İnsanlara hürriyət, millətlərə istiqlal!

Ailə münaqişəsinə görə terror törədən şaxtaçı – onun Brejnevlə söhbət etmək arzusu reallaşmayıb

1355 14.02.2024 14:47 Yaxın tarix A A

Onun iş yoldaşları və qonşuları arasında tez-tez işlətdiyi “mən baş katiblə söhbət edəcəyəm” ifadəsini heç kim ciddi qəbul etməyib. Belə ki, sıravi şaxtaçı olan İvan Bidyuku siyasət, ölkənin ictimai-siyasi həyatı heç vaxt maraqlandırmayıb. Bu ifdəsinə görə onunla tez-tez zarafat da ediblər:

“İvan, Brejnevlə nə vaxt görüşəcəksən? Bizim də salamlarımızı baş katibə çatdırarsan...”

Amma çox keçməmiş İvan Bidyuk öz dediyini təsdiqləmək, yerinə yetirmək üçün konkret addımlar atıb...

23 aprel 1973-cü ildə Bidyuk Leninqradın “Pulkovo” hava limanındann Leninqrad-Moskva reysini icra edən təyyarəyə bilet alıb. Uçuşun 9-cu dəqiqəsində 13 nömrəli oturacaqda əyləşən şaxtaçı stüardessanı çağıraraq özünü pis hiss etdiyini söyləyib və xahiş edib ki, onun yerini tamamilə boş olan birinci salona dəyişsinlər. Sərnişinin arzusunu həyata keçiriblər. Bidyukun xahişi bunula bitməyib. Üstündən heç 2 dəqiqə keçməmiş o, stüardessanı yenidən çağırıb, ancaq bu dəfə xahiş yox, cibindən çıxardığı zərfi ekipajın komandirinə çatdırmağı əmr edib. Stüardessa bu əmri də icra edib.

PULKO .png (494 KB)

Ekipaj komandiri yazılanları tələsik, amma diqqətlə oxuyub:

“Hörmətli pilotlar, sizdən xahiş olunur ki, təyyarənin istiqamətini İsveçə doğru yönəldəsiniz. Mənim xahişimi yerinə yetirməklə siz öz həyatınızı xilas etmiş olacaqsınız. Stokholm aeroportuna uğurlu enişdən sonra ola bilər ki, mən yenidən sizinlə birgə vətənə dönüm. Amma bu, yalnız SSRİ-nin birinci şəxsləri ilə şəxsi söhbətlərimdən sonra ola bilər. İndi isə əlimdə olan “əşya” haqqında sizə məlumat vermək istəyirəm. Bu, şaxtalarda istifadə olunan partlayıcı maddədir, çəkisi 2.1 kiloqramdır. Onun necə partlayış törədəcəyini siz məndən də yaxşı bilirsiniz. Buna görə də başqa fikrə düşməməyinizi sizə tövsiyə edirəm. Partlayıcı elə tənzimlənib ki, kiçik bir ehtiyatsız hərəkət partlayışa səbəb ola bilər. Odur ki, özünüzün və sərnişinlərin taleyini nəzərə alın. Mənim üçün ölüm o qədər də kədərli deyil, mən uzun illərdir ki, oğru və tamahkar vəhşi rəhbərlərin qanlı əllərini öz bədənimdə hiss edirəm. Bunu da nəzərə almağınız tövsiyə olunur...”

Qeyd edək ki, təyyarədə 51 sərnişin və 6 nəfər ekipaj üzvü olub.

Ekipaj komandiri dərhal Leninqrad aeroportu ilə əlaqə yaradıb və məsələni agah edib. Bundan sonra 3 dəqiqə ərzində Leninqrad vilayət dövlət təhlükəsizliyi orqanlarının rəhbərliyi SSRİ DTK-nın sədri Yuri Andropovla rabitə əlaqəsinə girib və hadisə haqqında məruzə ediblər. Telefonla bir neçə dəqiqəlik fikir mübadiləsindən sonra qərara gəlinib ki, təyyarə Leninqrad aeroportuna eniş etməlidir. Amma Bidyuka bildiriblər ki, onun “arzu”su həyata keçiriləcək.

Həmin dövrdə belə hadisələrlə bağlı konkret hüququ təlimat olmadığından ekipaj yaranmış vəziyyətə uyğun hərəkət edib. Ekipajın komandiri Vyaçeslav Yançenko da mövcud vəziyyətdə təmkinini itirməyib. Yenidən Leninqrada istiqamət alan kapitan qərara gəlib ki, təyyarənin şassilərini qanunauyğun olaraq aerodroma 25 kilometr qalmış yox, daha gec, 200-300 metr qalmış açsın. Çünki Tu-104B təyyarəsinin şassiləri açılanda salonda bu, hiss olunub. Təbii ki, Bidyuk da bunu hiss edəcəkdi və təyyarənin heç də Stokholma düşmədiyini anlayacaqdı.

TEYYA SON.jpeg (103 KB)

Bununla yanaşı, aydın günəşli havada Bidyuk təyyarə eniş edərkən Leninqrad üzərində olduğunu da biləcəkdi. Ekipajın komandiri bunu da nəzərə alıb. O, tabel silahını bort mexanik Vikenti Qryaznova verərək Bidyukla söhbət edərək onun başını qatmağa göndərib.

Qryaznovla Bidyuk bir neçə dəqiqə danışıblar. Təyyarə artıq aeroportdan 300-400 metr yüksəklikdə olanda Bidyuk hər şeyi anlayıb. Enişə 100 metr qalmış o, əlini partlayıcı qurğuya uzatmaq istəyəndə bort mexanik özünü onun üstünə atıb. Təyyarə tam eniş edəndə birinci salonda partlayış baş verib. Sərnişinləri xilas etmək mümkün olub. Bort mexanik öz bədəni ilə partlayışın ikinci salona keçərək yanğın törətməsinin qarşısını alıb. Hadisə zamanı iki nəfər həlak olub, İvan Bidyuk və təyyarənin bort mexaniki Vikenti Qryaznov.

Sonrakı araşdırmalardan məlum olub ki, təyyarəni İsveçə uçurtmaq istəyən Bidyuk həyat yoldaşını döyməyə görə bir neçə dəfə cinayət məsuliyyətinə cəlb edilib. Məhbəs həyatı yaşayan şaxtaçı SSRİ rəhbərliyinə narazılığını bildirmək üçün müxtəlif formalarda etirazlarını da bildirib. O, ailə münaqişələrinin əsas səbəbinin yaşam səviyyəsinin aşağı olması ilə izah edib və məhz bununla bağlı da baş katiblə söhbət etməyi qərara alıb.

Hadisədən 3-4 saat sonra Kremldə baş katibin kabinetində Leonid Brejnev və DTK sədri Yuri Andropov ekipaj üzvlərinin mükafatlandırılması ilə bağlı qərarlar qəbul ediblər.

PİLOTLAR SON.jpeg (69 KB)

Ekipajın komandiri Vyaçeslav Yançenko Sovet İttifaqı qəhrəmanı, bort mexanik Vikenti Qryaznov (ölümündən sonra) Sovet İttifaqı qəhrəmanı, ikinci pilot Vladimir Krivulin və şturman Nikolay Şirokov “Qırmızı bayraq” ordeni, stüardessalar Lidiya Yeremina və Marina Xoxreva isə “Qırmızı ulduz” ordenləri ilə təltif olunublar.

İlham Cəmiloğlu,
Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR