İnsanlara hürriyət, millətlərə istiqlal!

Akif İslamzadəni “bayraq” edib, Rasim Balayevin üzərinə hücuma keçənlər utansınlar

3811 14.08.2023 17:12 Mədəniyyət A A

Sabir Rüstəmxanlı: “Akif İslamzadə yaradıcılığının bu cür dəyərləndirilməsi çox yaxşı haldır”

Aqil Abbas: “Şəxsən Akif İslamzadəni heç vaxt kənarda görməmişəm, o, hər zaman qiymətləndirilib”

Fazil Mustafa: “Fikrimcə, Akif İslamzadə bu sahədəki daha yüksək ada da layiq görüləcək”

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev müğənni Akif İslamzadənin “Şöhrət” ordeni ilə təltif olunmasıyla bağlı sərəncam imzalayıb.

Xatırladaq ki, Akif İslamzadə və Xalq artisti Rasim Balayev eyni vaxtda, 8 avqust 1948-ci ildə dünyaya gəliblər.

Rasim Balayev 75 illik yubileyi münasibətilə “İstiqlal” ordeni ilə təltif olunduqdan sonra cəmiyyətdə tənqidlər səsləndi ki, bəs Akif İslamzadə kimi sənətkar niyə kənarda saxlanıldı?

Əksəriyyət bunu onunla əlaqələndirdi ki, guya Azərbaycan hökuməti müxalif keçmişinə görə Akif İslamzadəyə fərq qoyur, onu Rasim Balayevdən ayırır, ona qiymət vermir. Amma cəmi bir neçə gün çəkmədi, Akif İslamzadə də dövlət, Prezident tərəfindən qiymətləndirildi.

sabir.jpg (164 KB)

Mövzu ilə bağlı millət vəkili Sabir Rüstəmxanlı Musavat.com-a danışıb:

“Bir vaxt yazmışdım ki, mən ömrüm boyu müxalifətçi olmuşam, özüm-özümə də müxalifətçiyəm. Çünki dünyanın hər yerində sənət adamları öz taleyinə müxalifdir, o ki qaldı hökumətə. Akif İslamzadə uzun müddətdir ki, oxumur, amma gənclik illərində qısa müddət oxudu, bununla da özünə bu gün də solmayan, azalmayan şöhrət qazandı. Camaat onu çox sevir. Mahnıları da daim səslənir, repertuardadır. Onun yaradıcılığının bu cür dəyərləndirilməsi çox yaxşı haldır”.

aqil.jpg (72 KB)

Millət vəkili Aqil Abbas isə qeyd edib ki, Akif İslamzadə hər zaman xalqın, hökumətin diqqətində olub:

“Onun mahnıları daim televiziyalarda, radiolarda səslənir, eşidilir. Şəxsən Akif İslamzadəni heç vaxt kənarda görməmişəm, o, hər zaman qiymətləndirilib. Prezident də Akif İslamzadəni tanıyır, onun sənətini sevir, dəyərləndirir, indi də “Şöhrət” ordeni ilə təltif edib. Bu münasibətlə onu ürəkdən təbrik edir, uzun ömür arzulayıram.

Akif İslamzadənin Azərbaycan mədəniyyətində, musiqisində qeyri-adi yeri var. Onu heç kim əvəz edə bilməyəcək, necə ki, Rəşid Behbudovu, Müslüm Maqomayevi, Vaqif Mustafazadəni, Rafiq Babayevi əvəz edə bilmirlər. Bu cür sənətkarlar yüz ildən bir dünyaya gəlir”.

fazil.jpg (79 KB)

Millət vəkili Fazil Mustafa isə bunları qeyd edib:

“Bu qaragüruhçuluq Azərbaycan cəmiyyətində ciddi problem yaradır. İnsanlar hansısa hörmətli, cəmiyyətdə dəyəri olan insanlar üzərindən öz siyasi hirslərini, nifrətlərini ifadə etməyə çalışır və cəmiyyəti yanlış istiqamətə yönləndirirlər.

Rasim Balayev Azərbaycan kinosunda ən böyük nüfuzu olan, həmçinin Akif İslamzadə Azərbaycan musiqi sənətində özəl dəsti-xətti olan şəxsiyyətlərdən biridir. Əslində, mahiyyət etibarı ilə onların hansısa mükafata ehtiyacı yoxdur. Amma ölkə Prezidentinin bu insanları dəyərləndirməsi həm də cəmiyyətdə müəyyən pozulmuş barometrlərin, meyarların dəyişməsi deməkdir. Çünki ölkənin yükünü çiynində daşıyan Prezident xüsusən də indiki vaxtda, yəni Qarabağ işğaldan azad olunduqdan sonra müxtəlif problemləri həll etməyə çalışdığı, möhtəşəm işlər gördüyü zamanda bəzən cəmiyyət içi problemlərdən vaxtında xəbər tutmur. Çünki ya ona vaxtında məlumat verilmir, ya da doğru olmadan çatdırılır. Buna görə də bir sıra layiq olan insanlar dəyərini ala bilmir, bu da bəzən cəmiyyətdə müxtəlif fikirlərin formalaşmasına gətirib çıxarır.

Lakin bir reallıq var ki, Prezident ona çatan bütün məsələlərə dərhal həssaslıq göstərib, qiymətini verir və bu cür adları, mükafatları əsirgəmir.

Akif İslamzadənin də əslində bu gün nə ada, nə ordenə ehtiyacı var, amma burada söhbət dövlətin diqqətindən gedir. Prezidentin bu məsələlərdə atdığı addımı təqdirlə qarşılamaq, bütün hallarda sənətə, sənətkara verilən qiymət kimi dəyərləndirmək lazımdır.

Hətta hesab edirəm ki, Akif İslamzadəyə bu sahədə ən yüksək adın verilməsi də cəmiyyət tərəfindən yüksək qiymətləndiriləcək və düşünürəm ki, bu addım da atılacaq. Unudulmuş, haqqı çatan insanların qiymətləndirilməsi çox vacibdir, gecikdiriləndə bu qiymətlər yaxşı baxılmır.

Mədəniyyət naziri də bu mövzulara həssaslıqla yanaşan bir xarakterə sahibdir. Bir neçə tədbirdə özüm də şahidi oldum ki, hansısa məsələdə fərqli mövqeyi olan insanların fikirlərini, baxışlarını müzakirə etməyə açıq olan vəzifəli şəxsdir və bu, olduqca sevindiricidir. Çünki mədəniyyət sahəsində bu günə qədər olan nazirlərin heç birindən bu açıqlığı, şəffaflığı görməmişik. Ya bəlli səviyyə yetərli olmayıb, ya da ki, buna istək olmayıb. Amma indiki nazirin məsələyə baxışı tam fərqlidir və hansısa bir sənət adamının problemi ilə bağlı birbaşa əlaqə qurmaq olur. Çox nazir isə bundan qaçır. Fərqi yoxdur, gənc nazir olsa belə, qapısı bağlı, lifti ayrıdır, özünə bir malikanə qurub, qapalıdır, yaxına kimsə düşməsin.

Prezident tərəfindən Akif İslamzadə ilə bağlı atılan addımı bir daha yüksək qiymətləndirirəm. Yenə də fikrimi təkrarlayıram ki, elə sənətkarlar var onlar sənətə çox bağlıdır və onların ad, mükafat almaq baxımdan umacağı yoxdur. Amma bu yaşda, kövrək zamanda həm də dövlət tərəfindən qiymətini, dəyərini alması onlar üçün bir rahatlıq, təskinlikdir və bu təskinliyi bu sənət adamlarından əsirgəməmək lazımdır”.

Qeyd edək ki, Akif İslamzadə Musavat.com-a açıqlamasında “Şöhrət” ordeni ilə təltif olunmasını böyük sevinc və təəccüb hissilə qarşıladığını, bunun üçün Prezidentə, Azərbaycan xalqına dərin təşəkkürünü bildirib.

Xalidə Gəray
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR