İnsanlara hürriyət, millətlərə istiqlal!

“Anasının israrından sonra məcbur olub şəhidin tabutunu açdılar...”

3829 21.10.2022 09:51 Müsahibə A A

Nurəddin Mehdixanlı:"Gecənin qaranlığındakı o hayqırtıları heç vaxt unutmayacağam"

Xalq artisti,  Prezident təqaüdçüsü, "Şöhrət" ordenli Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aparıcı aktyoru Nurəddin Mehdixanlı Musavat.com-un əməkdaşı ilə söhbətləşib. Xalq artisti müsahibəsində Vətən müharibəsi dövründə əsgər və zabitlərlə olan görüşlərindən, heç vaxt unuda bilməyəcəyi xatirələrdən söz açıb. Həmin müsahibəni təqdim edirik:

- Nurəddin bəy, Vətən müharibəsi başlayan gündən əsgər və zabitlərimizin görüşünə yollandınız, onları döyüşlərə ruhlandırdınız. Həmin günləri indi necə xatırlayırsınız? Hansı xatirələr sizin üçün heç vaxt unudulmayacaq?

- Nələri unutmaq olar ki... Xatırlayıram ki, ilk getdiyimiz günlər 10 km-lərlə yolboyu camaatımız əsgərlərimizi aparan  maşınları yola salırdı. O insan coşqusu, əsgərlərlə camaatın birliyi, bütün bunlar qeyri-adi idi və heç vaxt
unudulmayacaq anlardır...

Füzuli xəstəxanasında şəhid oğlunu aparan ananı gördüm. Təsəvvür edin, şəhidimizi kəfənləyib, tabuta qoymuşdular. Amma anası deyirdi ki "açın, mən oğlumu görmək istəyirəm". Onlar deyəndə ki, bu mümkün deyil, ana israr etdi. Məcbur olub, tabutu, kəfənin baş tərəfini açdılar. Ana əlini oğlunun sinəsinə qoyub dedi, "indi gördünüzmü necə oğul böyütmüşəm, amma siz onu mənə göstərmək istəmirdiniz". Ana oğlunun sinəsindən öpdü, tabutu bağladılar, nəşi aparacaq təcili yardım maşınına qədər ana tabutu özü daşıdı. Yadımda qalan mənzərələrdən biri də budur...

Bir dəfə Naftalan xəstəxanasına bir yaralı zabitimizi gətirmişdilər. Zabit ayaq və budundan yaralanmışdı. Yaralarını yudular, sarıdılar, zabit dedi ki, mən yenidən döyüşə gedirəm. Həkim dedi ki "sən bu vəziyyətdə, bu yara ilə gedə bilməzsən, ölə bilərsən". Zabit isə cavab verdi ki "mən burda ölərəm,  əsgərlərimin yanında isə ölmərəm" və hamını məcbur etdi ki, onu nəqliyyatla təmin etsinlər, döyüş bölgəsinə getsin.

Döyüşlərdən çıxan 19, 20, 30, 40 yaşlarında olan əsgər və zabitlərimiz ölümün gözünə dik baxıb, döyüşürdülər.

Zabitlərimiz "irəli!" əmrini vermirdi, "arxamca gəlin" deyirdi.  Yəni zabitlərimizin özü öndə gedirdi. Bu tamam fərqli müharibə, fərqli zabit-komandir xarakteri idi.  Onlar nəyin uğrunda vuruşduqlarını bilirdilər. Ona görə də canavar kimi öldürür, ölümdən də qorxmurdular. Sanki şəhid olmaq üçün can atırdılar...

- Siz Birinci Qarabağ müharibəsinin də içində olmuşdunuz. Bu müharibələr arasındakı fərqlilik və oxşarlığı nədə görürsünüz?

- Birinci Qarabağ müharibəsində də oğullarımız əsl igid kimi döyüşürdülər. Amma onlar əliyalın idi. O vaxt bugünkü kimi imkanlar, hərbi texnikalar, sursatlar yox idi. Amma döyüşən oğullar onda da qəhrəman idi, indi də qəhrəman idilər və əfsanə yaratdılar. Həmçinin dünya hərb tarixinə öz imzalarını yazdılar...

Heç vaxt unutmayacağım çox şeylər var. Əsgər və zabitlərlə görüşür, söhbətləşirdik. Daha sonra Azərbaycan bayrağı gətirilirdi, zabitlərimiz and içirdilər, daha sonra silahlarını götürüb, döyüşə gedirdilər. Bu bəzən gündüz, bəzən axşam, bəzən də gecənin bir yarısında olurdu. Təsəvvür edin, həmin an onların hayqırtıları gecənin qaranlığında necə əks-səda verirdi.

- Dünya gözləmirdi ki, Azərbaycan xalqı 44 gün ərzində bu cür qəhrəmanlıq göstərib, öz torpaqlarını xilas edə bilər. Bəs siz necə, gözləyirdinizmi?

- Şəxsən mən gözləyirdim. Çünki daim əsgər və zabitlərlə görüşürdük və anlayırdıq ki, böyük savaşa doğru gedirik. Azərbaycan ordusu, hərbi və siyasi rəhbərliyi artıq nə baş verəcəyini bilirdi və buna böyük hazırlıq gedirdi. O ölkələr ki, danışıqları uzatmaqla, guya bizim heç vaxt Qarabağı görməyən yeni nəslin yaddaşından o torpaqları silməyi düşünürdülər, amma tamamilə əks hadisə baş verdi. Qarabağı görməyən, orada doğulmayan gənclər ölümün üstünə uçdular və o torpaqları qəhrəmanlıqla xilas etdilər.

Özünü bəşəri dəyərlərin daşıyıcıları hesab edənlər unutdular ki, Azərbaycan xalqının, türklərin genetik yaddaş məsələsi var ki, zamanı, vaxtı gələndə özünü göstərir və budur, 44 günlük, sürətli bir müharibə oldu, nəticəsi də göz qabağındadır. Ona görə də bu millətin yeni nəsli ilə kiminsə zarafat etməsini məsləhət görmürəm.

- Biz döyüş meydanında qalib gəldik, amma indi növbə informasiya meydanıdır. Təbii ki, bu qələbəmizi, həqiqətlərimizi dünyaya daha dolğun çatdırmalıyıq, çünki düşmən bu məsələdə xeyli aktivdir. Bu mənada mədəniyyət, xüsusən də kinonun özünəməxsus rolu var. Hazırda Türkiyə ilə Azərbaycan Vətən müharibəsi mövzusunda müştərək serial çəkir. Hansı gözləntiləriniz var? Siz də bu seriala dəvət almısınızmı və yaxud istərdinizmi?

- Azərbaycanın bu günü, kinosu, teatrı, sənəti Azərbaycan əsgərinə, ordusuna borcludur. Bəli, müharibəyə qədər müəyyən mənada təbliğat işləri aparılmışdı, tədbirlər görülmüşdü. Həmçinin ölkədə gənclərin milli şüurunun formalaşması istiqamətində gözəl işlər aparılmışdı. Amma müharibədən sonrakı fəaliyyəti qənaətbəxş hesab etmirəm və düşünürəm ki, bu gün Azərbaycan kinosu, teatrı, sənəti, ədəbiyyatı zabit və əsgərlərimizə, ordumuza borcludur.

O ki qaldı Türkiyə ilə müştərək film və serialların çəkilməsinə, əlbəttə ki, türkiyəli qardaşlarımızla müəyyən məsləhətləşmələr aparmaq olar, amma bizim özümüzün kifayət qədər peşəkar, istedadlı rejissorlarımız, aktyorlarımız var. Biz meydanı onlara verməliyik. Qarabağ savaşında meydanı Azərbaycan gəncinə, əsgərinə etibar etdik və eləcə də hesab edirəm ki, sənətkarlarımıza da imkan yaradılmalı, texniki, maddi dəstək göstərilməlidir. Fikrimcə, bu işlər yüksək səviyyədə olarsa, ortalığa gözəl əsərlər çıxa bilər. Yeni pyeslər yazılmalı, filmlər çəkilməlidir. Bu, gənc və gələcək nəslimizin milli şüurunun formalaşması üçün çox vacibdir.

Bir daha qeyd edirəm, kimlərisə əlavə olaraq dəvət etmək, çəkmək olar və olub da.  Amma təcrübədən görmüşük ki, bu cür layihələr kifayət qədər uğur qazanmayıb. Ona görə də meydanı Azərbaycan sənətçisinə, rejissoruna, aktyoruna vermək lazımdır.

- Sonda bir sualı da vermək istərdim. Həmişə müsahibələrinizdə qeyd edirsiniz ki, atanız sizi bu sənəti seçdiyinizə görə ömrünün sonuna qədər danışdırmayıb. Sizcə, atanız indi sağ olsaydı, qazandığınız uğurları, bu cür patriot sənətkar olduğunuzu görsəydi, fikrini dəyişərdimi?

- Atam mənim kim olduğumu çox yaxşı bilirdi. Biz savaş adamlarıyıq. Belə ki, mən türkün avşar boyundanam. Hesab etmirəm ki, o peşə seçimimə qarşı fikrini dəyişərdi. Təbii ki, uğurlarıma görə mənimlə fəxr edərdi, amma peşə seçimimə görə fikrini dəyişməzdi. Çünki mən də atamı çox yaxşı tanıyırdım.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR