha bir problem bu sahəni tənzimləyən qurumların fəaliyyətinin qeyri-effektivliyidir".

Ekspert torpaqların şoranlaşmasını da aqrar sahənin əsas problemlərindən hesab edir: “Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə külli miqdarda vəsait ayrılır, amma ortada real iş yoxdur. Yerlərdə əhali bu qurumdan ciddi narazılıq edir. Kənd təsərrüfatı istehsalçılarının satış bazarlarına çıxışında, məhsul ixracında ciddi problemləri var. Aqrar sektorun inkişafını əngəlləyən bu kimi problemlər aradan qaldırılmayınca ciddi irəliləyiş əldə etmək mümkün olmayacaq”.

Dünya SAKİT,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR