İnsanlara hürriyət, millətlərə istiqlal!

“Ailədə kişi faktorunu gücləndirməliyik, çünki...” - ÖNƏMLİ AÇIQLAMALAR

1401 09.07.2022 09:30 KİVDF layihələri A A

 Sosioloq: “İndiki ailələr 30 il bundan əvvəlki deyil” 

Sağlam ailə mühitinin yaranması üçün ailədə hər iki valideyn, yəni ata və ana uşaqların həyatında aktiv iştirak etməlidir. Adətən Azərbaycan ailələrində uşaqlar daha çox ana ilə ünsiyyətdə olur. Bir çox hallarda ata “qazanc dalınca gedən” ailə başçısı rolu oynayır və uşaqların təlim-tərbiyəsindən kənarda qalır.

Mütəxəssislər isə qeyd edir ki, atanın ailədəki rolu uşaqların həm psixoloji, həm də fiziki sağlamlığı üçün çox önəmlidir. Belə ki, araşdırmalar da göstərir ki, atalar uşaqların böyüməsində aktiv iştirak etdiyi zaman uşaqların davranışlarında az problemlər müşahidə olunur, onların fərd olaraq sosiallaşması daha asanlaşır. Onu sevən və ona qayğı göstərən ata ilə böyüyən qız uşaqları böyüdükcə oğlanların onlara hörmətlə davranmalı olduğunu öyrənir və gələcək həyat yoldaşını seçərkən daha həssas olur. Oğlan uşaqlarına isə atalar dürüstlük, təvazökarlıq, məsuliyyət hissləri aşılayır.

Bəs hazırda Azərbaycan ailələrində ataların rolu kifayət qədərdirmi?

Psixoloq Azad İsazadə mövzu ilə bağlı “Yeni Müsavat”a danışıb: “İlk növbədə qeyd edim ki, valideynləri bölmək düzgün deyil, ailədə ata və ananın rolu təxminən eynidir. Sadəcə, əvvəllər atalar özlərini köhnə adət-ənənə ilə bir qədər ağır aparırdı. Məsələn, uşaqlarla daha az ünsiyyətdə olurdu, uşaqlar ondan çəkinirdi. Bununla belə, atalar həmişə öz davranışları ilə uşaqlara nümunə olurdu. Əgər ata axşam evə gec saatlarında, içkili gəlirsə, uşaqların anasını döyürsə, deməli, davranışı mənfi davranışdır. Yox əgər özünü ağır aparır, arada müəyyən pərdə saxlayır, öz davranışı ilə nümunə olur, bunlar müsbət göstəricidir. Bu, analara da aiddir.

Bu müharibənin bizə bir xeyiri oldu“ - Azad İsazadə - Azinforum.az  İnformasiya Portalı

“Qız xeylağının ilk sevdiyi kişi atası, oğlanların isə ilk sevdiyi qadın anası olur”

Ailədə əsas odur ki, ata və ananın bir-biri ilə ünsiyyətində hərəkətləri ilə sözləri arasında fərq olmasın. Məsələn, tutaq ki, hansısa hərəkətin doğru olmadığını deyirlər, amma ata hansısa anda o hərəkəti edir və deyir ki, o kişidir, ona olar. Bu zaman uşaqlarda stereotiplər yaranır ki, hansısa hərəkət anaya olmaz, amma ataya olar. Və yaxud ata və ya ana tövsiyə edirsə ki, yalan danışmaq olmaz, amma özü bunun əksini edir, bu da uşaqların tərbiyəsinə mənfi təsir edir.

Bəli, bu doğrudur ki, son illər atalar uşaqların inkişafında, sağlam böyüməsində, tərbiyəsində yaxından iştirak edirlər və bu çox müsbət haldır. Lakin yaxşı  xüsusiyyətlərlə yanaşı, mənfi xüsusiyyətlər də artmağa başlayıb. Unutmayaq ki, son vaxtlar ailə zorakılığında daha çox ataların adı çəkilir, istər uşaqların anasına, istərsə də uşaqlara qarşı. Bu məsələ ilə bağlı ciddi işlər görülməli, cəmiyyətə sağlam ailələr yetişməlidir. O ki qaldı atanın ailədəki rolunun uşaqların gələcək həyatlarına təsir etməsi, ümumiyyətlə, qız xeylağının ilk sevdiyi kişi atası, oğlanların isə ilk sevdiyi qadın anası olur. Sözsüz ki, anadan, atadan görülən qayğı gələcək ailə həyatına da təsir edir, uşaqlar gördükləri stereotipləri qəbul edirlər.

Bununla belə, göstərilən qayğı da ifrat həddə olmamalıdır. Bu zaman uşaq ərköyün böyüyür. Həmin uşaq gələcəkdə real həyatda qayğı görməyəcək, deməli, onu real həyata da hazırlamalıyıq. Yəni qayğının  dozası orta olmalıdır - nə az, nə də çox. Çox olanda da mənfi təsir göstərir".

Tanınmış sosioloq Əhməd Qəşəmoğlu: "YER ÜZÜNÜ İNDİKİ AĞIR DURUMDAN TÜRK  BİRLİYİ QURTARA BİLƏR"

Əhməd Qəşəmoğlu 

Sosioloq Əhməd Qəşəmoğlu isə qeyd edib ki, Azərbaycanda artıq ailə institutu yenidən formalaşmağa başlayıb: “Yəni indiki ailələr 30 il bundan əvvəlki deyil. Ona görə də düşünməliyik, elə bir maarifləndirmə işi aparaq ki, ailədə atanın rolu aktiv olsun. Qloballaşan dövrdə yaşadığımız üçün artıq aldığımız məlumatlar çoxalıb. Yəni indi hamımız məlumatlıyıq ki, xarici ölkələrdə ataların ailədə rolu, təsiri nə qədərdir və sairə. Əvvəllər isə məlumatımız heç də çox deyildi. Ona görə də biz çalışmalıyıq ki, ataların ailədə rolu çox vacib və lazımi səviyyədə olsun, xüsusən də oğlan uşaqlarının təlim-tərbiyəsində.

Bizdə belə bir problem var, bağçada, məktəbdə, universitetlərdə müəllimlərin böyük əksəriyyəti qadınlardır. Uşaq evdə daha çox anası ilə ünsiyyətdə olur, bağçaya, məktəbə gedir, orada da yenə qadın müəllimlərlə ünsiyyətdə olur. Yəni ona görə də ailədə atanın rolunun artmasına böyük ehtiyac var. Əgər ətrafda kişi faktoru zəifdirsə, gərək evdə kişi faktoru güclənsin. Ya oğlan, ya qız uşağı, fərqi yoxdur, uşaqlar atadan impuls alsınlar. Lakin təəssüflə qeyd edim ki, indiki valideynlərimizin bir çoxu heç valideyn, ata funksiyasının nədən ibarət olduğu barədə aydın təsəvvürə malik deyil. Ona görə də biz aydın şəkildə ailə institutu ilə işləmək, fəaliyyət proqramları hazırlamaylıq və arzuolunan səviyyədə ata rolunu  inkişaf etdirməliyik. Cəmiyyətimiz müxtəlif səbəblərdən çox həssaslaşıb, xeyli mürəkkəbləşib. Ona görə də incə metodlarla böyük işlər görməliyik".

Xalidə Gəray,
“Yeni Müsavat”

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR