İnsanlara hürriyət, millətlərə istiqlal!

Antalya Diplomatiya Forumu Azərbaycan üçün mühüm platforma rolunda - təhlil

566 15.03.2022 11:10 KİVDF layihələri A A

Aydın Hüseynov: “Bu forum miqyasına görə beynəlxalq münasibətləri tənzimləyən platformaya çevrilib”

Martın 11-də Türkiyə prezidentinin himayədarlığı ilə Xarici İşlər Nazirliyi tərəfindən “Diplomatiyanın yenidən qurulması” mövzusunda təşkil olunan Antalya Diplomatiya Forumu martın 14-də başa çatıb. Türkiyə Prezident Administrasiyasının himayəsi ilə Xarici İşlər Nazirliyi tərəfindən təşkil olunan forumda 15-ə yaxın dövlət və hökumət başçısı, 50-dən yuxarı nazir iştirak edib.

Bundan başqa, tədbirdə NATO və ATƏT də daxil olmaqla, 44 regional və beynəlxalq təşkilatın rəhbərləri və təmsilçiləri də olmaqla, ümumilikdə 5 mindən yuxarı nümayəndə iştirak edib. Tədbirdə yeni diplomatik münasibətlərin formasının tapılması, həmçinin qlobal və regional məsələlər, eləcə də böhran və münaqişələrin həlli yolları müzakirə olunub.

İkinci dəfədir keçirilən Antalya Diplomatiya Forumunda Azərbaycan geniş nümayəndə heyəti ilə iştirak edib. Nümayəndə heyətinə Azərbaycan Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, Prezidentin köməkçisi Hikmət Hacıyev  və xarici işlər naziri Ceyhun Bayramov rəhbərlik edib. Azərbaycan təmsilçiləri forum çərçivəsində keçirilən tədbirlərdə və görüşlərdə ölkəmizə aid həqiqətləri iştirakçılarla bölüşüblər. Çoxlu sayda ikitərəfli görüşlər keçiriblər.

Milli Məclisin deputatı Aydın Hüseynov “Yeni Müsavat”a şərhində bildirdi ki, Azərbaycanın təmsilçiliyi çox yüksək səviyyədə olub və Antalya Diplomatiya Forumu Azərbaycanın beynəlxalq əlaqələrinin inkişafı, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi baxımından çox ciddi əhəmiyyət daşıyır: “Bilirsiniz ki, forum çərçivəsində ”Sülh və rifaha uzanan qlobal və regional yollar", “Enerji təhlükəsizliyindəki mürəkkəblik”, “Müdafiə sənayesinin gələcəyi”, “Cənubi Qafqaz üçün körpü”, “Terrorizmlə mübarizə: çatışmayan nədir” və digər mövzular müzakirə edilib. Bu mövzulara diqqət etdikdə görürük ki, onların hər biri Azərbaycanın xarici siyasətində və diplomatik fəaliyyətində daim yer alan mühüm istiqamətlərdir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbə sayəsində regionda yaranmış yeni geosiyasi münasibətlərin faydalılığının beynəlxalq ictimaiyyətə, eləcə də rəsmi dairələrə çatdırılması, ümumiyyətlə, Azərbaycan həqiqətlərinin təbliği baxımından Antalya Diplomatiya Forumu ölkəmiz üçün mühüm platforma rolunu oynamaqdadır. Azərbaycan bu platformadan məharətlə istifadə edir. Tədbir çərçivəsində Azərbaycanın rəsmi təmsilçiləri də daxil olmaqla, iştirakçılar arasında çoxsaylı ikitərəfli görüş keçirilib. Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun, Yeni Azərbaycan Partiyasının Aparat rəhbəri Tahir Budaqovun forum çərçivəsində keçirilən tədbirlərdəki görüşləri, çıxışları, müsahibə və açıqlamaları Türkiyə KİV-i tərəfindən geniş yayılıb və böyük maraqla şərh olunub. Antalya Diplomatiya Forumunun açılışında BMT Baş katibi Antonio Quterreşin iştirakçılara videomüraciətinin yayımlanması bu platformanın ciddiliyinin bir göstəricisidir. Çox sayda beynəlxalq media qurumları forumdan geniş materiallar hazırlayıblar".

aydin huseynov | Banker.az

Aydın Hüseynov 

A.Hüseynov onu da dedi ki, ikinci dəfə keçirilməsinə baxmayaraq, Antalya Diplomatiya Forumu beynəlxalq səviyyəli müzakirələr platformasına çevrilib. Forum Azərbaycan həqiqətlərinin çatdırılması, yeni münasibətlər yaratmaq, qlobal və regional əhəmiyyətli prinsipial məsələlər ətrafında müzakirələr aparmaq üçün ən əlverişli platformadır: “Azərbaycan nümayəndə heyəti bu imkandan Azərbaycan maraqlarının qorunması, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmlə əlaqələrimizin daha da güclənməsi üçün maksimum istifadə ediblər.

Forumda yeni diplomatik münasibətlərin formasının tapılması, həmçinin qlobal və regional məsələlər, eləcə də böhran və münaqişələrin həlli yolları müzakirə olunub. Antalya Diplomatiya Forumu ölkəmiz üçün mühüm platformadır, burada Azərbaycanın regional yeri və rolu, 44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbədən sonra bölgədə yaranmış yeni geosiyasi münasibətlərin faydalılığı və sülh və təhlükəsizlik təşəbbüsləri dünyaya təqdim olundu".

Deputat qeyd etdi ki, Antalya Diplomatiya Forumunun regionda hazırda gərginliklər yaşandığı bir dövrdə keçirilməsi mühüm hadisə kimi yadda qaldı. Eyni zamanda bu forum Azərbaycanın müttəfiqi olan qardaş Türkiyənin nüfuzunun göstəricisidir: “Dediyimiz kimi, Antalya Diplomatiya Forumu miqyasına görə beynəlxalq münasibətləri tənzimləyən platformaya çevrilib. Bu, Türkiyə-Azərbaycan birliyi üçün də çox əhəmiyyətlidir. Türkiyə və Azərbaycanın əlaqələri, müttəfiqliyi bu forumlarda da özünü göstərir. Artıq Azərbaycan-Türkiyə əlaqələri dünyaya təsir imkanına malik ölkələr kimi təqdim olunur. Antalya Diplomatiya Forumunda biz həm də bunu nümayiş etdirmək imkanları qazandıq. Antalya Diplomatiya Forumu Türkiyənin və Azərbaycanın regionda əhəmiyyətini daha da artıran platformalardan biridir”.

Hazırladı: Etibar SEYİDAĞA

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR