İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağacları yayda yandırır, qışda qırırlar - kimdir səbəbkar?

1048 18.08.2023 13:38 Media A A

Ekspertlər bu işdə mafiozları səbəbkar görür, əhali isə...

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) son açıqlamalarına görə, hər il 7 milyon insan atmosferin çirklənməsindən dünyasını dəyişir. Bu çirklənmə zamanı atmosferdə oksigenin azalması baş verir və nəticədə kimyəvi çevrilmələr qanunauyğun olaraq getmir.

Atmosferin 78%-ni azot, 21%-ni oksigen və 1%-ni isə digər qazlar təşkil edir. Çirklənmə zamanı bu nisbət dəyişilir və digər qazların payı artdığından oksigen azalması və nəticədə müxtəlix xəstəliklərin inkişafı üçün münbit şərait yaranır.

Dünyada meşələr niyə azalır?

Bütün bunların səbəbi isə son illər dünyada meşə sahələrinin sayının azalmasıdır. Dünya üzrə ümumi meşə sahəsi 4,06 milyard hektar və ya adambaşına təxminən 5000 m2 (və ya 50 x 100 m) təşkil edir, lakin meşələr bütün dünyada bərabər paylanmayıb. Bunun 809 milyon hektarı Rusiya Federasiyasının, 478 milyon hektarı Braziliyanın, 310 milyon hektarı Kanadanın və 303 milyon hektarı ABŞ-ın payına düşür. Son 200 ildə dünya üzrə meşə ərazilərinin sahəsi 2 dəfədən çox azalmışdır. Meşə ekosistemləri dünyanın biomüxtəlifliyinin kritik tərkib hissəsidir, çünki bir çox meşələr digər ekosistemlərdən daha çox biomüxtəlifdir.

Meşələr dünya ərazisinin 31 faizini əhatə edir. Meşə sahəsinin təxminən yarısı nisbətən bütöv, üçdə birindən çoxu isə əsas meşələrdir (yəni insan fəaliyyətinin görünən əlamətlərinin olmadığı və ekoloji proseslərin əhəmiyyətli dərəcədə pozulmadığı yerli növlərin təbii yolla bərpa olunan meşələr).

Dünya meşələrinin yarıdan çoxu yalnız beş ölkədə (Rusiya Federasiyası, Braziliya, Kanada, Amerika Birləşmiş Ştatları və Çin) və meşələrin üçdə ikisi (66 faiz) on ölkədə yerləşir.

Azərbaycan 30 ildə nə qədər yaşıllıq itirib?

Son 30 ildə ölkəmizin meşə təsərrüfatı daha bir ağır problemlə üzləşib. İşğalçı Ermənistan tərəfindən ölkəmizə qarşı edilən təcavüz nəticəsində meşələrimizə sağalmaz yara vurulub. Ermənistanın təcavüzü nəticəsində 251 min ha (və ya meşə ilə örtülü sahənin 25%-i) meşə sahəsi 30 il ərzində işğal altında qaldığından, 10,2 min ha meşə sahəsi təsərrüfat dövriyyəsindən çıxıb. İşğal altında qalmış meşələrimiz vəhşicəsinə qırılıb talan edilib. Bu ərazilərdə bitən qiymətli ağac cinslərinin kəsilib aparılması biomüxtəlifliyin pozulmasını kritik həddə çatdırıb.

Qeyd etmək lazımdır ki, son 30 il ərzində əhali və ağac emalı müəssisələri tərəfindən meşə ehtiyatlarına təzyiqin artması müşahidə olunur. Respublikanın mərkəzində sipər rolunu oynayan Kürqırağı Tuqay meşələrinin 75-80 %-i məhv olub; dağ və dağətəyi meşələr sistemsiz qırılıb sıradan çıxır. Təbii bərpa edilmə imkanları ciddi surətdə məhdudlaşır (qanunsuz olaraq mal-qara otarılması, normadan artıq antropogen təsir) və nəticədə Azərbaycanın əvəzedilməz yaşıl örtüyünün gələcəyi itirilmə təhlükəsi qarşısında qalır.

Hər saniyə Yer kürəsi 1.5 hektardan çox meşəni itirir

Yer kürəsinin ən qiymətli təbii sərvəti hesab olunan meşələr planetin quru səthinin üçdə birini tutur. Hazırda dünyada meşələrin ümumi sahəsi 38 milyon kvadrat kilometrə yaxındır. Bunun 13 faizi xüsusi mühafizə olunan təbiət ərazilərinə aiddir. Meşələr 60 mindən çox ağac növü ilə dünyanın quru biomüxtəlifliyinin təxminən 80 faizinə ev sahibliyi edir. İki mindən çox yerli etnik qrup və millətlər də daxil olmaqla planetin təqribən 1,6 milyard sakini qida, sığınacaq, enerji, dərman və gəlir üçün birbaşa meşələrdən asılıdır. Bununla belə, hər gün dünyanın meşə sahəsi durmadan azalır, hər saniyə Yer kürəsi 1,5 hektardan çox meşəni itirir. İlk növbədə bu, əhalinin artması və müxtəlif insan ehtiyacları üçün meşə sahələrinin transformasiyası ilə əlaqədardır. Bəzi ekspert hesablamalarına görə, son 10 min il ərzində insan 26 milyon kvadratkilometr meşə ərazisini məhv edib. Bununla yanaşı, meşələr yanğınlar, qanunsuz ağac kəsmələri, təbii fəlakətlər, həşərat zərərvericiləri, xəstəliklər və digər səbəblərdən məhv olur. Meşə sahəsinin azalması bütün təbiət və bütün bəşəriyyətin həyatı üçün qlobal əhəmiyyət kəsb edən düzəlməz mənfi proseslərə gətirib çıxarır.

Meşələri mafiozlar yandırır?

Amma ən ağrılı problem heç şübhəsiz ki, paytaxtımızda tikintilərin sayının sürətlə artması və bunun ağacların qırılaraq həyata keçirilməsidir. Ekspertlər bunu təbiətə qarşı görülən genosid prosesi hesab edirlər. Bundan başqa, təkliflər sırasında meşəbəyilərin əvəzinə “meşə polisi”nin yaradılması da səsləndirilir. Ancaq meşə polisləri bu işi qaydaya sala bilər kimi bir təsəvvür formalaşıb.

Ekoloqların araşdırmasına görə, Azərbaycanda meşə örtüyü 8,6 faizdir. Lakin ərazimizin 30 faizi meşə ilə örtülməlidir ki, yaşayan əhali oksigenlə, iqlimdə dəyişiklik olanda yağış, qarla təmin edilə bilsin.

Bakupost.az - Sumqayıtda yanğın oldu - 1 nəfər tüstüdən zəhərləndi

Bütün bunlarla paralel, yayda dünyanı narahat edən əsas məsələ heç şübhəsiz ki, meşə yanğınlarıdır. Meşə yanğınları hər il bütün dünyada baş verir. Meşədə rütubət olduğundan iqlim dəyişikliyi və ya isti hava meşə yanğınlarına səbəb olmur. Son zamanlar baş verən meşə yanğınlarının yaranma səbəbinin çoxu qəsdən törədilmiş meşə yanğınlarına aiddir. Meşələrdə 95 faiz rütubət olduğundan iqlim dəyişməsi meşədə yanğın törədə bilməz. Bu, qəsdən və ya etinasızlıq səbəbi ilə baş verir.

Diqqətsizlik və səhlənkarlıq ucbatından hər il hektarlarla meşə qısa müddətdə yox olur. Meşə yanğınları nəticəsində meşələrimiz kül olur. Xüsusilə havanın temperaturunun ən yüksək həddə çatdığı yay aylarında meşə yanğınları da artır. Həm təbii həyata, həm də ekosistemə mənfi təsir göstərən meşə yanğınlarının qarşısını bu tədbirlərlə ala bilərsiniz.

Ehtiyatsızlıq nəticəsində baş verən meşə yanğınları:

Heç bir təhlükəsizlik tədbiri görmədən meşədə od qalamaq;

Odu sönmədən qoyub getmək;

Sönməyən siqaret kötüklərini və kibritləri yerə atmaq;

Meşədə və ya ona bitişik sahələrdə arzuolunmaz otların və ya küləşlərin yandırılması;

Gecə işıqlandırması üçün odla meşədə gəzmək;

Qəsdən meşə yanğınları:

Tarlaları və ya otlaqları genişləndirmək üçün meşənin qəsdən yandırılması;

Meşədə qeyri-qanuni görülən işləri gizlətmək üçün yanğınların yaradılması;

Kimdənsə qisas almaq və ya nəyisə təxribat etmək üçün od yandırmaq;

Vəhşi heyvanları uzaqlaşdırmaq və qovmaq üçün yanğınlar başlatmaq.

Bir çox ekspertlər bildirir ki, Azərbaycanda meşələrimizi yandıran iqlim dəyişikliyi deyil, bir sıra mafioz qurumlardır. Onlar meşəni  qırıblar, indi də hər şeyi ört-basdır etmək üçün qəsdən yanğınlar törədirlər. Ekspertlərin sözlərinə görə, havanın temperaturu 70 dərəcəyə də çatsa, meşə durduğu yerdə yanmaz. Çünki meşənin ərazisində, ətrafında olan nəmişlik, külək, hava onun yanmasına imkan verməz.

Yazını hazırladı:  Sevinc TELMANQIZI

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR