İnsanlara hürriyət, millətlərə istiqlal!

Aparıcı efirdə hansı sualları verə bilməz? - rəylər

1451 27.02.2024 08:25 Media A A

Etik davranış problemi ciddiləşir; ekspert: “Nə qədər “ustad dərsi” keçirməyə çalışsaq da, onların beyni artıq o cür formalaşıb, ona görə də...”

Teleaparıcıların etik davranışı məsələsi yenidən gündəmə gəlib. Bu dəfə aparıcı meyxanaçıya verdiyi suallara görə sosial şəbəkələrdə tənqid olunub (Axşam.az). 

Bildirilir ki, meyxanaçı Rüfət Nasosnu “Rəngarəng səhər” verilişində qonaq olub. Meyxanaçı övladlığa uşaq götürmək istəmədiyini söyləyib: “Allah insana ya yaxşısını verir, ya da ondan yaxşısını. Verər nemətdir, verməz hikmətdir”.

Proqramın aparıcısı Zaur Nəbioğlu R.Nasosnudan “Fani həyatdır, istəməzsən sən və ya xanımın dünyanızı dəyişəndə tabutunuzun, məzarınızın başında bir övlad kimi göz yaşı axıtsın”, - deyə soruşub.

Rüfət sualı cavablandırmağa çalışıb: “Heç kimin ölüsü yerdə qalmır. Bu günə kimi eşitməmişəm ki, kiminsə meyiti yerdə qalıb”. Zaur onun sözlərini “Kimsəsiz məzarlıqlar var” fikrini səsləndirərək kəsib.

Meyxanaçı isə nitqinə belə davam edib: “Elə dövrdür ki, özündən sonra vəsait qoydun səni dəfn edəcəklər. İkincisi də istəyir Vaşinqtonda, Ağ Evin qabağında, istəyir Müşfiqabaddan çıxanda, çöllükdə basdırsınlar. Əsas o biri dünyada cavab verməkdir. 46 yaşım var. İnsan arzuları ilə bilinir. İnsanı danışdır, arzusu nədirsə, o da o boydadır. Mənim ən böyük arzum ata olmaq deyil. Ən böyük arzum yaxşı övlad olmaqdır. Öz atama yaxşı övlad olmağı bacarmadım, amma anama oldum. Onun problemi yoxdur. Nə bacarıramsa, edirəm”.

Daha sonra isə aparıcı Rüfətdən “Qorxursan ananı itirməkdən”, - deyə soruşub. Meyxanaçı sualı “Kim qorxmaz ki? Ancaq həyat belədir, gərək insan özünü hər şeyə hazırlasın. Bilmək olmur, kim-kimdən əvvəl ölər”, - şəklinə cavablayıb.

Aparıcının verilişin qonağına bu cür suallar ünvanlaması sosial media izləyiciləri tərəfindən müzakirə olunub və onu buna görə tənqid ediblər. İzləyicilər Zaurun suallarını qeyri-etik kimi qiymətləndiriblər.

Qeyd edək ki, daha əvvəl “7 tamam” proqramında aparıcı Nanə Ağamalıyeva Rüfətdən niyə övladının olmadığını soruşmuşdu.

Bəs teleaparıcı efirdə qonağa etik çərçivədən kənar hansı sualları verə bilməz? Bəlkə onlara arada mütəxəssisin iştirakı ilə etik davranış kursu keçmək lazımdır? Yaxud “ustad dərsi”.

Qulu Məhərrəmliyə vəzifə verildi - GlobalInfo.az

Qulu Məhərrəmli

Mövzu ilə bağlı teletənqidçi, professor Qulu Məhərrəmli “Yeni Müsavat”a danışıb. Ekspert təəssüflə qeyd edib ki, verilişlərdə bu cür hallara tez-tez rast gəlinir: “Xüsusən şou proqramlarına dəvət olunmuş qonağa sürpriz, etikadan kənar suallar  verilir ki, bu da, əlbəttə, müəyyən dərəcədə narazılıq yaradır.

Prinsipcə, sual vermək bir yaradıcılıq işidir. Sualın konkret məqsədi olur, sual o məqsədlə verilir ki, ona cavab alınsın. Yox, əgər sual verməyi də şouya çevirirlərsə, artıq başqa çalarlar özünü göstərməyə başlayır.

