İnsanlara hürriyət, millətlərə istiqlal!

Ağ Evin qorxduğu adam – o, Kennedini də “susdurmağı” bacarıb...

3530 22.01.2024 14:12 Yaxın tarix A A

 

O, ABŞ tarixində yeganə məmurlardan biri olub ki, 48 il eyni vəzifəni daşıyıb.  Con Edqar Huver 1924-cü ildən 1972-ci ilə qədər Amerikanın ən ciddi qurumlarından biri sayılan  Federal Təhqiqat Bürosuna (FTB) rəhbərlik edib və ona ABŞ-ın 7 prezidenti ilə işləmək müyəssər olub.

Əslində, prezidentlər bəzi məqamlarda Huverin fəaliyyətindən çox da razı qalmayıblar. Amma buna baxmayaraq birincilər FTB şefi ilə işləmək məcburiyyətində olublar.

Maraqlıdır, Huverin gücü nədən ibarət olub?

1895-ci ildə Vaşinqtonda anadan olan Huver ilk əmək fəaliyyətinə ABŞ Konqresinin kitabxanasında başlayıb. Sonra o, Corc Vaşinqton adına Universitetin hüquq fakültəsində ali təhsil alıb.

Ali təhsilini başa vurduqdan sonra Huver vəzifə karyerasında yüksək templə irəliləyib. O, əvvəlcə ABŞ-ın Ədliyyə Nazirliyində hərbi xidmətdən yayınanların aşkar edilməsi və qeydiyyata salınması şöbəsində inspektor, sonra həmin nazirlikdə  dövlət əleyhinə çıxanların qeydiyyat şöbəsində rəis vəzifələrində xidmət edib.

hoover_001.jpg (54 KB)

1919-cu ildə isə 24 yaşlı Huverə daha məsul vəzifə həvalə edilib. O, Ədliyyə Nazirliyinin ümumi kəşfiyyat şöbəsinə rəis vəzifəsinə təyinat alıb. Bu vəzifədə olarkən Huver hüquq və ədliyyə sistemində tanınmış simalardan birinə çevrilib. Artıq 1921-ci ildə onun yaratdığı kartotekada 153 min şübhəli şəxs qeydiyyata alınıb. Bu ərəfə həm də onun başçılığı ilə aparılan kütləvi səsli-küylü həbslərlə yadda qalıb.

Kifayət qədər çevik, işgüzar, bacarıqlı və həm də eyni zamanda müəmmalı olan Huver 1921-ci ilin sonunda ABŞ Federal İstintaq Bürosunun direktor müavini vəzifəsini tutub. 1924 -cü ildə isə prezident Kalvin Kulidc onu büroya direktor vəzifəsinə təyin edib.

Huver direktor vəzifəsinə təyin olunan gündən qurumda islahatlara başlayıb. 650 əməkdaşın, 440 agentin çalışdığı İstintaq Bürosunda ixtisarlar aparılıb, büroya işə qəbul sərt şərtlər altında keçirilib. Huver xidmətin təkmilləşməsi üçün xüsusi laboratoriyalara, texniki avadanlıqlara daha çox üstünlük verib və bu sahədə büroda nəzərəçarpacaq dərəcədə yeniliklər aparılıb. Məhz Huverin direktor təyinatından sonra ilk dəfə olaraq büroda “barmaq izləri” arxivi yaradılıb. Çox qısa müddətdə Huverin gərgin əməyi sayəsində büro Amerikada ən nüfuzlu qurumlardan birinə çevrilib.

J._Edgar_Hoover_cph.3b10753.jpg (38 KB)

1935-ci ildə İstintaq Bürosunun Təhqiqat Bürosuna çevrilməsi ilə bağlı Huver geniş təkliflər paketi hazırlayıb və Konqres onun yeni təklifini dəstəkləyib. Beləliklə, 1935-ci ildə İstintaq Bürosunun bazasında Federal Təhqiqat Bürosu yaradılıb. Bu qurumun səlahiyyətləri əvvəlkindən qat-qat çox olub.

Huverin izi Amerikanın bütün sahələrində görünüb, Ağ Evdən tutmuş Amerikanın ən ucuz fahişəxanalarına qədər, harada nəyin baş verdiyini hamıdan əvvəl Huver bilib. Dövrün ən müasir texnologiyaları Huveri basılmaz edib. Onun haqqında tez-tez belə bir ifadə də işlədilib: “Hətta Ağ Ev də Huverdən qorxur”. Amerikalılar Huveri “şantaj kralı” da adlandırıblar.

Direktorun arxivində minlərlə seks dosyesi saxlanılıb. Amerikanın ən yüksək ranqlı məmurları, hətta prezidentlər belə Huverlə baş-başa gəlməkdən çəkiniblər. Onlar yaxşı anlayıblar ki, Hüverlə konfliktə girməyin sonu, özlərinin, yaxud da yaxın adamlarının “qaranlıq” işləri ilə bağlı informasiyalarının  dövriyyəyə buraxılması ilə nəticələnəcək. Düzdür, zaman-zaman prezidentlər tərəfindən Huverin bu fəaliyyəti tənqid olunub. Amma bu tənqidlərə baxmayaraq onu vəzifəsindən azad etmək mümkün olmayıb.

ABŞ-ın 33-cü prezidenti Harri Trumen Huverin fəaliyyətini hələ prezident olduğu dövrdə aşağıdakı kimi xarakterizə edib:

“Con Edqar Huver FTB-ni şəxsi polis idarəsi kimi işlədir. Bu, daha çox gestapo və gizli polis fəaliyyətini xatırladır. Amerika üçün bu cür fəaliyyət lazım deyil. Təəssüf edirəm ki, Huverdə gestapo meylliliyi günü-gündən artır. Hətta FTB insanların intim həyatına da qarışır, lazım gələndə bundan şantaj kimi istifadə edir...”

Digər prezidentlər də Huver haqqında buna bənzər fikirlər bildiriblər. Amma onlar Huveri vəzifəsindən uzaqlaşdıra bilməyiblər. Huver məxfi arxivində saxladığı dosyelərlə 48 il öz vəzifəsini qoruya bilib. O, özünü sığortalamaq, vəzifəsini qorumaq üçün hətta Kennedi kimi prezidenti də seks dosyeləri ilə “susdurmağı” bacarıb.

hoover_100.jpg (67 KB)

48 il ərzində Huver FTB-ni  öz istədiyi kimi idarə edib. Amma bu da danılmaz faktdır ki, Huverin rəhbərliyi ilə ABŞ-da bir çox böyük cinayətlərin üstü açılıb. Xüsusilə, İkinci Dünya müharibəsi ərəfəsində Huverin ayıqlığı və çevikliyi sayəsində ABŞ-da bir neçə alman diversiya qrupları ifşa edilib.

Huver ömrünün sonuna, 1972-ci ilə qədər öz vəzifəsini heç kimə təhvil verməyib. O, 77 yaşında ürək çatışmazlığından vəfat edib. FTB tarixinə onun rəhbərlik  etdiyi illər “Huver dövrü” kimi düşüb.

İlham Cəmiloğlu, Musavat.com

Bizim partnyorlarımız

XƏBƏR LENTİ

BÜTÜN XƏBƏRLƏR