İlk növbədə verilişə dəvət olunmuş adamın şəxsiyyətinə, ailə həyatına, açıqlanması uyğun olmayan mövzularla bağlı sual verilməsi etik deyil. Sual var ki, hər hansı mövzuya münasibət bildirmək üçündür və yaxud şəxsin uğurları və yaxud uğursuzluqları ilə bağlıdır. Ümumiyyətlə, sual verəndə müəyyənləşdirmək lazımdır ki, məqsəd nədir, siz şəxsi sənətkar kimi təqdim edirsiz, ya onun portretini çizməyə çalışırsız, ya şəxsi həyatı ilə bağlı onu verilişə dəvət etmisiniz. Təbii ki, bütün bunlarla bağlı verilişə dəvət olunan adama bilgi verilməlidir, yəni adam əvvəlcədən məlumatlı olmalıdır ki, ona hansı mövzuda suallar veriləcək. Üstəlik, adam ictimai fiqur deyilsə, cəmiyyətdə ictimai yükü  yoxdursa, onun cavabdeh olmadığı, ona aid olmayan məsələlərlə bağlı sualların verilməsi etik sayılmır. 

Sözün birbaşa mənasında müəyyən əxlaqi, etik nöqtələr var ki, onunla bağlı suallar verərkən düşünmək və həssas olmaq lazımdır. 

İndi həmin aparıcılara nə qədər “ustad dərsi” keçirməyə çalışsaq da, düşünmək lazımdır ki, onların beyni konstruksiya olaraq artıq o cür formalaşıb. Yaxşısı odur ki, onlar əvvəl bu dərsləri keçib öyrənsinlər, sonra efirə çıxsınlar. Çünki bir adamın beyni, zehni, düşüncəsi “kötükləşəndən” sonra onu bərpa etmək çətin olur.

Çox təəssüf edirəm ki, bu tip suallar çox zaman sensasiya, qalmaqal qopartmaq xətrinə verilir və bu da hesab edirəm ki, sözün həqiqi mənasında nə aparıcıya, nə də həmin verilişə ciddi şöhrət qazandırmır".

Bakirəlik kimi mənasız anlayışlar artıq öz aktuallığını itirib” - Aydın Xan  Əbilov | KONKRET

 Aydın Xan Əbilov

Yazıçı-kulturoloq Aydın Xan Əbilov isə qeyd edib: “Verilişlərdə istər qonaq, ekspert, tamaşaçılar, istərsə də öz problemlərini efirə daşıyan, başqalarına yükləyən, heç nə etmədən varlanıb, bu problemini həll etmək istəyən, arvadı ilə aralarında olan gərginliyi yumşaltmaq istəyən şəxslər əgər rəva bilirlərsə, əlbəttə ki, onlara istənilən sualı vermək olar, təbii ki, müəyyən etik çərçivələri gözləmək şərti ilə. 

Məlum məsələdir ki, indi aparıcılar çalışır ki, reytinq qazansınlar, çünki indi Azərbaycanda hazırda 10-a yaxın müstəqil televiziya kanalları  var və etiraf edək ki, xeyli sayda maraqlı verilişlər hazırlanır, tamaşaçılar oturub onları maraqla izləyirlər, bu baxımdan artıq digər ölkələrin kanallarına o qədər də maraq göstərmirlər. Yəni artıq daha çox milli məhsula baxmağa çalışırlar. Bu zaman teleaparıcılar sosial mediada olan estetikanı televiziyalara daşıyırlar. Bu nə dərəcədə doğrudur, onu konkret olaraq demək çətindir, amma reytinq və daha çox tamaşaçı qazanmaq baxımından qəbulolunandır. Necə olur ki, tamaşaçı sosial şəbəkələrdə şit süjetlərə baxa bilir, amma televiziyada bunun mədəni formada təqdim edəndə, o saat hamı televiziyanın üzərinə düşür? Biz illərlə tamaşaçıları efirlərə qaytarmaq üçün müxtəlif  formatlar təklif etdik, amma tamaşaçı bunu qəbul etdimi? Əlbəttə ki, yox. Tamaşaçı qalmaqal, dava, ekspertlər arasında gərginlik istəyir və yaxud tele-aparıcılarla gələn qonaqlar arasında beyin düşüncəsi davası, hətta konflikt istəyir. Bu baxımdan televiziyada bəzən bizə qeyri-etik görünən, amma əslində normal olan suallar verilə bilər. 

Əlbəttə ki, yaxşı olardı ki, tele-aparıcılar şəxsi həyatla bağlı məsələlərə getməsinlər. Və yaxud efirdə hansısa müğənni ilə şit zarafat etmək, onu  qaldırıb öpmək və yaxud bu kimi qeyri-etik hərəkət etmək düzgün deyil. Bunu  etmək istəyən gedib öz evində və yaxud otellərdə etsin. Yəni, minlərlə tamaşaçının hansı ki, onların arasında uşaq, yaşlı, qoca var, bunu etmək olmaz. Dəyərlərimizi bu qədər adiləşdirmək yolverilməzdir".

Xalidə GƏRAY,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR